İqtisadiyyat

Əvvəl pulu yığırlar, sonra hara xərcləyəcəklərini deyəcəklər – NƏ BAŞ VERİR?

Azərbaycanda bu ildən icbari tibbi sığorta üçün əmək haqqından tutulmalar artacaq. 2022-ci ildən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manatadək olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 1 faiz təşkil edirdi.
Bəs görəsən, icbari tibbi sığortaya görə əmək haqqından tutulan məbləğin iki dəfə artması icbari tibbi sığortanın tətbiqində nəyi dəyişəcək?
Tibbi xidmət sayı artırılmalıdır

Zirveyolu.info-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortaya görə əmək haqqından tutulmaların iki dəfə artması xidmətlər zərfinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Çünki bununla icbari tibbi sığorta üçün əhəmiyyətli məbləğ toplanacaq. Həmçinin yeni bağlanan əmək müqavilələri üzrə də icbari tibbi sığortaya görə yığımlar artıracaq:

“Bu elə də kiçik rəqəm deyil. Maaşdan icbari tibbi sığortaya görə tutulmalar iki dəfə artır. Bu isə o deməkdir ki, xidmət sayı iki dəfə olmasa da, buna yaxın həddə artırılmalıdır. Bu gün maaşdan 1 faiz tutulmalarla 2550 sayda müxtəlif tibbi xidmət göstərilirsə, gələn ildən xidmət sayı əhəmiyyətli dərəcədə artmalıdır. Çünki dövlət səhiyyə xərclərindən özünü kənara çəkərək sağlamlıqla bağlı xərclərin qarşılanmasını vətəndaşların öz üzərinə qoyur”.
Ekspertin sözlərinə görə, əvvəl aldığı 450 manat əmək haqqından ildə 54 manat ödəyən vətəndaş gələn ildən bu qədər əmək haqqından 108 manat ödəyəcək. Bu zaman vətəndaşın haqqı var ki, ehtiyacı olan tibbi xidmətləri icbari tibbi sığortadan alsın. Buna görə də xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı artırılmalıdır:
“Əks halda hər ay maaşından 2 faiz icbari tibbi sığorta haqqı ödəyən vətəndaş cibindən əlavə pul xərcləyərək bəzi tibbi xidmətlərdən yararlanmaq üçün özəl sektora müraciət etmək məcburiyyətində qalacaq ki, bu da ədalətli yanaşma deyil”.
Əhaliyə hesabat verilməlidir
N.Cəfərli bildirir ki, icbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, vətəndaşların çoxu hələ bilmir ki, icbari tibbi sığortadan hansı formada yararlana bilər.
İqtisadçı deyir ki, ilin sonu Dövlət Statistika Komitəsi icbari tibbi sığortaya görə toplanan vəsaitin məbləği ilə bağlı açıqlama yaymalıdır.
Pulu yığmamış açıqlamalı idilər?
Ekspert deyir ki, xidmətlər zərfinə daxil ediləcək yeni tibbi xidmətlər əhalinin daha çox yararlandığı tibbi xidmətlər olmalıdır. Buraya müxtəlif qan analizləri, dərman vasitələri də daxil edilməlidir: “Dünya praktikasında da tibbi sığortaya təkcə stomatologiya aid edilmir. Ona görə də icbari tibbi sığortaya daxil edilən cərrahi əməliyyatların sayı artmalıdır. Çox təəssüf ki, bizdə praktika belədir ki, əvvəl pul yığılır, sonra necə və haraya xərclənəcəyi barədə qərar verilir. Halbuki əksinə olmalıdır. Əvvəldən əhaliyə məlumat verilməlidir ki, maaşdan icbari tibbi sığortaya görə yığımların iki dəfə artırılmasından əldə ediləcək vəsaiti haraya və necə xərcləyəcəklər. Odur ki, əvvəlcədən bu artımın icbari tibbi sığortanın sərhədlərini nə qədər genişləndirəcəyi açıqlanmalı idi. Amma indiyədək bu barədə aidiyyatı qurum müfəssəl məlumat verməyib”.
Xidmət sayı üç mini keçəcək
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, Xidmətlər Zərfindəki əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub:
“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir”.
Qeyd edək ki, hələ ki növbəti illərdə süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi gözlənilir. İTSDA Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva bildirib ki, süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır. O qeyd edib ki, əməliyyatdan sonra xəstəxanada neçə gün qalmasından asılı olmayaraq Xidmətlər Zərfi çərçivəsində bu xərclər qarşılanır.
Xatırladaq ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
Məlumat üçün onu bildirək ki, icbari tibbi sığorta haqqının məbləğinə edilən 50 faizlik güzəşt bu ildən ləğv edilir.
Kimlər icbari tibbi sığorta haqqı ödəyir?
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə icbari tibbi sığorta haqqını onları xidmətlərə cəlb edən şəxslər ödəyirlər. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i həcmində icbari tibbi sığorta haqqı ödənilir. Məsələn, aylıq 500 manat gəlir əldə edirsənsə, onun 2%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödənməlidir.
Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-ni, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyirlər. Minimum maaş dəyişən zaman icbari tibbi sığorta haqqı da dəyişəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir