Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri etiraz edirlər. Səbəb isə həyət evlərinin ortasında bina tikintisidir.
“Abşeronun keçmiş icra hakimi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaratdığı problemlər bitib tükənmək bilmir. Yeni gələn icra hakimi Abdin Fərzəliyev isə hələ bu problemlərə müdaxilə etmək fikirində deyil. Görünür hələ nəyin kimə məxsus olduğunu öyrənir”.
Bunu Masazır kəndinin bir qrup sakini söyləyir. Onlar şikayət edir ki, heç bir qanuni əsas olmadan düz fərdi yaşayış evlərinin ortasında göydələn ucaldılır. Hələ bu azmış kimi, heç bir təhlükəsizlik qaydasına da əməl olunmur.
Şikayətlərini Bizim.Media-ya açıqlayan qəsəbə sakinləri həm də bildiriblər ki, inşaat firması qazma işlərinə başlayacaqları barədə heç kimə məlumat verməyib. Təhlükəsizlik tədbirləri ilə heç inşaat işçiləri də əhatə olunmayıb:
“Başımızdan daş-palçıq yağır. Bizə demişdilər ki, burada üçmərtəbəli fərdi yaşayış evi olacaq. İndi isə məlum olur ki, burada 10 mərtəbəli böyük bir bina tikilir. Binanın hüdudları tam bizim hasarlarımıza birişikdir. Kimə deyiriksə də bizi eşitmək istəmir”.
Sakinlərin dediyinə görə, əslində həmin ərazidə bina tikintisi qadağandır. Bu ərazi ancaq fərdi yaşayış evləri üçün nəzərdə tutulub.
Masazır kənd icra nümayəndəsi Şahmar Həsənov isə deyir ki, mən tikintini saxlatdırmışam, sahibkarla əlaqə saxlamışam, gəlib hər şeyə əncam çəkəcək.
Əməkdaşlarımızın olay yerindən hazırladığı videoreportajda isə mənzərə tam bambaşqadır. Tikinti gedir və heç bir mənada qayda-qanuna da əməl edilmir. (Bizim.Media)
Ətraflı Videoa
AZƏRBAYCANREALLIĞI.COM