Yevlax rayon sakini, 44 günlük vətən savaşının iştirakçısı Ağaməmmədov Yusif Əli oğlu sağlamlıq durumundan əziyyət çəkir. Onun əməliyyata ehtiyacı var.
Zirveyolu.info-ın məlumatına görə, bu barədə Demokratik TV-yə qazinin özü və ailə üzvləri məlumat veriblər.
06 iyul 1998-ci il təvəllüdlü qazimizin bildirdiyinə görə, 2018-ci ildə Yevlax Hərbi Komissarlığ tərəfindən həqiqi hərbi xidmətə yollanıb. Daha sonra Füzulidə yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib.
Yusif 2020-ci ilin sentyabrından etibarən torpaqlarımızın azadlığı uğrunda Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətdə aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 9-da Xocavənd ətrafında döyüşdə erməni snayperinin hədəfinə tuş gəlib. Nəticədə, ağır yaralanıb. Aldığı güllə yarasından onurğa sütutunda bir neçə sümük sıradan çıxıb.
Qazi yaralandıqdan sonra Əhmədbəyli hərbi hospitalında, Yevlax və Gəncədəki bir neçə özəl klinikalarda, eləcə də Bakıda Mərkəzi Hərbi Hospitalda və “Yeni Həyat” klinikasında cərrahi əməliyyatlara cəlb olunub. Ötən ilin noyabrın 24-də Buzovnada açılışı olan Reabilitasiya Mərkəzində müalicələrə cəlb edilib.
Qazi 2021-ci ilin mart ayından cari ilin oktyabrınadək YAŞAT fondunun maliyyə dəstəyilə Türkiyənin Bursa şəhərində və İstanbulun mərkəzi cərrahiyyə xəstəxanasında stasionar müalicələr alıb. Türkiyədə olduğu müddətdə dəfələrlə əməliyyatlar olunub. Lakin, bildirdiyinə görə, müalicə və əməliyyatlar onu ayağa qaldırmayıb.
Qazi anasının himayəsində yaşayır, başqasının köməyi olmadan sərbəst hərəkət edə bilmir. O, tezliklə sağalıb ayağa qalxmağı, əvvəlki kimi gəzib-qaçmağı, sağalıb ayağa durmağı arzu edir.
Qazinin anası da övladının ayağa qalxmasını, gələcəkdə ailə qurmasını istəyir.
Ananın dediyinə görə, oğlu qazi olsa da, nə yerli icra hakimiyyəti, nə də hansısa dövlət məmuru onları ziyarət etmir, onlara heç bir diqqət və qayğı göstərilmir. Əksinə, Yevlax icra hakimiyyətinə qəbula gedərkən onları gənc icra başçısı Anar Tağıyev və əsabələri qəbuldan qovurlar.
Ailə başçısının bildirdiyinə görə, övladının müalicəsi üçün İsrail dövlətində müəyyən ümidlər var. Lakin, maddi durumları xərcləri qqarşılamaq iqtidarında deyil. İş adamlarına da maddi kömək üçün müraciət ediblər. Lakin, qapılardan qovulublar.
Qazi anası övladının sağalması və İsraildə əməliyyat edilməsi üçün ölkə başçısının köməyinə ehtiyac duyur. Ailə üzvlərinin dediklərindən belə anlaşılır ki, onlar yenidən YAŞAT fonduna da müraciət ediblər, fond İsraildə əməliyyat üçün yeni araşdırmalara ehtiyac olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, sözügedən qazinin Türkiyədə və Azərbaycandakı müalicələrinə təkcə YAŞAT fondu tərəfindən 180 min manat maddi vəsait xərclənib.
İnanırıq ki, qazinin sağalıb ayağa durması üçün aidiyyatı qurumlar və maddi imkanı olan şəxslər öz yardımlarını əsirgəməyəcəklər.
Qazi ilə əlaqə yaratmaq istəyənlər üçün əlaqə telefonu: (+994)51-444-13-15 (Qazinin anası)
Redaksiya müraciətdə yer alan fikirlərlə bağlı adıçəkilən hər kəsin söz haqqını tanıyırıq…