Gənclik saflıqdır. Hiylədən, qarşına çıxan tələlərdən xəbərsiz olmaq və bəzən də bu saflığına görə onlardan gözlənilmədən, qeyri-adi şəkildə sıyrılmağı bacarmaqdır.
Gənclik çılğınlıqdır. Cəsarətlə, çəkinmədən, gözüyumulu qorxularının üstünə getməkdir. “Mümkünsüz” dediklərini mümkün saymaq, bunu sübut etmək üçün dəfələrlə yıxılmaqdır və hər dəfə yenidən qalxmağı bacarmaqdır.
Gənclik irəlidə deyəcəyin “kaş”-ları “yaxşı ki”-lərlə əvəzləmək üçün hər yeni gün başlayanda təkrar-təkrar verilən fürsətlərdir. Bunun üçün də gənclərin yetişməsinə xüsusi əhəmiyyət vermək lazımdır. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik ölkənin fundamentini, ümumilikdə bütün gələcəyini məhv edər. Gəncləri elə yetişdirmək lazımdır ki, peşmançılıqlarla deyil, rahatlıqlarla yaşasınlar. Gənclərə həyatda zəhmətin əsl sevinc olduğunu öyrətmək lazımdır, gənclərin çoxu həyatın sevinc olduğunu düşünürlər, əslində isə zəhmət çəkən, yetişkin insan görür ki, həyat bir zəhmətdir və zəhmət də əsl sevincdir.
Məlumdur ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ona görə ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdəndir. Əgər bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha yaxşı yetişməsi üçün əlindən gələni etməlidir. Çünki milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin etibarlı təminatçısıdırlar.
Yaradıcı gənclər formalaşmaq üçün ilk öncə öz milli dəyərlərinə sahib çıxmağı öyrənməlidirlər. Dəyərlərlə böyüyən, dəyərləri özünə rəhbər tutan, dəyərləri yaşayan həmçinin yaşatmağı qarşısına məqsəd qoyan gənc və yaradıcı nəslin yetişməsi, bütün cəmiyyətin üzərinə düşən prioritet məsələdir. Lakin cəmiyyətdə bu işi öz üzərinə alan ən mühüm qurum isə ailədir. Çünki cəmiyyətin ən mühüm hissəsi olan ailədə hansı dəyərlər aşılanırsa, gənclər də bu dəyərlər toplusu içində öz şəxsiyyətlərini formalaşdırır, fikir və düşüncələrini ortaya qoyur, ailədə görüb özlərinə nümunə götürdükləri dəyərlər sistemi içərisində ətrafında olanlara qarşı münasibət bildirirlər. Ailələrdən ibarət olan cəmiyyətin özü və cəmiyyətdə gedən bütün prosseslər də gənclərin həyatına çox böyük təsir göstərir. Gənc bu cəmiyyətdə pisi-yaxşıdan seçir, müsbəti-mənfidən, pozitivi-neqativdən ayırır, özünə gələcək, karyera və həyat qurmaq istəyir. Bütün bunları nəzərə alaraq düşünməliyik ki, biz bu gün həm ailədə, həm də cəmiyyətdə, təlim, tərbiyə və təhsil ocaqlarında, iş yerində, ətrafımızda gənc nəsli necə tərbiyə ediriksə, onlara necə nümunə oluruqsa, gənclərə alternativ düşüncə, nümunəvi şəxsiyyətlərin həyat və yaradıcılğını hansı istiqamətdə göstəririksə gəncliyimiz də bizə və cəmiyyətə o şəkildə münasibət bildirir, fikir irəli sürür və formalaşır.
Gənclik gözəllikdir. Lakin bəzi gənclərin fikrincə gənclik daim qalıcıdır, amma bu belə deyil. Gənclik daim bizimlə qalacağını sanıb, gözümüzü açana qədər bizi tərk edən zəriflikdir. Ancaq şükürlər olsun ki, bugünkü gündə gənclərimizin çoxu gəncliklərinin dəyərini bilirlər, zamanında əldə etdikləri bilik və bacarıqlar sayəsində həm özlərini, həm də ölkəni inkişaf etdirirlər. Və məhz həmin gənclər uğurlu gələcəyin təminatçısıdırlar. Bu özü də çox sevindirici və qürurverici haldır. Ona görə ki, Tarixdən də şahidi olmuşuq ki, istər müstəqillik əldə etmək istəyəndə, istərsə də torpaqlarımızın müdafiəsində, ölkəmizi idman sahəsində, musiqi sahəsində, digər ölkələr arasında layiqincə tanıtmaq sahəsində gənclərimizin rolu çox böyük əvəzsiz və danılmazdır. Tarixə nəzər salsaq 1918-ci ildə Azərbaycanda Demokratik Respublikanın qurulması. Həmçinin o zaman gənclərimiz Şərqdə ilk dəfə Demokratik Respublikanın qurulmasına nail olmuşlar. Beləcə mübariz gənclərimiz öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışlar.
Daha bir tarixi fakt; yetmiş bir il sovet hakimiyyətinin buxovları altında qalan, lakin əzilməyən xalqımızın yenidən müstəqil Azərbaycan yaratmaq əzmini də göstərir.
20 Yanvar hadisələrində qorxmadan, çəkinmədən düşmənin tankı altında, gülləsi qabağında əliyalın öz canını fəda edən məhz Azərbaycan gəncliyi idi. O gəncliyin hiddətindən, qəzəbindən və cəsarətindən qorxan imperiya qoşunları geri çəkildi. Azərbaycan gəncliyi bir daha şanlı tarixə öz adını həkk etdirdi. Hətta 2020-ci ildə başlayan II Qarabağ müharibəsində də biz Azərbaycan gənclərinin nə qədər böyük qüdrətə, necə igidliyə qadir olduğunun şahidi olduq. Azərbaycan ordusunun gücü və qüdrəti bütün dünyaya məlum oldu. Müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Elə buna görə də Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir. Onun sədası sərhədlər aşır, ölkələr dolaşır.
Onu da qeyd etmək lazımdır ki, 2 fevral Azərbaycanda gənclər günüdür. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi çox böyük diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
1997-ci ildə Ulu Öndərimizin “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.
Həmçinin Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti də gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını çox böyük şərəflə yerinə yetirirlər.
Parlaq gələcəyin etibarlı təminatçısı Gənclər, Gənclər gününüz mübarək!
Yaşasın Azərbaycan gəncliyi!
Yaşasın Azərbaycan!
Cavadzadə Seyid Sürayə