Dünya

Kreml Qarabağda “rus kartı”nı işə salır – GƏLİŞMƏ

“Dağlıq Qarabağın rus icmasının himayəsi altında Rusdilli Cəmiyyəti yaradılıb”.

Erməni “Telegram” kanallarının yaydığı məlumatda belə deyilir. Qeyd edilir ki, yeni yaradılmış “Rusdilli Cəmiyyəti” layihəsinin məqsədi rus-erməni münasibətlərinin daha səmərəli inkişafı üçün əlverişli mühit yaratmaq, rusdilli qarabağlıları dəstəkləmək, onları rus icmasının mədəni həyatına cəlb etməkdir. “Rusdilli Cəmiyyət”ə milli mənsubiyyətindən asılı olmayaraq rus dilində danışan qarabağlılar, eləcə də Dağlıq Qarabağdan kənarda yaşayan rus icmasının fəxri üzvləri qoşula bilərlər. Dekabr ayında “Dağlıq Qarabağın rus icması” adı altında növbəti separatçılıq mərkəzi yaradan Kremln məqsədi bölgədəki sülhməramlı hərbi kontintengentinin uzunmüddətli və ya daimi qalmasına nail olmaqdır. Rusiya hakimiyyəti sülhməramlıların müvəqqəti nəzarət zonasında guya rus icmasının yaşadığına dair rəy yaratmağa çalışır. “Rusdilli cəmiyyəti”nin yaradılması da həmin planın tərkib hissəsidir. Rəsmi Moskva bu niyyətini həyata keçirmək üçün Qarabağdakı ermənilərdən istifadə etmək planını açıq nümayiş etdirir. Bu məqsədlə Qarabağda rusdilli erməni icmasının formalaşdırılmasına da başlanılıb.

Fevral ayından etibarən Qarabağın ermənilər yaşayan bəzi ərazilərində 7-14 yaşlı uşaqlar üçün iki aylıq pulsuz rus dili kursları təşkil olunacaq. Xüsusilə, kurslar Xankəndi, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində təşkil olunacaq. Kurslar bir neçə gündən sonra, yəni fevralın 1-dən fəaliyyətə başlayacaq. Ermənistan mediasının verdiyi məlumata görə, uşaqların dil bilmə səviyyəsini müəyyən etmək üçün əvvəlcə test imtahanı keçiriləcək. Bundan başqa, 18 yaşdan yuxarı ermənilərin də rus dilini ödənişsiz öyrənməsi üçün axşam kursları təşkil olunub.

Məlumatda bildirilir ki, birinci dərs Xankəndi şəhərindəki təhsil müəssisələrində rus dili və ədəbiyyatının tədrisi üzrə pedaqoq Vera Xaçaturyanın rəhbərliyi ilə keçirilib. Axşam kursları cinayətkar rejimin rəhbərlərindən biri, özünü “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi”nin rus dili üzrə baş mütəxəssisi adlandıran Ruben Osipovun iştirakı ilə təşkil edilib. Çox güman ki, Kremlin planında növbəti mərhələdə rus dili öyrənən ermənilərə Rusiya pasportları paylamaq və onlara ikili vətəndaşlıq verməkdən ibarətdir. Bununla da rəsmi Moskva Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında qoşunlarını Qarabağda saxlamağa cəhd edə bilər. Bu isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdiddir. Belə ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün sülhməramlıların müvəqqəti nəzarət zonasında hər hansı antiterror əməliyyatına başlamaq istəsə, Rusiya Qarabağın rus icmasının və ya rusdili cəmiyyətin üzvü olan ermənilərin silahlı müdafiəsinə qalxa bilər. Bu isə artıq Azərbaycanın Rusiya ilə münaqişə vəziyyətinə girməsi deməkdir. Belə olan halda, Azərbaycan daha təhlükəli problemlə üzləşmiş olar. Qeyd edək ki, dekabr ayında apardığımız araşdırma zamanı Qarabağda rus icmasının sayı ilə bağlı son statistikanın 2005-ci ilə aid olduğunu öyrənmişdik. Qondarma rejimin həmin dövrə dair təqdim etdiyi rəqəmlərdə rus icmasının ümumi sayı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Laçın rayonunun əhalisinin 171 nəfərini, yaxud 0,1 faizini təşkil etdiyi göstərilir.

