2022-ci ildə ABŞ mərkəzi bankının (FED) sərt-pul kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər.
Zirveyolu.info sfera.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib.
FED ABŞ-da yüksək inflyasiyanın olmasını nəzərə alaraq, bu il ən azı 2 dəfə faizləri artırmaq haqqında qərar qəbul etməyi düşünür. Hazırda 0-0,25 səviyyəsində olan uçot dərəcəsinin 1-2 faiz intervalına, hətta yüksək səviyyə çatdırılacağına dair açıqlamalara rast gəlinir.
BVF hesab edir ki, inkişaf etməkdə olan iqtisadiyyatlar ABŞ-ın faiz artımına hazırlaşmalıdırlar. Burada ən pis variant FED-in gözləniləndən daha sürətli davranması olacaq. BVF düşünür ki, bu halda inkişaf etməkdə olan ölkələrdən kapital axını və valyuta itkiləri güclənəcək.
Qeyd edək ki, Azərbaycan da inkişaf etməkdə olan ölkədir və bu səbəbdən BVF-nin xəbərdarlığının bizə də aidiyyatı var.
FED sonuncu dəfə faiz dərəcələrində kəskin artıma 2015-2018-ci illər arasında gedib və faizlər 0 səviyyəsindən 2,5 səviyyəsinə qədər artırılıb.
Pandemiya ilə əlaqədar FED faizləri yenidən 0 səviyyəsinə qədər endirib və bazarlara böyük maliyyə dəstəyi verib. 2022-ci ildə maliyyə dəstəyi dayandırılmaqla bərabər faizlər də artırılacaq. FED hesab edir ki, faiz dərəсələrinin aşağı səviyyədə olması və uzun müddət monetar genişləndirmənin həyata keçirilməsi birjalarda indekslərin real vəziyyətindən daha çox yüksəlməsinə səbəb olub. Bunun nəticəsində qlobal iqtisadiyyatda “köpüklənmə”nin baş verdiyi bildirilir. FED “köpüklənmə”nin qarşısını almaq üçün faiz dərəcələrinin artırılmasının vacib olduğu qənaətindədir.
Bu halda Azərbaycan üçün hansı risklər yarana bilər?
Azərbaycan üçün ən böyük riski neftin ucuzlaşması ehtimalı yaradacaq. Digər amillər, o cümlədən kapital axınının güclənməsi ehtimalı yoxdur. Çünki Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etməyib, bazarda aparılan əməliyyatların böyük hissəsi dövlət şirkətləri ilə bağlıdır, buna görə də xarici təsirlər bazarda ciddi dəyişiklik yaratmır.
Bizim üçün ən böyük təhlükə FED-in faizləri qaldırmasından sonra Dollar İndeksinin yüksəlməsi və qlobal tələbin zəifləməsi olacaq. Bu halda neftin ucuzlaşması ehtimalı güclüdür. Əgər neftin qiymətində kəskin eniş olarsa, o halda Azərbaycan cari əməliyyatlar balansında kəsirin yaranması riski ilə üzləşəcək.
Lakin neft qiymətlərinin “OPEC+” birliyi tərəfindən tənzimlənməsi də unudulmamalıdır. Bu şərtlər daxilində isə neftin qiymətinin aşağı səviyyədə uzun müddət qalması ehtimalı çox zəifdir.