Cəmiyyət

Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır? – Deputatlar Operativ Qərargaha etiraz edir

Pandemiya davam etsə də, artıq bir çox ölkə quru sərhədlərini açır.

Bu ölkələr sırasına ötən gün qonşu Gürcüstan da qoşulub. Belə ki, Gürcüstan Koordinasiya Şurasının qərarına əsasən, martın 1-dən tam peyvənd olunmuş və ya 72 saatlıq “PCR” testinin mənfi cavabı olan bütün əcnəbi vətəndaşlara Gürcüstana hava, quru və dəniz yolu ilə daxil olmaq hüququ verilib.

“Martın 1-dən hava, quru və dəniz yolu ilə ölkəyə daxil olan bütün xarici vətəndaşlar/rezidentlər tam peyvənd olunmuş olmalıdırlar. Peyvənd olunmadıqları təqdirdə isə 72 saatlıq “PCR” testin mənfi cavabını təqdim etməlidir “, – məlumatda qeyd olunur.

Lakin Azərbaycanda quru sərhədlərin açılması ilə bağlı 2020-ci ilin martında qoyulan məhdudiyyət hələ də aradan götürülməyib. Artıq 2 ilə yaxındır ki, bu problemlə bağlı hər hansı bir müsbət qərar verilmir. Məsələyə münasibət bildirən rəsmi qurumlar bunu pandemiya ilə əlaqələndirir. Belə olan halda sual olunur: Məgər pandemiya yalnız bizim ölkədəmi müşahidə olunur? O zaman digər ölkələr niyə sərhədləri açır? Təbii ki, burada əsas səbəb bilet monopoliyasıdır. Quru sərhədlərinin açılmamasından istifadə edən AZAL biletləri daha baha qiymətə sataraq bu sahədə monopoliya yaradıb. Hər sahədə qiymət bahalaşmasını cibinə uyğunlaşdıra bilməyən vətəndaş isə təbii ki, işlərini yoluna qoymaq məqsədilə bu uçuşu reallaşdıra bilmir.

Daha bir faktı diqqətə çatdıraq. Türkiyəyə gediş üçün 400 manatlıq bilet xərcini ödəyə bilməyən şəxslər məcbur qalıb daha qısa və ucuz yoldan istifadə etməli olur. Məsələn, Bakıdan Naxçıvana 50 manata gedən sərnişin oradan rahat şəkildə Türkiyəyə quru yolla keçə bilir, çünki sərhəd açıqdır.

Naxçıvandan Türkiyəyə gediş isə avtobusla 8 manata başa gəlir. Düzdür, qiymət ucuz görünsə də, proses insanların işini xeyli yubadır. İstənilən halda, bu məhdudiyyətin heç bir xoş tərəfi yoxdur. Məlum məsələdir ki, ölkədə virusa yoluxanlar getdikcə azalır.

Maraqlıdır, o zaman quru sərhədlərinin bağlı qalmasına səbəb nədir?

Zirveyolu.info xəbər verir ki, cebhe.info bununla bağlı deputatlarla danışıb. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib ki, bütün məhdudiyyətlər 1 ay ərzində aradan götürülməldir:

“Təəssüflər olsun ki, hələ də Azərbaycanda quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul olunmur. Bunu da pandemiya ilə əlaqələndirirlər. Təbii ki, buna haqq qazandırmaq olar. Bizim tibb sektorumuz 2-3 min xəstə ilə bacara bilmir. Narazılıqlar da buradan yaranır. Amma indi həm dünya koronayla mübarizəni öyrəndi, həm insanlarımız. Əvvəlki ajiotaj və təşviş aradan qaldırılıb. İndi bir çox insanlar 103-ə zəng etmədən özü-özlərini müalicə edirlər. O baxımdan, artıq virus əvvəlki təhlükəni törətmir, indiki ştammları da insanlarımız yüngül keçirir.

Quru sərhədlərinin bağlı qalması iqtisadiyyatımız, iş yerlərinin açılması, insanlarımızın gediş-gəlişi, dolanışığı üçün problemlər yaradır. O baxımdan hesab edirəm ki, Operativ Qərargah quru sərhədlərinin açılması ilə də bağlı qərar qəbul etməlidir. Yas məclislərinin keçirilməsinə də artıq icazə verilməlidir. Ümumiyyətlə, hesab edirəm ki, bir ay müddətində COVID-la bağlı bütün məhdudiyyətləri aradan qaldırmaq və əvvəlki həyatımıza keçmək üçün addımlar atmaq lazımdır. İnsanlarımızın gözləntisi budur və bütün dünya buna doğru gedir. Ona görə də bu sahədə gecikməməyi tövsiyə edərdim”.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da quru sərhədlərinin açılmalı olduğunu deyib:

“Bütün məhdudiyyətləri təcridən aradan qaldırmaq lazımdır. Çünki qonşu ölkələrdə olduğu kimi, bizdə də quru sərhədlərin açılması vacibdir. Onsuz da insanlar bir-birini yoluxduraraq xəstələnirlər. Bu səbəbdən insanların sıxıntı içində qalmasının bir mənası yoxdur. Quru sərhədləri açılmalıdır ki, təyyarə biletlərindəki qiymətlər də aşağı ensin. Eyni zamanda, biznesin inkişafı üçün bunu etmək lazımdır. Bu indiki şəraitdə həm psixoloji gərginlik yaradır, həm iqtisadi problemlərin qalmasın, həm də iş yerlərinin müəyyən dərəcədə çöküşünə səbəb olur. Buna görə də hesab edirəm ki, qonşu ölkələrin təcrübəsindən istifadə etməklə eyni addımı atmalıyıq. Çünki başqa formada gecikmək bizim özümüzə, vətəndaşımıza ciddi ziyan verəcək. Biletlərin qiymətini endirmək mümkün deyil. Onu bahalaşdıran imtiyazlı şəxslərdir. İmtiyazlı şəxslər sanki qanundan üstündürlər. Bir qrup insanın qanundan üstün olduğu yerdə də bunu etmək də çətindir. Ölkə Prezidenti təyin etdiyi icra başçıları ilə bağlı açıq şəkildə bildirir ki, onlar onun etimadını doğrultmurlar, xalqa arxa çevirirlər, xalqa müəyyən problemlər yaradırlar, heç biri xalqın qeydinə qalmır. Eyni problem digər sahələrdə də mövcuddur. Kadrların doğru seçilməməsi vətəndaşın başında çartlayır. Gürcüstanda kimsə bu qiyməti vətəndaşa təqdim edə bilərmi? Xeyr. Bizdə isə toxunulmazlıq olduğuna görə heç kim heç nəyi dəyişmək istəmir. Ona görə də bu bilet qiymətləri dəyişmir. Heç olmasa, quru sərhədləri açılsın ki, insanlar daha ucuz yollardan istifadə edib minimum şəkildə problemlərini həll etsinlər. Gedişat onu göstərir ki, bilet məsələsində heç bir dönüş yaranmayacaq. Bəlkə quru sərhədləri açılandan, alternativlər çox olandan sonra öz səyahətlərini edə bilərlər”.

Deputat Aqil Abbas isə təyyarə biletlərinin bahalığından şikayətlənib:

“Quru sərhədlərinin açılması məsələsinə baxılmalıdır. Artıq qapıları açmağın vaxtıdır. Müəyyən şərtlər daxilində bu prosesi həyata keçirmək olar. Xüsusilə, qarşıdan bayram gəldiyi üçün də sərhədlər açılmalıdır ki, Azərbaycana da turist gəlsin. Həm də insanlara gediş-gəliş rahat olsun. Çünki təyyarə biletlərinin qiyməti də bahadır və qiyməti azaldılmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir