Cəmiyyət

“Azəristiliktəchizat” özəlləşəcək, yoxsa… – GƏLİŞMƏ

Prezident İlham Əliyev Yaşar Məmmədəli oğlu Həsənovu “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib. Sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ASC sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Beləliklə, paytaxt əhalisinin ən çox narazılıq etdiyi qurumlardan birinin rəhbəri vəzifəsindən azad olundu. Xatırladaq ki, Y.Həsənov 2005-ci ildə qurum yaradılandan “Azəristiliktəchizat” ASC-nin rəhbəri idi. Bu illər ərzində qurumun fəaliyyətində ciddi bir irəliləyişin, keyfiyyət dəyişikliyinin olduğunu söyləmək qeyri-mümkündür. Yarandığı vaxtdan bəri ASC birmənalı şəkildə təyin olunan tariflərin verilən istiliyin maya dəyərindən aşağı olduğundan şikayətlənib. Dövlət bu amili nəzərə alaraq hər il “Azəristiliktəchizat”ın satdığı məhsulun maya dəyərindən itirdiklərini büdcədən subsidiyalaşdırıb. ASC dövlət büdcəsindən subsidiya olaraq 2011-ci ildə 19.67 milyon manat, 2012 -ci ildə 20.19 milyon manat, 2013-cü ildə 20.84 milyon manat, 2014-cü ildə 21.56 milyon manat, 2015-ci ildə 22.61 milyon manat, 2016-cı ildə 18 milyon manat, 2017-ci ildə 18,896 milyon manat, 2018-ci ildə 33 milyon manat, 2019-cu ildə 16,5 milyon manat, 2020-ci ildə 26 milyon manat, 2021-ci ildə isə 17,2 milyon manat subsidiya verilib. 2022-ci ildə dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə 41,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur. Bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1 faiz çoxdur.

Subsidiyalardan əlavə, “Azəristiliktəchizat”ın istehlak etdiyi təbii qaza görə “Azəriqaz” İstehsalat Birliyi qarşısında yaranan irihəcmli borcları da demək olar ki, bütünlüklə dövlət hesabına bağlanır. 2019-cu ildə bu məqsədlə dövlət “Azəristiliktəchizat” ASC-nin istifadə etdiyi təbii qaza görə SOCAR-ın “Azəriqaz” İB-ə olan borclarının tənzimlənməsi üçün buraxılan 32,7 milyon manat sadə vekselə təminat verib. Bundan əlavə, həmin il hökumətin ehtiyat fondundan “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11,2 milyon manat da ayrılıb.

2020-ci ildə dövlət büdcəsinin birdəfəlik təyinatlı xərclərindən ASC-yə “Azəriqaz” İB-ə təbii qaza görə yaranan borcunun bağlanmasına 30 milyon manat ayrılıb. Bu vəsait 2018-ci il noyabrın 1-dən 2019-cu il dekabrın 15-i də daxil olmaqla, yığılan borcu ödəməyə yönəldilib. 2020-ci ilin əvvəlində bəyan edilib ki, artıq ASC-nin qaza görə heç bir borcu qalmayıb. Lakin 2021-ci ilin istilik mövsümü başlayanda məlum oldu ki, “Azəristiliktəchizat” qaza görə 34 milyon manat borclanıb. “Azəriqaz”ın hesablamasını düzgün hesab etməyən ASC borcun 14 milyonunu qəbul etməsə də, qurumlar arasında yaranan mübahisələr üzündən əhalinin istiliksiz qaldığını görən dövlət yenə ödənişi öz üzərinə götürüb. “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri EldənizVəliyevin dekabrın 16-da mətbuata verdiyi məlumatdan aydın olur ki, “Azəristiliktəchizat”ın təmsil etdiyi quruma olan borcu dövlət tərəfindən ödəniləcək: “Noyabrın 14-də ”Azəristiliktəchizat”ın rəhbərliyi ilə danışıqlar oldu və onlara bir həftə vaxt verdik ki, borclarını ödəsinlər. Söhbət 34 milyon manat borcdan gedir. Lakin “Azəristiliktəchizat” bunun 14 milyon manatını mübahisəli məbləğ kimi qiymətləndirdiyinə görə 20 milyon məbləğdən danışırdıq. Daha sonra növbəti görüşlər oldu və bu möhlət dekabrın 15-dək uzadıldı. Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, borcun ödənməsi üçün “Azəristilik” ASC-yə 12 milyon manat vəsait ayırdı. Bu, qaza olan borcun tam hissəsi deyil. Məbləğin digər hissəsinin ödənişini də hökumət öz üzərinə götürüb. Hazırda həmin məbləğin sənədləşməsi həyata keçirilir. Həmçinin bundan sonra digər hissə də ödənəcək”.

Göründüyü kimi, 2020-ci ildə ölkə üzrə “Azəristiliktəchizat” qazanxanalarında qaz istehlakı 223,1 milyon kubmetr təşkil edib. Həmin dövrdə “Azəristiliktəchizat” qazın 1 kubmetrini 20 qəpiyə alırdı. Beləliklə, ölkə üzrə mövcud qazanxanalar il ərzində cəmi 44 milyon 620 min manat dəyərində təbii qaz yandırıblar. Bunun məhz hansı hissəsinin “Azəristiliktəchizat” tərəfindən istehlak olunduğu açıqlanmır. Lakin nəzərə alsaq ki, ASC-nin əsas xərcləri məhz qaza görə yaranır və 2020-ci ildə dövlət quruma 26 milyon manat subsidiya ayırıb, üstəlik, 2018-2019-cu illərdən yığılan qazpulu borcunu tamamilə bağlayıb, onda “Azəristiliktəchizat”ın bir mövsümdə 34 milyon manat borclanmasının səbəbi aydın olmur.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə 2021-ci ilin 1 iyulundan “Azəristiliktəchizat”a satılan qazın qiyməti 20 qəpikdən 13 qəpiyə endirildi, noyabrın 1-dən isə 16,5 qəpiyə qaldırıldı. “Azəristiliktəchizat” tərəfindən göstərilən xidmətlərin tarifi aylıq olaraq əhali üzrə 1 kvadratmetr yaşayış sahəsi üçün 15 qəpik, qeyri-əhali üzrə 1 kubmetr isidilən həcm üçün 25 qəpik təşkil edir.

ASC-nin göstərdiyi xidmətin maya dəyərində qazın payının nə qədər olduğu açıqlanmır. Ümumiyyətlə, “Azəristiliktəchizat” ölkənin ən qapalı, ən az hesabatlı qurumları sırasında ilk yerlərdədir. 2021-ci ilin oktyabrında “Azəristiliktəchizat” 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında yarımçıq hesabatını açıqlayıb. Sərbəst auditor Aydın Hüseynov tərəfindən tərtib edilmiş və rəsmi məlumatda açıqlanan yarımçıq hesabatda qurumun gəlir və xərcləri, eləcə də mənfəət və zərəri barədə heç bir məlumat yoxdur. Bütünlüklə dövlət tərəfindən maliyyələşən və təqribən 188 milyon manatlıq aktivləri idarə edən təşkilatın maliyyə fəaliyyətinin mühüm məqamları ictimaiyyətə açıqlanmayıb.

Açıqlanan yarımçıq hesabata əsasən, 2020-ci ildə “Azəristiliktəchizat” ASC-nin aktivləri 235 min manat azalaraq 187 milyon 617,5 min manata enib. Bu dövrdə təşkilatın torpaq, tikili və avadanlıqlarının ümumi dəyəri 157 milyon manatdan 153 milyon manata, pul vəsaitləri 1,6 milyon manat azalıb, debitor borcları isə təqribən 4 milyon manat artıb.

Təşkilatın kapitalı təqribən 1 milyon manat artaraq 140 milyon manata yaxınlaşıb. Kapitalın tərkibində bölüşdürülməmiş zərər də var – 88,5 milyon manat. Əvvəlki ilin eyni göstəricisini müqayisə edəndə, bölüşdürülməmiş zərərin 1 milyon manat azaldığı görünür. Bu da “Azəristiliktəchizat” ASC-nin 2020-ci ili təqribən 1 milyon manat xalis mənfəətlə başa vurduğuna işarə edir. Təşkilatın öhdəlikləri isə təqribən 1,3 milyon manat azalaraq 47,7 milyon manata düşüb.

İndi ASC sədrinin vəzifələrini icra edən İ.Mirzəliyev 2015-ci ildə mətbuata bildirmişdi ki, müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərcləri bağlaya bilməməsidir: “Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su satılır 40 qəpiyə. Tariflər arasındakı disbalansa fikir verin. Bu, səbəblərdən biridir. Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən – təhsil, səhiyyə ocaqları, körpələr evi, qocalaq evi və sair sosial obyektlərin istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitlər, faktiki, tələbatın 50-52 faizini təşkil edir. Başqa sözlə, büdcədən maliyyələşdirilən təşkilatlar, faktiki olaraq, istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Yəni bu qəbildən olan müəssisələr üçün bir limit müəyyənləşdirilib”.

Nazirlər Kabineti 2019-cu ildə büdcədən maliyyələşən təşkilatların kommunal xidmətlər üzrə limitlərinə dair yeni qərar qəbul edib. Qərara əsasən bütün belə obyektlərdə sayğac quraşdırılmalı, yeni limitlər müəyyənləşdirilməli və xidmətlərin satışı ikitərəfli müqavilələr əsasında həyata keçirilməlidir. Beləliklə, “Azəristiliktəchizat”ın zərər etməsinə gətirən amillərdən biri aradan qaldırılmış olur. İkinci amil – istilik haqlarının maya dəyərindən aşağılığı məsələsində isə dövlət quruma dəstək verir.

Dövlətin hərtərəfli dəstəyinə rəğmən, 2018-2021-ci illərdə qurum cəmi 4 yeni qazanxana işə salıb. Nəticədə xidmət göstərilən binaların sayı 3850-dən 3874-ə, mənzillərin sayı 180 mindən 184 minə, uşaq baxçalarının sayı 150-dən 160-a, səhiyyə müəssisələrinin sayı 160-dan 161-ə, digər sosial və təsərrüfat obyektlərinin sayı 1600-dən 1980-ə qədər artıb. Maraqlıdır ki, bu dövrdə ASC-nin istiliklə təmin etdiyi məktəblərin sayı 290-dan 281-ə düşüb.

2020-ci ildə ASC yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Məqsəd qurumda idarəetmənin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, gəlirlərin artırılmasıdır. Lakin hələlik bu məqsədlərə çatıldığını söyləmək qeyri-mümkündür. Bundan əlavə, 2019-cu ilin mayında Prezidentin imzaladığı “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncamın icrası çərçivəsində ölkədə istilik təchizatı sistemində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupu yaradılıb. İndiyədək qrupun bir iclasının keçirildiyinə dair məlumat yayılıb.

İstilik təchizatı sistemində böhranlı vəziyyətin aradan qaldırılmasının əsas yolu kimi bir çox mütəxəssis “Azəristiliktəchizat”ın özəlləşdirilməsini təklif edirlər. İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, indiki mərhələdə bu, real deyil: “Qurumun rəhbərliyinin dəyişməsinin onun fəaliyyətinə müsbət təsiri mümkündür. Lakin bu, heç də bütün problemlərin həll olunacağını göstərmir. ”Azəristiliktəchizat” xidmət keyfiyyətinin aşağılığı, qeyri-şəffaflığı ilə tanınıb. Bu vəziyyətin aradan qaldırılması üçün bir sıra mühüm addımlar atılmalı, qurumun fəaliyyəti sağlamlaşdırılmalıdır. İnvestisiya Holdinqi bu sahədə ciddi araşdırmalar, təhlillər aparıb konkret addımlar müəyyən etməlidir. Hazırda bu qurumun tabeliyindəki infrastruktur dağınıq və köhnədir, israçılığa yol açır. Mövcud tariflərlə investisiyalar cəlb edib onu tam yeniləmək, keyfiyyəti artırmaq mümkün deyil. Ona görə də ilk növbədə sağlamlaşdırılmaya gedilməli, böyük güzəştlər tətbiqi ilə infrastrukturun yenilənməsinə investisiyalar cəlb olunmalıdır. Bu isə avtomatik olaraq tariflərin artırılmasını tələb edəcək. Bu baxımdan, dövlət tarif artımının əhalinin aztəminatlı hissəsinə təsirini azaltmaq üçün əlavə tədbirlər görməli olacaq. Düşünürəm ki, ASC-dəki ciddi problemləri həll etmədən onun özəlləşdirilməsi qeyri-mümkündür və yaxın müddətdə gözlənilən deyil”.
“Yeni Müsavat”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir