Cəmiyyət

Bakıda MTK sədrinin özbaşınalığı: Qarajı sökdürdü

Bakıda Mənzil və Tikinti Kooperativinin (MTK) sədri başqasının əmlakını qəsdən məhv edib.
Hadisə nəticəsində zərərçəkmiş şəxsə ziyan vurulub.
Belə ki, MTK sədri 0,5810 hektar torpaq sahəsinin sədri olduğu Kooperativə verilməsinə çalışıb.
Məqsəd isə bu olub ki, həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi layihələndiriləcək.
2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ümumi ərazisi 18 kvadratmetr olan qaraj sökülüb.
Bundan əvvəl isə qarajın sahibi ilə MTK sədri kompensasiyanın məbləğində razılığa gələ bilməyiblər.
MTK sədri vətəndaşa ümumilikdə 14 400 manat ziyan vurmaqla onun əmlakını qəsdən məhv edib.
MTK sədri ifadəsində göstərib ki, dəfələrlə zərərçəkmiş şəxslə kompensasiyanın məbləğinə dair müzakirə aparıb.
“Onun qarajı binanın 1-ci blokunun tikintisinə maneə yaradırdı. Mən öz adamlarımdan birini göndərmişdim və qarajın sahibi ilə görüş keçirmişdi. O, bizdən 60 000 manat pul tələb edirdi. Biz isə bildirirdik ki, rəsmi mülkiyyət hüququnu təsdiq edən sənədi olan qarajlar üçün 8 000-10 000 manat arasında pul verə bilərik”, – MTK sədri bildirib.
İstintaq zamanı isə həmin qarajın orta bazar qiymətinin 35 000 manat olduğu müəyyən edilib.
Məhkəmə MTK sədrini Cinayət Məcəlləsinin 186.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirli bilib.
Ancaq onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
QEYD: Məhkəmə istintaqının materiallarında nə təqsirləndirilənin, nə də zərərçəkən şəxsin adı çəkilib./oxu
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir