Cəmiyyət Təhsil

Ali təhsil sistemində VİLAYƏT QAYDALARI… – Müəllimlərin HARAYI…

“Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik”. DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

ƏVVƏLİ BURADA:

Texniki Universitetdəki BƏRBAD MƏNZƏRƏ nazirliyin umrundadırmı? – İLGİNC FAKTLAR

Müəllimlər daha sonra yazır:
“Tamamilə ciddi olaraq, universitetdə belə pıç-pıçlar da dolaşmaqdadır ki, bəlkə müxtəlif strukturlarda olan təxribatçı elementlər Vilayət Vəliyev kimi bir adamı qəsdən, təxribat məqsədi ilə bu vəzifəyə təyin ediblər və onu qoruyurlar ki, o, universiteti iflic vəziyyətinə gətirsin və dağıtsın.

Texniki Universitetdə belə bir acınacaqlı vəziyyətin yaranmasının, yeri səhv düşmüş cəmi bir adamın Respublikanın texniki təhsili səviyyəsində bu qədər fəlakətlər törətməsinin, hələ də nəinki cəzasız qalmasının, həm də öz əməllərini davam etdirməsinin bir səbəbi də bizim ali təhsilimizdə olan idarəçilik sisteminin qüsurlarıdır. 90-cı illərin sonunda bizim ali təhsil sistemində islahatlar aparıldıqda və Avropa təhsil sisteminə, yəni Balonya sisteminə keçildikdə bizim ali təhsil müəssisələrinə Avropada olduğu kimi çox böyük özünüidarəetmə səlahiyyətləri verildi və Təhsil Nazirliyi bir təşkiledici, idarəedici və nəzarətedici orqan kimi öz əhəmiyyətini itirdi.

İndi aydın olur ki, bu bizim üçün hələ tez imiş. Universitet rektorlarının bəziləri bundan istifadə edərək, özlərini kiçik padşahlar kimi hiss edirlər və demək olar ki, heç kimin qarşısında cavabdeh deyillər. Universitet elmi şuraları isə belə rektorlar üçün yalnız şirma vəzifəsini yerinə yetirir və onların özlərini daha da sərbəst hiss etmələrinə şərait yaradır. Təhsil Nazirliyinin demək olar ki, universitetlər üzərində real hakimiyyəti qalmayıb. Təhsil Nazirliyi və şəxsən nazirin heç bir real səlahiyyəti yoxdur və nə rektorları təyin edə, nə də vəzifədən kənarlaşdıra bilər. Sual olunur, onda bəs Təhsil Nazirliyi nəyə lazımdır?

Lakin hər halda müxtəlif yoxlayıcı və nəzarət edici orqanlar hələ də vardır. Biz az da olsa ümid edirik ki, bizim yazılarda göstərilən faktlarla və Azərbaycan Texniki Universitetində son iki ildə yaranmış vəziyyətlə heç olmazsa Nazirlər Kabinetinin təhsil məsələləri ilə məşğul olan müvafiq strukturları, Respublika Hesablama Palatası və elə Təhsil Nazirliyinin özü də maraqlanacaq və müvafiq tədbirlər görəcək.

Hələ ki, gec deyil (bəlkə də artıq gecdir), V.VƏLİYEVİN TƏRƏFİNDƏN TEXNİKİ UNİVERSİTETİN ELMİ-PEDAQOJİ GENOFONDUNUN MƏHV EDİLMƏSİNİN, KADRLARIN DAĞIDILMASININ QARŞISINI ALIN. Bu, ölkəmizin də, ölkəmizdə texniki təhsilin də xeyrinə olardı”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir