Ağdaşda inşa edilən 48 mənzilli, beşmərtəbəli yaşayış binasında işlərin yarımçıq qalması ev gözləyən sakinləri narahat edir.
Şəhər ərazisindəki hərbi qəsəbədə məskunlaşan insanlar 20 ildən çoxdur şəraitsiz və çətin vəziyyətdə yaşadıqlarını, yayı birtəhər yola versələr də qış aylarında vəziyyətin xeyli çətinləşdiyini deyirlər.
“Otuz ildir, mən bu yararsız vəziyyətdə olan, istismar müddətini çoxdan başa vuran hərbi şəhərcikdə yaşayıram. Qış olanda yağış evlərimizin içinə yağır, yayı gözləyirik, onda da ilanlar çıxır. İlanların, kəsəyənlərin, ilbizlərin əlindən yaşamağa mümkün yoxdur. Bina uçub-dağılır, evin üstünü rəngləyirik, şirələyirik, amma heç bir fayda yoxdur.
Kanalizasiya xətləri olmadığından bütün çirkab sular yaşayış evlərinin altına axır. Çox pis vəziyyətdə yaşayırıq, əgər buna yaşamaq demək olarsa”.
Zirveyolu.info bildirir ki, bunu Ağdaş sakini Ruhəngiz Fərzəliyeva Sputnik Azərbaycan-a deyib.
Bir-birinə yaxın olan evlərin tavan və döşəməsindəki taxta materiallar çürüyüb, divarlarda irili-xırdalı çatlar əmələ gəlib. Sakinlər deyirlər ki, dam örtükləri yararsız hala düşdüyündən yağıntılı havalarda otaqlar su ilə dolur.
Yaranmış çətinlikdən əziyyət çəkən sakinlərdən biri də Kamil Xəlilovdur. Şikayətçi deyir ki, ölkə başçısı Ağdaşa səfərə gələndə onlar üçün yaşayış binasının tikintisinə gözəl yer, daha sonra da pul ayırıb: “Amma yerdəki məmurlar binanın tikilməsinə imkan vermirlər. Dördüncü mərtəbəyə qədər tikilib, qalanını yarımçıq saxlayıblar. Hesabla, ötən ilin oktyabrında bizə təhvil verilməli, biz köçməli idik. İndi biz nə burada yaşaya bilirik, nə oraya köçə bilirik, qalmışıq kirayələrdə”.
Qayıdaq sakinlər üçün nəzərdə tutulan, tikintisi yarımçıq qalan yeni yaşayış binasına. Şəhərin Müşviq İsayev küçəsində inşa ediləcək bu bina fin tipli istismara yararsız evlərdə yaşayan, eləcə də XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan Qarabəy karvansarasında ötən əsrin ortalarından məskunlaşan ailələr üçün nəzərdə tutulub.
Amma təəssüf ki, bir neçə aydır işlər dayandırılıb. Binanın önündə olan lövhədən göründüyü kimi, Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında 2020-ci ilin oktyabrında tikintisinə başlanan bina bir ilin tamamında yekunlaşmalı idi. Amma işlər nədənsə yarımçıq qalıb.
Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən binanın inşası üçün prezidentin ehtiyat fondundan bu quruma üç milyon manat ayrılıb. Ayrılan vəsaitdən 2020-ci ilin dekabr ayında 702.058,54 manat avans olaraq podratçı təşkilata ödənilib. Podratçı təşkilat tərəfindən ayrılmış vəsaitə uyğun olaraq işlər yerinə yetirilib, avans məbləğinin bitməsinə baxmayaraq əlavə tikinti işləri də görülüb.
2020-ci ildə qalan vəsait – 2.220.949,45 manat – rayon icra hakimiyyəti tərəfindən dövlət büdcəsinə qaytarılıb. Ötən il yerdə qalan vəsaitin ayrılması üçün Ağdaş rayon İcra Hakimiyyəti Baş nazirə, Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Lakin 2021-ci ildə tikintisi yarımçıq qalmış 48 mənzilli yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinə vəsait ayrılmayıb.
Cari ildə vəsaitin qalan hissəsi Ağdaş İcra Hakimiyyətinə ayrılarsa, inşası yarımçıq qalmış 48 mənzilli yaşayış binasının tikintisi davam etdiriləcək.