Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafında gedən proseslər yeni şəkil almaqdadır.
DİA.AZ “Yeni Müsavat”a istinadla xəbər verir ki, əvvəllər nazir olmuş bu şəxslər vəzifədən çıxarılandan sonra onların həbsləri gündəmdə idi. Lakin bu məsələdə son nöqtə hələ ki qoyulmayıb. Əvəzində hər iki eks-nazirin yaxın ətraflarının, ailə üzvlərinin məhkəmələrə çəkilməsi, cərimələnməsi prosesi başladılıb. Bu gedişat onu deməyə əsas verir ki, hər iki sabiq nazir unudulmayıb və işdən çıxarılmalarından illər ötsə də, onların özləri ilə bağlı da qərar verilməsi gündəmdən çıxmayıb.
Bir neçə gün əvvəl Əbülfəs Qarayevin xanımı Lalə Kazımovanın biznesi ilə bağlı yayılan xəbərlərdə deyilirdi ki, bəzi obyektləri çöküş ərəfəsindədir. “Qaynarinfo” bu əsnada yazır ki, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb. İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib. Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.
Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. “GALS Gallery” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Liana Vəzirovadır. Liana Vəzirova Əbülfəs Qarayev nazir olduğu dövrdə Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktoru olub. Muzey Mərkəzi “Rus muzeyi” də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət Bakı şəhəri, Səbayel rayonu, Yusif Məmmədəliyev, ev 14-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “GALS Beauty and SPA” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.
Hakimiyyətin Eldar Mahmudovla bağlı qərarları da maraq doğurur. Məlumdur ki, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən 2 il sonra apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib.
Sabah, fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində apelyasiya protesti üzrə məhkəmə iclası təyin edilib. Apelyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib. Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və sabiq nazir Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Vüqar Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib.
2 il sonra bu məsələyə yenidən baxılması Eldar Mahmudovla bağlı da oxşar addımların atılacağı ehtimalını yaradır. Hazırda Bakı Hərbi Məhkəməsində Eldar Mahmudov nazir olarkən ən yaxın ətrafına daxil olan, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə proses keçirilir. Prosesdə hakim qarşısına Mövlam Şıxəliyevlə yanaşı daha 3 sabiq MTN-çi çıxarılıb.
Eldar Mahmudovun ən yaxın ətrafı ilə bağlı çıxarılacaq məhkəmə qərarları və hökmlərinin sabiq nazirin taleyinə də birbaşa təsiri olacağı şübhəsizdir. Görünən odur ki, Mahmudov da, Qarayev də hədəfdədirlər, yaxın gələcəkdə onlarla bağlı qərar verilə bilər.