Cəmiyyət Manşet

Adı “halal”, özü HARAM: “Səhliyalı” kolbasalarının içindən görün nələr çıxır – ŞOK FAKTLAR

Qaynar.media-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, hazırda ölkəmizdə kolbasa məhsulları ilə bağlı ciddi problemlər var. O bildirib ki, keyfiyyətsiz ət məhsulları bəzəkli etiketlərlə, süni dadvericilərlə, süni stabilizatorlarla və s. zənginləşdirilərək satışa çıxarılır.

E.Hüseynov qeyd edib ki, kolbasa məhsullarının tərkibinə bütün hallarda kimyəvi maddələr qatılır: “Məsələn üzərində etiketi olmayan, qırmızı parıldayan kolbasalar var ki, insanları cəlb edir. Bu kolbasa növləri keyfiyyətsiz olmaqla yanaşı, təhlükəlidir. İnsanlar düşünürlər ki, kolbasanın bir kiloqramı ətin qiymətinin yarısına bərabərdir. Ancaq tam əminliklə deyə bilərəm ki, bir kilosu 4 manata yerli, təmiz, murdar olmayan təzə ət var. Bu, qocalmış heyvanların ətidir. Daxili İşləri Nazirliyi (DİN) murdar ətlərin, xüsusilə də at və digər heyvanların kəsilərək Bakıya daşınmasını aşkar edir. Şəffaf fəaliyyət göstərməyən kolbasa sexlərində məhz bu cür heyvanların ətindən istifadə olunması istisna olunmur. Kolbasa məhsullarında halal məsələsi də keyfiyyət kimi ortalıqda qalıb”.

Azərbaycanda kolbasa və digər ət məhsullarının istehsalı ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Yerli məhsullar içərisində xüsusilə də “1000 bərəkət, halal nemət” markasının təqdim etdiyi məhsullarla bağlı şikayətlər son dövrlər daha çoxdur. Belə ki, şikayətlər daha çox “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin məhsullarında antisanitariya ilə bağlıdır. Köhnə xəbərlər unudulduğu vaxtda yeni qalmaqalla da yenidən medianın gündəminə çevrilirlər. Redaksiyamıza şikayət təqdim edən istehlakçının bildirdiyinə görə, mağazadan aldığı bu markaya məxsus kolbasanın içərisindən heyvan dərisinin tüklə qarışıq kiçik bir hissəsi çıxıb. Hətta sosial şəbəkələrdə də “1000 bərəkət, halal nemət”in istehsalı olan kolbasa və sosiska məhsullarının içərisindən həşaratların, milçəyin “peyda” olması faktı paylaşılır. Bu isə onu deməyə əsas verir ki, şirkətin keyfiyyətinə zəmanət verdiyi məhsulları keyfiyyətsiz və anti-sanitar şəkildə istehsal olunaraq istehlakçılara təqdim olunur.

Bazarda rəqabəti uduzur

Bir zamanların keyfiyyətli kolbasa və sosiska məhsulları ilə rəqabətdə ilk yerlərdə qərarlaşan “1000 bərəkət, halal nemət” markası bu gün bu gücünü itirib. Bazar araşdırmalarımızdan, istehlakçıların fikirlərindən də aydın olur ki, hazırda bu marka keyfiyyətsiz məhsullar istehsal edir və rəqabətdə digər şirkətlərə uduzur. Bu gün Türkiyənin bir neçə ət məhsulları şirkəti, Azərbaycanın isə çox sayda kolbasa və sosiska markası “1000 bərəkət, halal nemət”i üstələyib. Həm keyfiyyətinə, həm də halallığına görə “Səhliyalı” hazırda ən aşağılardadır. Bazarda digər şirkətlərə uduzan bu markanın təqdim etdiyi keyfiyyətsiz məhsullar isə bütün göstəricilərinə görə digər markalardan aşağı olsa da, “halal” və “keyfiyyətli” adı altında layiq olduğu dəyərindən çox baha qiymətə müştərilərə təqdim olunur.

“Halal” adı altında satılan haram!

Adında “halal” sözünü daşıyan şirkətin təqdim etdiyi məhsulların halallıq göstəriciləri isə ayrı mövzudur. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür. Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil. Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar. Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub. Ancaq hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxmağı bacarıblar.

Araşdırmamızdan da aydın oldu ki, halallıq təkcə heyvanın başının qibləyə tutulub kəsilməsi deyil. Halallıq həm də o heyvanın ətinin təmiz yerdə saxlanılması, kiflənməməsi, içindən həşəratın çıxmaması və s. deməkdir. Axı bunların əksini etmək alıcını aldatmaq, qazanca haram qatmaqdı. Haram qazancla halal məhsul istehsal etmək olarmı? Məhsulun içindən həşərat çıxacaqsa, heyvanın üzü qibləyə tutulub kəsilməsinin nə mənası var?

İkinci məqam isə budur ki, ildə bir dəfə, ya da altı aydan bir verilən halallıq və ya gigiyenik sertifikat həmin məhsulun ilin bütün günlərində halal və gigiyenik olması mənasını vermir. Axı hər gün sertifikatı verən qurum şirkətin başının üstündə durub heyvanın üzü qibləyə kəsilməsinə, sağlam olmasına nəzarət etmir. Yəni məsələ qalıb şirkətin insafına.

Bəs halallıq üçün şərtlər nədir?

Azərbaycanda istehsal olunan kolbasa məhsullarının halallığı ilə bağlı hər zaman şübhələr olub. Çünki mütəxəssislər tərkibində donuz əti və piyi olmayan bu tip məhsulları uzun müddət saxlamağın mümkün olmadığını deyirlər. Şirkətlər isə əksini.

2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal ətin, halal qidanın necə əldə edilməsi və “halal” termininin necə istifadə olunmasını özündə əks etdirən standartlar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Standartı qısaca ifadə edək:

Heyvanı kəsən şəxs müsəlman olmalıdır;

Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;

Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;

Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;

Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;

“Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaradılmamalıdır. “Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən bu qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapa bilmədik. Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb.

İstehlakçıların hüququ pozulur

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur. “Səhliyalı” isə kolbasaları haqqında yalnız müasir avadanlıqlar, ənənəvi resept və ən yaxşı xammaldan istifadə etdiyini deməklə kifayətlənir. Lakin saytlarında xammalın mənbəyi açıq verilmədiyi kimi, məhsulun üzərində də tərkibi barədə kifayət qədər məlumat yoxdur. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Qanunda göstərilir: “…mallarin (işlərin, xidmətlərin) miqdari, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur…”

Asılılıq və xərçəng

Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.

Bunlardan biri E 621 – qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 – natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

AZS 731 standartında göstərilib ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərlə bağlı qoyulan tələblərə görə, həmin vasitələr halal mənbələrdən olmalı, istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir.

Bu markanın keyfiyyətsizliyini və anti-sanitar şəraitdə hazırlandığını göstərən faktları insanlar yəqin ki, yaxşı xatırlayır.

Fakt: “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Firmanın “Sacüstü sosiskaları” məhsulunu alan istehlakçı Feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

Digər bir fakt: İstehlakçı Rəhim İsmayılov bu şirkətə məxsus sosiskanın içərisindən siçan nəcisinin çıxdığını bildirmişdi:“Yaxınlıqdakı mağazadan sosiska aldım. “1000 bərəkət, halal nemət” şirkətinə məxsus idi, sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı. Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi, kim cavabdeh olacaqdı? Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdırlar”

Bu kimi halları tez-tez işıqlandırırıq. Ancaq nədənsə, bütün bu hallara görə məsuliyyət daşımalı olan şirkət nəticə çıxarıb keyfiyyəti artırmaq əvəzinə, daha da keyfiyyətsiz məhsulları ilə medianı məşğul edir. Bizim vəzifəmiz bu kimi halları işıqlandırıb insanların doğru seçim etməsində kömək etməkdir. Ancaq təkrarlanan bu cür halları gördükdə bu dəfə də “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin keyfiyyətli məhsul istehsal edəcəyinə ümidimizi ifadə etməkdən başqa seçimimiz qalmır. Bütün bu halların qarşısını almaq, eyni zamanda istehlakçılara halal, keyfiyyətli, sanitariya qaydalarına uyğun hazırlanan ət məhsulları təqdim etmək üçün şirkətin neqativ hallardan nəticə çıxaracağına ümid edirik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir