Cəmiyyət

Məktəbəqədər təhsil: uşaq bağçaları ilə bağlı elə vədlər verirlər ki… – NƏ ETMƏLİ?

Prezidentin ötən ilin dekabrında dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaradıb.
Çünki bağçaların icra hakimiyyətlərinin tabeliyində olduğu bu on ildə məktəbəqədər təhsil müəssisələrində baş verən özbaşınalıqlar və qanunsuzluqlar sadalamaqla bitməz.
Bağça müdirlərinin dövlətin maliyyələşdirdiyi məktəbəqədər təhsil müəssisəsində qanunsuz VİP qruplar açaraq belə qruplara ödənişlə uşaq cəlb etməsi, bağçalarda çarpayı sayını gizlədərək rüşvətlə uşaq qəbul etməsi kimi özbaşınalıqların hamısı bağçaların yerli icra hakimiyyətlərinin tabeliyində olduğu dövrə təsadüf edir.
Bu gün bağçalarla bağlı ən böyük problem məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda olan özbaşınalıqdır. Bağçalarda boş çarpayı yeri ilə bağlı məlumatların şəffaf olmaması, bağça müdirlərinin uşaq qəbulu zamanı rüşvət tələb etməsinə münbit şərait yaradır.
Digər narahatedici məqamlardan biri isə uşaq bağçalarına ayrılan ərzaq məhsullarının mənimsənilməsi ilə bağlıdır. Bu gün bağçalarda uşaqların sağlam qidalanması da şübhə altındadır. Bəs görəsən, bağçalarla bağlı sadaladığımız problemlərin bu müəssisələrin Təhsil Nazirliyinə verilməsi ilə aradan qalxması mümkündürmü?
Bağçalar nazirliyin balansında olduqda nə dəyişə bilər?


Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsildə varislik prinsipi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi vacib idi. Ekspert bildirir ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinin balansında olduğu bu 10 il müddətində rüşvət, korrupsiya ocağına çevrilib:
“Öncə qeyd edim ki, uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi nazirliyə hər il birinci sinfə qəbul ediləcək şagirdlərlə bağlı düzgün proqnoz verməyə, öncədən məlumat əldə etməyə imkan yaradacaq.
Nazirlik biləcək ki, gələn il bağçadan 1-ci sinfə nə qədər uşaq gələcək. Plan da bu rəqəmlər üzərində qurulacaq. Bundan əlavə, bağçalarda verilməsi zəruri informasiyalar bağçaların proqramına salınacaq. Elə dəyərlər sistemi və biliklər var ki, onlar ibtidai pillədə yox, bağçada öyrədilməlidir. Bu, vahidlik prinsipidir. Nəticədə ibtidai siniflərdə dərs yükü azalacaq”.
K.Əsədov deyir ki, hazırda uşaq bağçaları ilə bağlı problemlərdən biri də orada çalışan ixtisaslı kadr çatışmazlığıdır: “Bu gün bağçalarda nəinki ixtisaslı kadrlara, orta-ali və ali təhsilli kadrlara ehtiyac var. Çünki bağçalarda işləyənlər arasında ali təhsili olmayanlar, orta məktəbi bitirənlər kifayət qədərdir. Bağçaların yerli icra hakimiyyətlərindən alınıb nazirliyə verilməsi bu problemi həll edəcək. Artıq məktəblərdə təhsilsiz şəxslər müəllim işləyə bilməyəcəklər. Bu isə bağçalarda məktəbəhazırlıq səviyyəsini yüksəldəcək”.
Daha uşaqların ərzağını oğurlaya bilməyəcəklər?
Ekspert hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin uşaq bağçalarına verilməsi ilə bağçalardan ərzaq oğurlanması, mənimsənilməsi halları da aradan qalxacaq: “Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrin timsalında biz bunu görürük ki, həssaslıq nümayiş olunur. Nazirliyin tabeliyindəki internat tipli müəssisələrin ərzaqla təminatında qanunsuzluqlar aradan qalxıb. Biz bunu yaxın gələcəkdə bağçaların da timsalında görəcəyik”.
Bağçada boş yer problemi həll olunacaq!
K.Əsədovun fikrincə, uşaq bağçalarına uşaq qəbulu sistemi də təkmilləşdiriləcək: “İndiyədək bu məsələdə ciddi problemlər müşahidə olunurdu. Bağçalarda boş çarpayı sayı gizlədilirdi. Nazirliyin bu sistemi elektronlaşdırmaqla şəffaflıq yaradacağına inanırıq. Çünki bu gün məktəblərin birinci sinfinə qəbul, şagird yerdəyişməsi elektron şəkildə şəffaf aparılır.
Burada nazirlik şəffaflıq yaradıb. Bu sistem bağçalarda da tətbiq edilməklə məmnunluğa səbəb olacaq. Biz uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınıb Təhsil Nazirliyinə verildikdən sonra müsbət dəyişikliyi gözləyirik”.
O baxır vicdana
Millət vəkili Fazil Mustafa isə bağçaların nazirliyin idarəçiliyinə verilməsindən sonra bu sektorda olan hansı problemlərin aradan qalxacağı ilə bağlı fikir söyləməyin çox gec olduğunu bildirdi. Deputat Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indidən qəti şəkildə idarəçiliyin dəyişməsinin nəyi dəyişəcəyini söyləmək çətindir: “Uşaq bağçaları ilə bağlı çoxsaylı problemlər mövcuddur. Uşaq bağçalarının maddi-texniki bazası və sair problemlər ilk növbədə aradan qaldırılmalıdır. Bundan əlavə, bağçalara rəhbərliyə vicdanlı insanlar gətirilməlidir ki, rüşvətin kökü kəsilsin. Bu sektorda uşaq qəbulunda narazılıq və sair məhz rəhbərliyin rüşvətxor olmasından qaynaqlanır”.
Deputat bildirir ki, uşaq bağçalarına vicdanlı insanlar rəhbərlik etməzsə, nəzarət tam effekt verməyəcək.
“Bağçaların adı dövlət bağçası idi”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin yerli icra strukturlarının səlahiyyətinə verilməsi, bağçaları təhsil prosesindən uzaqlaşdırıb. Onun sözlərinə görə, təhsillə bağlı standartları və qərarları verən qurum Təhsil Nazirliyi olsa da, bağçalarda təhsilə qarışa bilmirdi:
“Bağçalar məktəbəqədər təhsili əvəz edir. Bağça uşağın yeyib-yatacağı yer deyil. Bağçalar uşaqların formalaşmasına təsir edir. Şəxsiyyət isə 4 yaşa qədər formalaşır. Məktəbəqədər təhsil müəssisəsində uşağa yemək verib, yatırmaqla bağçanın vəzifəsi başa çatmır. Bağçada dərnəklərin keçirilməsi, məktəbəhazırlıq prosesi təhsillə bağlı məsələdir.
Bağçalar indiyədək icra hakimiyyətlərinin nəzdində olduğundan, nazirlik bağçalarda təhsillə bağlı prosesə müdaxilə edə bilmirdi. Bundan əlavə, bağçalar uşaq qəbulunda valideynlərdən pul tələb edirdi. Bir sözlə, adı dövlət bağçası idi. Bağçanın idarəetməsi, uşaqların qida rasionuna icra hakimiyyətləri nəzarət edirdi. Baxmayaraq ki, onların da bilik-bacarığı buna yetərli deyildi. Uşaq bağçaları yerli icra strukturlarının gəlir mənbəyinə çevrilmişdi”.
G.Səfərova bildirir ki, bağçalar on il bundan əvvəl Təhsil Nazirliyinin balansından alınaraq yerli icra hakimiyyətlərinə verildikdə, bu mərkəzləşməni azaltmağa hesablansa da, effekt vermədi. Şura sədri gələcəkdə Azərbaycanda icma əsaslı və bələdiyyələrin nəzdində məktəbəqədər təhsil müəssisələri açıla biləcəyini mümkün sayır:
“İcra hakimiyyətlərindən o qədər şikayət var ki, onlardan hər hansı səlahiyyətin alınması cəmiyyət tərəfindən dəstəklənir”.
G.Səfərova yaxın gələcəkdə bağçalarla bağlı nöqsanların aradan qalxacağına inandığını bildirib. Onun sözlərinə görə, uşaq bağçalarında kadr problemi, maddi-texniki bazanın yaxşılaşdırılması və sair məsələlər idarəetmənin dəyişməsi ilə aradan qalxacaq.
Nazir vəd verdi ki…
Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də uşaq bağçaları ilə bağlı köklü dəyişikliklərin proqnozunu verib. Nazir bildirib ki, uşaq bağçalarına müəllimlərin işə qəbulu məktəblərdə olduğu kimi aparılacaq. Bu zaman kadrların ixtisaslı və ali təhsilli olması vacibdir.
Əgər bağçalara valideynin işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz.
“Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb”.
E.Əmrullayev həmçinin qeyd edib ki, təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması baxımından məktəbəqədər təhsil ən vacib pillələrdən biridir. Onun sözlərinə görə, hər bir insanın inkişafı onun həyatındakı ilk 1000 gündən çox asılıdır.
Ölkədə nə qədər uşaq bağçaya gedir?
Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.


Sputnik Azərbaycan

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir