Cəmiyyət

“Ortalıq uşaqları” yetişdirən təhsilimiz və susdurulan müəllimlər… – NƏ ETMƏLİ?

…Təzə-təzə kişiləşən bir neçə yeniyetmə özünü oğru aləminin nümayəndələri kimi apararaq, sinifdə müəllim qarşısında hər cür meymunluğu edir. Sonunda günahkar çıxan yazıq müəllimə olur. Partaların üzərinə “oğru” dünyasının atributlarını çəkib, ayaqlarını da müəllim istiqamətdə qaldırıb oturan bu uşaqlara yaşı 50-ni haqlamış qadın müəllimə nə etməli idi? O müəllimə onlara, aldıqları tərbiyəyə, düşüncə tərzlərinə bələd olduğundan, düşünüb ki, zəng çalınsaydı, sağ-salamat sinifdən çıxardı. İndi onun yerində gənc, qolunun qüvvəti yerində bir kişi müəllim olsaydı, bu iquana sürüsünü bir “qamış”a yığsaydı, yenə deyəcəkdilər ki, müəllim təzə dil açan körpə uşaqlara şiddət göstərib. Yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal. Vaxt var idi, sinifdə sözü müəllim deyərdi, indi tellərinin uzunluğundan gözləri görünməyən, özlərini “ortalıq uşağı” adlandıran yeniyetmələr deyir.
Bu yaxınlarda 165 saylı orta məktəbdə baş verən hadisə cəmiyyət tərəfindən yenə hiddətlə qarşılanıb. Ancaq bu dəfə haqlı tərəf şagirdlər yox, müəllimə olub. Bunu 43 ilin müəlliminə töhmət verilməsinin doğru olub-olmaması barədə sorğuda iştirak edən vətəndaşlar deyir. Yuxarıdakı ifadələr də həmin vətəndaşlardan birinə məxsusdur. Bəziləri düşünürlər ki, məktəblilərin haqlarının qorunmasına çalışmaq, müəllim heyətinin nüfuzuna xələl gətirməməli, onların sözünü, hörmətini dəyərdən salmamalıdır. Yaxşı, rəhmətlik şairimiz Qabilin sözü olmasın, gözdən-nəzərdən salan kimdir ki, bu işləri?

Müəllimləri şagirdlərin gözündə kiçik düşürməyə çalışanlar, onun cəmiyyət qarşısında hörmətini azaltmağa çalışanlar, seçkilərdə saxta bülletenləri əllərinə tutuzdurub məntəqələrə göndərənlər, hətta buna məcbur edənlər kimlərdir? Bəs biz deyildikmi “Ey hörmətli müəllim, hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var” deyib onları başımızın tacı edən, harda görsək, əllərimizi bir-birinə kilidləyib, qarşısında sükutla duran? İndi nə oldu? Dəyişən nədir? Övladlarımıza sahib çıxdığımız qədər nə üçün müəllimlərimizə də sahib çıxa bilmirik? Lazımi tərbiyəni ala bilməyib, bayağı mahnılarla yetişən yeniyetmələrin özünü apara bilməmələrinə görə ömrünün 43 ilini təhsilə, camaatın balasını “adam etməyə” sərf etmiş bir müəllimə çiçəyi burnunda olan hansısa gənc təhsil işçisindən töhmət alır.

Bəlkə də o şagirdlərin hələ yaşı az olduğuna görə onlara hər hansısa ciddi bir cəza da düşmür. Düşsə belə, hətta onlardan qabaqda olan valideynləri hər cür “hörmət-izzətlə” o cəza qarşısında özlərini sipər edəcəklər. Bəs ömrünü təhsilə sərf edib, saçını bu yolda ağartmış müəllim necə? Səssiz qaldığı üçün töhmət alan müəllimə növbəti dəfə həmin sinifə ayaq basanda, əvvəlkindən qat-qat artıq hörmətsizlik görməyəcəkmi?..

Ötən il helikopter qəzasında 14 zabitimiz şəhid olanda hər birimiz bu hadisəni kədərlə birlikdə, həm də qəzəblə qarşıladıq. Çünki itirdiyimiz hər hansısa sıravi hərbi qulluqçu deyil, peşəkar, ömrünü orduya vermiş peşəkar zabitlər idi. Peşəkar bir zabitin yetişdirilməsi üçün hansı əmək, əziyyət sərf olunursa, eyni zamanda peşəkar bir müəllimin, alimin, ziyalının yetişdirilməsi üçün də eyni əziyyət sərf olunur. Hal-hazırda görünən odur ki, düşmən təxribatı təkcə sərhəd bölgələrimizdə, düşmənlə üz-üzə dayanan postlarımızda yox, həm də təhsilimiz daxilində gedir. Vətənin keşiyində duran əsgər-zabit də, deputat da, hakim də, nazir də- hər biri ilk öncə bir müəllim qələminin, müəllim sığalının, yeri gələndə də müəllim şilləsinin altından keçir, gəlir o məqamı, postu tutur. Bu ölkəyə möhkəm sütunlar inşa edən müəllimlərimizi, akademiyada illərini təhsilə, elmə verən professorlarımızı gədaların güdazına verməyək. Bağbansız bağ meşə olar…
Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir