“Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.
“Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayarıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir”, – Prezident İlham Əliyev vurğulayıb.