Elin Səsi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi
19 fevral 2022-ci il Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin Sumqayıt şəhərində Sumqayıt Gənclər Evində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışdı. Q.Paşayev təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirdi.
Sonra söz İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, milli musiqi sənətinin inkişaf tarixindən və milli musiqinin xalqımızın mədəniyyətinə olan təsirlərindən danışdı.
Daha sonra söz jurnalist Namiq Məmmədliyə verildi. N.Məmmədli hər zaman gəncləri milli-mənəvi dəyərlər sahəsində düzgün və dolğun şəkildə maarifləndirdikləri üçün İctimai birliyin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Namiq Məmmədli başda E.Talışınski olmaqla təşkilatın hər bir üzvünü təbrik edib və onların fəaliyyətinin uğurlu olduğunu vurğuladı. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını qeyd etdi.
Tədbirdə növbəti çıxış üçün söz jurnalist Elvin Səfərliyə verildi. E.Səfərli də göstərdikləri diqqət üçün İctimai birliyə öz minnətdarlığını bildirdi və layihənin işinə uğurlar arzuladı. Həmçinin tədbirdə İctimai birliyin üzvləri Məhəmməd Babayev və Xəyalə Günəş də çıxış edərək milli musiqinin önəmindən, tarixindən və insan həyatında olan əhəmiyyətindən bəhs etdilər.
Sumqayıt Gənclər Evinin metodisti Teymur Aslanlı çıxış edərək tədbirin əhəmiyyətindən danışdı və milli vətənpərvərlik, milli mənəvi dəyərlər mövzularında gələcəkdə də layihələrin çox olmasını dəstəklədiyini bildirdi.
Daha sonra tədbirdə gənclər arasında milli musiqi ilə bağlı viktorina keçirildi. Viktorinada qalib gələn Nəzrin Zeynalova İctimai birlik tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Təbirin bədii hissəsində İctimai birliyin üzvləri – ifaçı Sərxan Mirzəyev, tarzən Fəxri Alışov və kamança ifaçısı Səid Cabbarlı tərəfindən milli musiqimizin şahı olan muğam səsləndirildi. Sonda mügənni Ruslan Əkbərov tərəfindən Azərbaycan bayrağı adlı mahnı ifa olundu və xatirə şəkilləri çəkildi.