Prezident şəhid ailələri üçün nəzərdə tutulmuş mənzillərlə tanış oldu – YENİLƏNİB (FOTOLAR)
Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub.
Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı ixtisar var. Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görülən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq büruzə verir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən faydalanıb.
Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq. Onlardan 48-i Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.
Dövlət başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəldi. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlətimizin başçısı mənzillərə baxdı.
Mənzillər tam təmirlidir, mətbəx mebeli ilə təchiz olunub. Azərbaycan belə dövlət proqramının icra edildiyi nadir ölkələrdəndir.
Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində təqdim olunan növbəti mənzillər bunun əyani təsdiqidir.
xxx
16:25
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.