Saleh Məmmədovun sözünü tam qəribçiliyə salmaq istəməzdim: ölüm doğrudan da haqdır, Allahın qərarıdır və onun necə gəldiyini biz bilmərik.
Ancaq hətta Haqq olan bir qəzaya görə də insanın bəzən vicdanı sızıldayır, bəzən özünü müqəssir görür, mənəvi yük daşıyır.
İki ailə tam məhv olub: bir ailənin 5 üzvü qazdan zəhərlənib, bacısının ailəsi ilə yasa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında qəzaya düşərək ölüb.
Bir gündə iki bacı ailəsi ilə birlikdə Yer üzündən silinib. Böyük faciədir və hər qurum bu faciədə “Allahın hökmü” təskinliyindən sonra bir əlini vicdanının üzərinə də qoymağı bacarmalıdır.
Niyə qazdan ölüm halları artıb? Bu insanlar illərlə qızındıqları qazdan niyə ölürlər? Kimdir günahkar? Yalnız ölənlərmi, onların öz həyatlarına səhlənkarlığımı?
Bəlkə, qazın tərkibi yoxlanılsın; bəlkə, qaz sobasını düzgün yerləşdirməyə nəzarət edən qurum da bir təəssüflənsin; bəlkə, qeyri-standart qaz sobası gətirib satan iş adamı və yaxud satıcı, yaxud qeyri-standart qaz sobası qaynaqlayan usta, onu quraşdıran fəhlə, nə bilim, onun quraşdırılmasına göz yuman sahə rəisinin… də vicdanı sızıldasın?
Bakı-Quba yolu 2008-ci ildə təhvil verilib, Azərbaycanda beton yol təcrübəsi ilə salınan ilk yollardan idi. Bu yola həmin vaxt 545 milyon 287 min 800 manat xərclənmişdi. O dövrün məzənnəsi ilə bu, 700 milyon dollara yaxın pul edirdi, indiki məzənnə ilə 1,2 milyard manata yaxın edir.
Ziya Məmmədov qürurla bu yola ən azı 30 il qarant verildiyini bildirmişdi. Heç 3 il də keçmədi, yol darmadağın oldu.
Bakı-Quba yolu 2012-ci ildən təmirdədir – hər yeri dağılır, hər yeri sökülür, hər yeri çökür, hər yeri dalğalanıb. Sonda məcbur olub, indiki yola paralel yeni yol çəkmək haqda qərar verilib.
O sürücü doğrudan da sürət həddini aşıb, əlbəttə, həyəcanlı olub, böyük faciə baş veribmiş, tələsirmiş filan-fəşməkan – bunlar aydındır. Ancaq qəzanın baş verməsinin əsas səbəbi yolda olan çökmədir, dalğalanmadır. Maşın bu dalğalanmalara, çökməyə qəfil düşdüyü üçün idarəetmədən çıxıb və aşıb. Bunu videoda tam aydın şəkildə görmək olar.
Saleh Məmmədov deyir ki, o hissədə sürət 60 km/saata endirilib, təhlükəsizlik üçün yol nişanı qoyulub.
Yaxşı, izah edin: Tağıyev qəsəbəsinin yanından keçən və heç bir maneə olmayan yolda sürət həddi niyə 60-a endirilməlidir? Şəhərin içində heç sürət 60 olmur. Niyə o qədər aşağı sürət qoyulub?
Əlbəttə ki, yol dağılıb, məhv olub və təhlükə mənbəyidir, ona görə!
Bunu niyə demirsən? Sənə nə mane olur ki, Ziya Məmmədovun çəkdiyi yolun bu qəzada heç bir səbəb yaratmadığına kimisə inandırmağa çalışırsan? Niyə və nəyi danmağa çalışırsan? Niyə özünü hədəfə çevirirsən? Z.Məmmədov o yolu çəkərkən hansı vəzifədə çalışmağının araşdırılacağındanmı narahatsan?
Yolun dağılmasına, bərbad günə düşməsinə görə kim məsuliyyət daşıyır? Təmiri ilə birlikdə 180 km-lik yola 700 milyon dollar xərclənib və bu yol 3 ildən sonra can almaqla məşğuldur?
Heç kəsi korrupsiyada və yaxud yeyintidə ittiham etmək niyyətim yoxdur. Ancaq səni yol mühəndisi aldadıbsa, yol yatağının analizi düzgün aparılmayıbsa, beton örtük qeyri-peşəkar salınıbsa – fərqi yoxdur, nə olubsa da, cavabdeh o yola 30 illik qarant verdiyini elan edən şəxsdir. Adam ya yerində olmayıb, ya da qanunsuzluqlara göz yumub.
Bunları Baş Prokurorluq və bu qurumun Korrupsiya İdarəsi bilər. Bəlkə də Aydan-arı, sudan durudur, bəlkə də Azərbaycanın hər yerindəki villalarının, xaricdəki külli miqdarda vəsaitinin mənbəyi Bakı-Quba yolunun çəkilişi zamanı buldozerin Şeyx İbrahimin xəzinəsinə ilişməsidir, ya da ulu babasında qalan külçələr…
Amma bu ölümlərə görə vicdan sızlamalıdır, adama yuxusu haram olmalıdır, ailələrin Yer üzündən silinməsindəki roluna görə adam ağrınmalıdır.
Mütləq bunun bir cəzası olacaq – necəsini görəcəyik.
Ancaq bu olanlara haqq qazandırmaq üçün Allah və Haqq anlayışlarını bu qədər istismar etmək olmaz! //axar.az//