Cəmiyyət

ABU-nun Moskva filialının ACINACAQLI SONU – 10 milyon dollar havaya sovrulur

Təqribən 15 sot torpaq üzərində inşa edilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU-nun sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verilib) Moskva filialı ilə bağlı aparılan məhkəmə işinə son qərarı Rusiya Federasiyasının Saratov Mülki və İnzibati İşlər üzrə məhkəməsinin Kassasiya instansiyası verəcək.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının qanunsuz tikintisi ilə əlaqədar Moskva vilayətinin Baş İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət olunub və bundan sonra Odintsovo şəhərinin administrasiyası məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının binasının sökülməsi ilə bağlı qərar çıxarılmasını tələb edib.

Hazırda Fransada siyasi sığınacaq almağa çalışan fəaliyyəti dayandırılan ABU-nun rektoru Elşad Abdullayev vəkilləri vasitəsi ilə məhkəmə hakimlərini ələ alması, Odintsovo şəhərinin administrasiyasının gözlədiyi qərarın verilməsi üçün məhkəmə prosesini yubadması, eyni zamanda Rusiyada və Azərbaycanda ABU-nun zərər çəkmişləri kimi tanınan şəxslərin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə etdikləri müraciətlərdən sonra, ABU-nun Moskva filialı ilə bağlı Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəməsinin Kassasiya instansiyasında baxılması ilə bağlı qərar verilib. Artıq məhkəmədə baxılan bütün sənədlərin Mülki və İnzibati İşlər üzrə məhkəmənin Kassasiya instansiyasına göndərildiyi və işə hansı hakimin baxacağı da məlum olub. Məlumata görə, ABU-nun Moskva filialı ilə bağlı iş Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəmənin Kassasiya instansiyasının hakimi A.Y.Ozerovanın icraatına verilib. Məhkəmənin vaxtı isə hələlik bəlli deyil.

ABU-nun Moskva filialının tədris korpusunun sahəsi 15 sotdur. Bundan əlavə, Moskva filialının yaxınlığında yataqxana da mövcuddur. ABU-nun sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmağa belə cəhd etmişdi. Elşad Abdullayev ABU-nun Moskva filialını satmaq üçün erməni iş adamı ilə razılaşmışdı. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra, onun bu niyyəti baş tutmayıb.

Qeyd olunur ki, fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı 2007-ci ildən 2010-cu ilə qədər kaçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi hazırda Fransa dövlətinə sığınan Elşad Abdullayevin adına rəsmiləşdirilib.

ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. O baxıımdan, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib.

Məsələdən belə aydın olur ki, Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət etmişdir. Amma hazırkı təhsil naziri Azərbaycanın milyonlarının xərcləndiyi əmlaka sahib çıxmaqdan imtina etdikdən sonra, yuxarıda qeyd etdiyimiz Rusiyanın müvafiq orqanları ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etməli oldular.

İndi ABU-nun Moskva filialının sökülməsi ilə bağlı son qərar Saratovda veriləcək. Bununla da Azərbaycanın 10 milyon dollardan çox vəsaiti bir anlığa havaya sovrulmuş olacaq.
yenicag.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir