Muxtar hüququ Azərbaycan qanunlarına və Prezident Fərmanlarına məhəl qoymamaq kimi fəhm edən Naxçıvan MR hakimiyyəti növbəti dəfə öz ampluasından kənara çıxa bilməyib.
Zirveyolu.info xəbər verir ki, ovqat.com-un Naxçvan MR DİN-dəki mənbələrdən əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanı bu diyarda həyata keçirilmir.
Fərmana görə, polis əməkdaşlarının maaşı 20% artırılır və sənəd bu ilin ilk günündən qüvvəyə minir.
Fərman
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
6. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2021-ci il
Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 23.12.2021-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 20% miqdarında artırılıb və bu qanun xarakterli qərar 01.01.2020-ci il tarixindən qüvvəyə minib. Naxçıvan polislərinin iddialara görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Fərmanın icrası qüsursuz yerinə yetirilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olan bütün polis əməkdaşları maaşlarını artımla alıblar. Lakin Naxçıvan MR DİN-də isə Prezident Fərmanı kobud surətdə tapdalanır. Naxçıvan MR DİN-n Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyələşdiyi üçün Azərbaycan DİN-in qərarı bu bölgənin polislərinə şamil edilmir. Hazırda MR DİN-də bu barədə yalnız 2 məsələ müzakirə olunur.
1. Maaşlar 2022-ci ilin iyunundan sonra artırılacaq.
2. Maaşlar ümumiyyətlə artırılmayacaq.
Mənbəmiz Prezident Fərmanının niyə avtomatik həyata keçirilməməsinin sirrinə belə aydınlıq gətirib: “Mərkəzi İcra Hakimiyyəti orqanlarında maaş artımı ilə bağlı Prezident Fərmanından başqa yerli orqan rəhbərinin daxili əmri də olmalıdır. Yəni qanunvericiliyin bu tələbinə görə, Naxçıvan MR DİN-də Prezident Fərmanının qüvvəyə minməsi üçün gərək nazir səlahiyyətlərini icra edən Rəşad İsmayılov belə bir qərar imzalasın. Rəşad İsmayılov isə bu qərarı imzalamaqdan imtina edir, ya da onun həmin sənədi imzalamasına icazə verilmir. Niyə? Naxçıvan MR DİN-də xidmət edən böyükdən kiçiyə hər kəs bilir ki, Rəşad İsmayılov kiçik fiqurdur: Azər Zeynalov, Cəlil Rüstəmov və Maliyyə Naziri Rəfail Əliyevin kiçik fiquru. Onlar hansı istiqaməti göstərsələr Rəşad İsmayılov o istiqamətə gedər. Çünki səriştəsiz insandır. Rəşad İsmayılov yalnız tabeçiliyində olan əməkdaşları bezdirmək işini yaxşı bacarır. Maaş artımı kimi məsələlərə gələndə isə, aydın məsələdir ki, Maliyyə Naziri Rəfai Əliyev icazə vermədiyi üçün Rəşad İsmayılov əmr imzalamayıb. Qarşıdakı digər ayları bir kənara ataq, yalnız yanvar ayını hesablasaq görərik ki, polis əməkdaşına çatmalı olan nə qədər vəsait mənimsənilib.
Bu gün Rəfail Əliyevin yürütdüyü siyasət nəticəsində Naxçıvanda insanlar daha da boğaza yığılıb. Naxçıvan MR-də nə Rəfail Əliyev, nə Rəşad İsmayılov, nə də digərləri mərkəzdən gələn qərarları tanımırlar”.