Ancaq 44 günlük müharibədən sonra Qarabağın ermənilər yaşayan hissəsində rusların kompakt yaşadığı barədə hər hansı fakt aşkar edilməyib. Əgər sülhməramlıların müvəqqəti nəzarət zonasında rus icması yaşasa idi, ermənilərə rus dilini öyrətmək və onlardan rusdilli cəmiyyət yaratmağa da ehtiyac qalmazdı. Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordov Qarabağdakı rus icmasına rəhbər seçilib. Erməni əsilli Aleksandr Bordov Qarabağda separatizmin ideoloqlarından biri, azərbaycanlıların soyqırımında iştirak etmiş Zori Balayanın yaxın dostu sayılır. Ötən ilin dekabr ayında Xankəndi və ətraf ərazilərdə “slavyan əsilli” şəxslərin siyahıya alınması aparılıb. Qeyd edək ki, 2020-ci ildə Azərbaycan işğal altındakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlayanda özünü Rusiyanın Dağlıq Qarabağdakı diasporunun nümayəndəsi kimi təqdim edən Qalina Somova Prezident Vladimir Putinə müraciət edərək kömək istəyib. Lakin həmin dövrdə Qarabağla bağlı Rusiyanın mövqeyi fərqli olduğundan müraciətət cavab verməyib. Sonradan Qarabağa və Laçın dəhlizinə sülhməramlı adı ilə hərbi kontingent yerləşdirən rəsmi Moskva bölgədə daimi mövcudluğunu təmin etmək üçün Azərbaycana qarşı təxribat planlarını işə saldı. “Dağlıq Qarabağın rus icması”na rəhbərlik işini 1977-ci il avqustun 21-də Bakıda anadan olmuş və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordova həvalə etdi. DİA.AZ xəbər verir ki, yaranmış vəziyyəti “Cümhuriyət”ə şərh edən Qarabağ Komitəsinin həmsədri Sabir Məmmədlinin sözlərinə görə, bu addımlar Rusiyanın işğalçılıq siyasətinə xidmət edir:

“Nəzərə almaq lazımdır ki, Rusiya hərbçilərinin Xocalı hava limanının ərazisində Rus Provoslav kiləsini istifadəyə verməsi də bu məqsədi daşıyır. Rusiya Qarabağın yuxarı hissəsində möhkəmlənməyə çalışır və sülhməramlı hərbi kontingentini o əraziyə yerləşdirməsindən faydalanaraq işğalçılıq siyasətini həyata keçirmək istəyir. Eyni zamanda, Rusiya bu amildən Azərbaycana və Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdür. Bununla əlaqədar müxtəlif variantlara əl atır. Həmin planlardan biri də vaxtilə Qarabağda yaşamış rusdilli əhalini təşkilatlandırmaqdan ibarətdir. Statistikaya diqqət yetirsək, hələ SSRİ dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində iki min nəfərə yaxın rus mənşəli insan yaşayırdı. Hazırda həmin ərazidə ən çox halda bir neçə yüz nəfər rusdilli insanın yaşamasından söhbət gedə bilər. Ancaq Rusiya hakimiyyəti bu insanların üzərindən öz siyasətini yürütməyə çalışır, rus icmasını təşkil etməyə cəhd göstərir. Bu, çox absurd bir fəaliyyətdir. Bu siyasətin əsası yoxdur və puç olacaq. Rusiya belə addımları ilə yalnız özünə nifrət qazana bilər. Azərbaycan cəmiyyəti Qarabağ məsələsində yekdil fikirdədir. Rusiya hərbçiləri də o bölgədə müvəqqəti yerləşib və 5 illik fəaliyyət müddəti başa çatanda Azərbaycan ərazisini tərk edəcəklər. Hamı gördü ki, Rusiya sülhməramlıları Qarabağda özünü ləyaqətsiz apardı və ermənilərdən alət kimi istifadə edib siyasət yürütməyə çalışdı. İndi də rus kökənli insanlar üzərində belə siyasət yürüdür. Ona görə də Rusiyanın planı nifrətdən başqa heç nə qazanmayacaq. Hesab edirəm ki, vaxtı çatanda Azərbaycan cəmiyyətinin etirazını görüb çıxıb gedəcək. Azərbaycan dövləti də xalqın rəyini nəzərə alıb Rusiya sülhməramlılarının ikinci müddətə Qarabağda qalmasına icazə verməyəcək. Amma Rusiya hərbçilərinin çıxıb getməsi üçün bəri başdan bəyanatlar vermək, çağırışlar etmək lazımdır. Bütün tərəflər buna hazır olmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir