“Necə olur ki, bu boyda şəhərdə bir qaziyə iş tapılmır?” – Əlil Qaziyə “turba daşımaq” işi təklif edirlər…
2 fevral tarixində “Gənclər günü” ilə əlaqədar olaraq, ölkənin ən gənc qazilərindən biri olan Fərid Nəsibovla müsabihə hazırlamışdıq.
Həmin müsahibədə ikinci qrup əlil olan Qarabağ qazisi Fərid Nəsibov Sumqayıt şəhər İcra Hakimiyyətinindən giley-güzarını bildirmiş, hətta iş üçün müraciət etməsinə baxmayaraq, İcra hakimiyyətindən ona “baxarıq deyib yola verdiklərini” qeyd etmişdi.
Nəsibov Fərid Teymur oğlu Fərid Nəsibov (sağda)
Bu gün Fərid Nəsibov Bizimyol.info-ya müraciət edərək, sözügedən müsahibədən sonra Sumqayıt şəhər İcra Hakimiyyətindən ona Zaur adlı şəxsin zəng etdiyini və ona uyğun olmayan işlər təklif etdiyini bildirib.
“Zəng edib dedi ki, müsahibə vermisən və bizim adımızı da hallandırmısan. İzah etdim ki, Bizimyol.info müharibə vaxtında mənə ilk dəstək olan media qurumudur və söhbət əsnasında ürəyimdə olanları demişəm. Mənə bildirdi ki, ““STP Zavod”da turba (boru – red.) daşımaq və başqa bir zavodun həyətində zibil yığmaq işi var. Amma sənə rəva bilmirəm”. Mənə “rəva bilmədiyini” deyir, amma mənə təklif edir. İkinci qrup əlilə turba daşımaq işini təklif etmək hansı məntiqə sığır? Sumqayıt onların öz əllərindədir. Necə olur ki, bu boyda şəhərdə bir qaziyə iş tapılmır? Mənim anam zob xəstəsidir. Mən bu dəqiqə öz ağrılarımı unudub anamın xəstəliyi ilə vuruşuram. Heç kimdən heç nə gözləmirəm. Sadəcə, məni bacardığım bir işlə təmin etmələrini istəyirəm”.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti və idarənin Böyük məsləhərtçisi Zaur Süleymanlı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Bizimyol.info
P.S. Yəqin ki, iş üçün müraciət edən şəxs Qazi deyil, icra başçısı Zakir Fərəcovun uzaq-iraq bir qohumu olsaydı, məsələn, 3 dəqiqə 17 saniyə ərzində ona gəlirli bir iş yeri tapılardı. Bu arada əmək naziri Sahil Babayevin gurultulu məşğulluq siyasəti necə oldu?..