Cəmiyyət

Səhiyyə sisteminin `ZEYTUN` SEVDASI… – İcazə verin, şübhələnək…

Azərbaycanın dərman və tibbi ləvazimatlar bazarının əsas oyunçularından olan “Zeytun Pharmaceuticals” MMC həmişəki kimi, Səhiyyə Nazirliyinin favoritləri sırasında ilk yerlərdədir. Və nazir Oqtay Şirəliyevin yola salınması bu reallığa qətiyyən təsir etməyib…

Zirveyolu.info “AzPolitika.info”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi “Dərman və tibbi təyinatlı vasitələrin satınalınması” üzrə tenderi yekunlaşdırdığını elan edib. Məlum olub ki, tenderi “Zeytun Pharmaceuticals” MMC qazanıb. Budəfəki tenderin məbləği 10 milyon 380 min 176 manatdır.

Qeyd edək ki, bu cür iri məbləğli tenderləri qazanmaq 2014-cü ildə fəaliyyətə başlayan və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan “Zeytun Pharmaceuticals” şirkəti üçün artıq çoxdan adi hala çevrilib. Nə işdirsə, dövlət qurumlarının böyük əksəriyyəti dava-dərmanı və tibbi ləvazimatları məhz bu şirkətdən almağa üstünlük verirlər. Məsələn, təkcə bu ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib. Şirkət həmçinin, Fövqəladə Hallar Nazirliyindən Daxili İşlər Nazirliyinə qədər əksər qurumların “daimi müştərisi” sayıla bilər. Azərbaycanda tenderlərin keçirilməsi “qaydaları”, dərman bazarının vəziyyəti, satışa çıxarılan məhsulların keyfiyyəti, eləcə də bazardakı inhisarçılıq səviyyəsi barədə çox tənqidlər və şikayətlər olub. Ancaq dəyişən bir şey yoxdur.

Onu da xatırladaq ki, həmin bu “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, “Zeytun Pharmaceuticals” MMC-nin də adı keçirdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir