Cəmiyyət

Bakı Yaşıllaşdırma Birliyinin işçisi, Qarabağ qazisi Baş prokurora müraciət etdi…- BYB-nin direktoru Həsrət Əmrahov və müavini Mirdamət Seyidovun əməlləri…

Bütün bunların arxasında meriyanın şöbə müdiri  Abid Əliyev dayanır

Qarabağ qazisi  həbs olunmağa  hazırdır…

Sovetlər  dönəmində 2  mühüm qurum olub. Biri “Qlavbakstroy”, yəni Bakı Baş Tikinti İdarəsi, o biri isə Bakı Yaşıllaşdırma Tresti.
Bu iki qurumun imkanları və səlahiyyəti az qala nazirlik səviyyəsində idi. Aydın oldumu, söhbət hansı miqyasda olan qurumdan gedir.
Gundəlik-Bakınının  son vaxtlar araşdırma mövzusu olan Bakı Yaşıllaşdırma Birliyi ( keçmiş trest ) – BYB  sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvasıdır.
Yuxarıda əbəs yerə qeyd etmədik ki, Birliyin əhatə dairəsi hədsiz genişdir. Birlik istər keçmiş xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, gül ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.
Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir.
Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi və s.
Birliyin böyük Avtonəqliyyat idarəsi, yüzlərlə maşınları, parkları sulayan ayrıca maşınları var.
İndi gördünüzmü, söhbət adi idarədən getmir.
Ölkəyə gətirilən ağaclar hansı qiymətə alınır və…ən əsas “transportirovka”  neçəyə  başa gəlir…
Bakı Yaşıllaşdırma Birliyində illik yanacaq-benzin  sərfini hesablasanız, görərsiniz ki, neçə milyonlarla yanacaq silinir.
Bakiya gətirilən ağacların qiyməti isə heç bir əndazəyə sığmır.
Bu yerdə yadımıza bir neçə il əvvəl baş vermiş bir “pripiska” əməliyyatı düşür.
Təsəvvür edirsiniz, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında  qeyd olunmuşdu ki, ölkəyə eşşək və qatır gətirilib. Qatırın qiyməti 20 min dollar, eşşəyin qiyməti isə 12 min dollar.
Onda Gündəlik-Bakı olaraq  Kənd Təsərrüfatı Nazilriyi ilə əlaqə saxladıq, Heyvandarlıq şöbəsinin əməkdaşlarını danışdırdıq…və bəlli oldu ki, dəhşətli şişirtmədir.
Yəni Mersedes  qiymətinə eşşək, qatır almaq dünyada analoqu olmayan hadisədir.
Nə isə..
Eyni hal bu gün Bakı Yaşıllaşdırma Birliyində baş verir.
Əgər etirazları varsa, buyursun BYB  xaricdən aldığı  ağacların, bəzək kollarının qiymətini açıqlasın.
Onda məlum olacaq ki, bu birlikdə hansı miqyasda korrupsiya halları var.
Nə isə Birliyə uzun illər Vaqif Novruzov rəhbərlik edib.
Daha doğrusu, mərhum Vaqif Novruzov  birliyin hesabına milyonçuya çevrilib, böyük biznes şəbəkəsinin sahibi olub.
Bütün bunlar keçmişdə qalıb.
Görək, bu gün BYB-də nələr baş verir.
Məlumat üçün qeyd edək ki, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı ilə yaradılıb.
Hazırda Birliyin baş direktoru  Həsrət Əmrahovdur.
Bu birliyin  sakinlər üçün təhlükə  törədən ağacı kəsmək üçün 500 manat istəməsi və digər hallarla bağlı yazdığımız üçün təkrarlamaq istəmirik.
Keçək  BYB ilə bağlı konkret şikayətə.
Deməli, Həsrət Əmrahov BYB-nin direktoru olan kimi işçiləri “sənin ixtisasın uyğun gəlmir” adı ilə işdən uzaqlaşdıraraq  rüşvətlə heç bir ixtisası uyğun gəlməyən adamları işə götürüb.
Həsrət Əmrahovdan soruşan yoxdur ki, sənin ixtisasın yaşıllaşdırmaya uyğun gəlirmi ?
Nə isə, qanunsuz olaraq  işdən uzaqlaşdırılan Qarabağ  qazisinin Baş prokurora  müraciətini olduğu kimi  dərc edirik:
“Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi 140 a ünvanda yaşayan Qarabağ veteranı  Seyidov Məmməd Təvəkkül oğlu tərəfindən
MÜRACİƏT

Hörmətli Kamran müəllim.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən 30.11.2021-ci il tarixdə Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyində  büdcədən saxta yolla tender keçirməklə mənimsədikləri  vəsaiti ört-basdır  etməklə bağlı müraciət etmişəm.
Məlumdur ki, ölkə başçısı, rəşadətli Ali Baş Komandan İlham Əliyev cənabları  keçən il oktyabr ayında  veteranların, təqaüdçülərin və fəhlələrin əmək haqlarının artırılması haqqında verdiyi  sərəncamına baxmayaraq, Yaşıllaşdırma Birliyi cənab Prezidentin  sərəncamını qabaqlayaraq  fəhlələri  məcburi olaraq  öz hesablarına məzuniyyətə göndərdilər və bir qisminin isə  20-40 faiz  arasında əmək haqlarını kəsdilər. Məcburi məzuniyyətə göndərilənlər arasında elələri var ki, onların növbəti qanuni məzuliyyəti vardır, ancaq onlar öz hesablarına məzuniyyətə getdilər.
Cənab Baş Prokuror, bunlar ancaq  özlərinə yaxın olan ölü canları işdə saxladılar.
Onu da qeyd edim ki, Hesablama Palatası  YTB-ni yoxlayanda onlar ölü canları  gizlətmək üçün onları mühüm obyektlərə Pansiyanat -2, Gənclik və Ulduz  qonaq evinə ezam etdilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mühüm obyektlərə  giriş-çıxış zamanı fəhlələr qeydiyyatdan keçir. Yoxlanılsa, aydınlaşdırmaq çox asandır. Yəni hər şey orada qeydiyyata düşüb.
Bütün bu işlərin başında  YTB-nin direktoru Həsrət Əmrahov və onun müavini Mirdamət Seyidov dayanır. Baxmayaraq ki, M.Seyidov mənimlə həmyaşıddır və bu sahəyə  kənardan gəlibdir. Amma ona müddətsiz müqavilə ilə işləmək olar, amma mən Qarabağ veteranına olmaz.  Onun yaşıllıqdan ümumiyyətlə xəbəri yoxdur, amma  əyri işləri yaxşı bilir və həm də Bakı ŞİH-nin tikinti şöbəsinin müdiri Abid Əliyevin adamıdır  və yaşıllaşdırmada  yığılan çirkli pullara nəzarət edir.
Cənab Baş  Prokuror, mən Sizə yazıram ki, mənim müraciətimi araşdırasınız, dövlətin büdcəsinin mənimsənilməsinin qarşısını alasınız və hörmətli İlham Əliyevin  korrupsiyaya və rüşvətxorluğa  qarşı  mübarizəsində  ona dəstək olasınız. Ancaq Siz mənim müraciətimi  araşdırmaq üçün dövlətin vəsaitini talayanların üzərinə göndərirsiniz. Bu nə qədər düzgündür ? Mən başa düşə bilmirəm. Bəs onda hüquq-mühafizə orqanları nəyə lazımdır ?
Cənab Baş Prokuror, Sizdən belini bərk bağlayan  YTB-nin baş direktoru  Həsrət Əmrahov məni – Qarabağ veteranını kabinetində nalayiq  sözlərlə təhqir edib qovması azmış kimi, Siz mənim müraciətimi onlara araşırma üçün göndərəndən sonra o məni tutdurmaqla hədələyir. Ancaq özləri dövlətimizin  və fəhlələrin cibinə girməkdə davam edirlər. Görünür arxaları və himayədarları möhkəm adamlardır.
Cənab Baş prokuror, Sizin səlahiyyətli nümayəndənizin və Bakı ŞİH və onun tabeliyində olan YTB-nin mənə  göndərdikləri  cavablarını və veteran vəsiqəsinin surətini  Sizə göndərirəm, mənə yazılan cavaba baxın.
Cənab Baş Prokuror, mən bir Qarabağ veteranı kimi Sizdən xahiş edirəm ki, baş direktor Həsrət Əmrahovun  dediyi kimi əgər haqqımı tələb etməkdə  günahkaramsa, mənim qanun qarşısında cavab verməyim üçün mənə iş açasınız. Günahkarlar kimlərdirsə,  cavab versinlər. Güman edirəm ki, bu müraciətim şikayət olunan ünvana göndərilməyib, tərəfinizdən araşdırılacaq.
Əvvəlcədən Qarabağ veteranları adından  təşəkkür edirəm”.
Gündəlik-Bakı olaraq müraciətdə adı keçən dövlət qurumlarından cavab gözləyirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gundelik-baku.com

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir