Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Pentensiar Xidmətin tabe qurumlarında yolların əsaslı təmiri məqsədilə “Foross 2022” MMC-yə (VÖEN – 1307531491) 48 min 924 manat ödəniləcək.
Tender müsabiqəsinin qalibi olan “Foross 2022” MMC cəmi 20 gün əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əsədov Elman Nasir oğludur.
Qeyd edək ki, Pentensiar Xidməti kotirovka sorğusunu 26.01.2022-ci il tarixində elan edib. “Foross 2022” MMC isə elandan cəmi 5 gün əvvəl – 21.01.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Bu günlərin də 2-si qeyri iş günlərinə təsadüf edib.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 3 gün (iş günü) əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da qeyd edık ki, Pentensiar Xidməti tərəfindən bu cür qeyri-adi tender müsabiqələri əvvəllər də keçirilib.
Yeniavaz.com