Dünya

Kreml Perkesə niyə yaşıl işıq yandırdı? – Rusiyanın siyasi gedişinin PƏRDƏARXASI

Fransanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Valeri Perkesin Xankəndinə qanunsuz səfəri, son günlər siyasi müstəvidə ən geniş müzakirə olunan məsələlərdən biridir.

Belə ki, Perkesin səfərinin erməni lobbisinin rəğbətini qazanmağa hesablandığı böyük ölçüdə sezilsə də, Xankəndi ziyarətindəki digər nüansları da diqqətdən kənar qoymaq doğru olmazdı.

Xüsusilə də, səfər edilən ərazinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında yerləşməsi bəzi oxların Kremlə tuşlanmasına səbəb olub.

Əsas sual doğuran məqam isə, fransalı siyasətçinin sülhməramlıların keşik çəkdiyi Laçın dəhlizindən keçməklə, yenə də həmin sülhməramlıların nəzarət etdiyi Xankəndinə gəlməsinə necə izin verildiyidir.

Məsələ ilə bağlı, üzərində ən çox durulan ehtimal Perkesin səfərinin Kremlin maraqlarına bu və ya digər formada cavab verməsidir.

Moskvanın Fransa kartı

Ümumilikdə, məsələyə Rusiya-Fransa münasibətləri aspektindən yanaşdıqda, müəyyən qədər təzadlı durumun olduğunu görmək mümkündür. Ələxsus da, son dönəmlər Ukrayna məsələsi üzərindən beynəlxalq arenada sezilən qütbləşmə fonunda Moskvanın Parislə əlaqələri digər Qərb ölkələri ilə müqayisədə nisbətən fərqlilik göstərməkdədir.

Belə ki, sırf Ukryanadakı konflikt ocaqları ilə bağlı Fransa və Almaniyanın mövqeyi əksər hallarda Ağ Ev qədər radikal olmayıb. Lakin Almaniyadakı hakimiyyət dəyişikliyindən sonra, rəsmi Berlinin Kremlə münasibətində də mənfi yöndə dəyişikliklər nəzərə çarpır (diplomat böhranı). Bu səbəblərdən dolayı, indiki situasiyada Moskva Fransa siyasətinə müəyyən qədər fərqli rakursdan yanaşır.

İkinci önəmli nüans isə, sırf Perkesin özü ilə bağlıdır. Əksər Avropa mənbələrinin məlumatına görə, Moskvanın Fransada hakimiyyətdə görmək istədiyi namizəd radikal sağçı Le Pen olsa da, onun seçilmək şansları azdır.

Bu səbəbdən də, Kreml reytinqi aşağı olan Makronun yerinə hakimiyyətə gələ biləcək ən real namizəd olan Perkesə dəstək verməkdə maraqlıdır.

Moskvanın Perkesin gəlişində maraqlı olduğunu göstərən digər məqam, daha əvvəl Qarabağa səfər etmək istəyən və erməni lobbisinin təsiri altında olduğunu açıq şəkildə hiss etdirən Erik Zemmurun gəlişinin mümkün olmaması ilə bağlıdır. Əgər Rusiya buna xeyir-dua versə idi, erməniləri açıq dəstəkləyən Zemmur niyə də Xankəndinə səfər etmək istəməməli idi?

Lakin Kremlin bu cür mövqe ortaya qoymasının Azərbaycan üçün müsbət tərəfləri də yox deyil.

İlk növbədə, erməni lobbisinin aktiv xeyir-duasını qazanmağı bacaran Perkesin Fransada hakimiyyətə gəlməsi, rəsmi Parisin gələcək perspektivdə Cənubi Qafqazda maraqlarını daha çox büruzə verməsinə səbəb ola bilər.

Belə olan halda isə, Fransa bölgədəki proseslərə indikindən də aktiv formada müdaxilə etmək niyyəti güdə bilər. Təbii ki, Moskva da bunun baş verə biləcəyi variantını anlayır.

Bu səbəbdən də, regionda həllini gözləyən proseslərin tez bir zamanda nəticə qazanması üçün Rusiya tərəfi bütün ağırlığını ortaya qaymağa çalışacaq ki, Cənubi Qafqaza digər oyunçuların müdaxiləsi mümkünsüz olsun.

Belə olan halda isə, Moskvanın yaxın perspektivdə Azərbaycan-Ermənistan münasibətlərində daha aktiv iştirakını müşahidə edə bilərik. Bu rəsmi Bakının da maraqlarına cavab verir. Çünki indiki situasiyada Bakı və Moskvanın regional maraqları tam şəkildə üst-üstə düşür.

Murad Əhmədov, Bizim.Media

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir