Cəmiyyət

Penitensiar Xidmət niyə uçurumun dibindədir? – AKTUAL

Azərbaycanda aparılan köklü islahatlar prosesi, dövlət qurumlarında şəffaflığın artırılması və vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Ədliyyə Nazirliyindən də yan keçməyib.

İqtisadi-sosial, siyasi və kadr islahatları İkinci Qarabağ Müharibəsindən əvvəl başlasa da, müharibədən sonra yeni və daha funksional bir mərhələyə qədəm qoyub. On illər boyu yüksək post tutan ölkənin ən iri ranqlı məmurları müharibədən öncə Dövlət başçısı tərəfindən görəvlərindən alındılar. Proses bu gün də davam edir. Demək olar ki, bu müddət ərzində Azərbaycanda hökumət üzvlərinin (nazirlər, komitə sədrləri) əksəriyyəti öz vəzifəsini itirib. Hətta onların içərisində hazırda həbsxanada cəza çəkənlər də var. Lakin ölkədə aparılan kadr islahatlarından hələki kənarda qalan yüksək vəzifəli şəxslər də az deyil. Onların içərisində FHN rəhbəri Kəmaləddin Heydərov, Ədliyyə naziri Fikrət Məmmədov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov ilk yerdə qərarlaşır. Bu şəxslərin rəhbərlik etdikləri qurumların fəaliyyətinin təhlili müxtəlif mövzuların predmetidir. Vətəndaş-dövlət münasibətlərinin hüquqi aspektlərinin həssaslığını nəzərə alaraq, ilk olaraq Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunmaq daha məqsədəuyğundur.

Son illər Ədliyyə Nazirliyinin fəaliyyətindəki müsbət dönüşü müşahidə etmək elə də çətin deyil. “Elektron-məhkəmə” informasiya sisteminin yaradılması ədalət mühakiməsinin səmərəliliyini artırıb, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası təmin edilib. Daha məhkəmələrin uçuq-sökük, vahiməli divarları insanlarda əlavə psixoloji gərginlik yaratmır, müasir məhkəmə iclas zalları yaradılıb, “Mobil notariat” sisteminin tətbiqi hüquqi xidmətin keyfiyyətini artırıb. Məhkəmə-hüquq sistemi özünün praktiki və nəzəri görkəmini tamamilə dəyişib, icra-probasiya nəzarəti sahəsində möhkəm tədbirlər sistemi qurulub. Ədliyyə naziri F.Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurası süründürməçiliyə görə xeyli sayda hakimi cəzalandırıb. Eyni zamanda, şəxsən nazir F.Məmmədovun özü mətbuatla yaxşı iş prinsipləri qurub.

Ancaq bütün bu uğurlarla yanaşı, Ədliyyə Nazirliyinin müsbət fəaliyyətini və imicini məqsədli şəkildə qamçılayan, ümumilikdə isə ölkədəki islahatlar prosesini tormozlayan Penitensiar Xidmətdə heç bir müsbət dəyişiklik baş verməyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti niyə nöqsanlardan xilas ola bilmir? Maraqlıdır, bu qurumun fəaliyyətində zərrə qədər də olsun müsbət irəliləyiş baş vermir. Penitensiar Xidmətdəki qanunsuzluqlar, hüquq pozuntuları ölkənin beynəlxalq imicini də büsbütün ciddi zərbə altına qoyub. Cəzaçəkmə müəssisələrindəki acınacaqlı durum daha da ağırlaşıb. Tövsiyələr isə nəzərə alınmır. Araşdırmalar nəticəsində üzə çıxarılan nöqsanların aradan qaldırılması üçün beynəlxalq təşkilatların verdiyi rəy də qulaqardına vurulur.

CPT Azərbaycan cəzaçəkmə müəssisələrinə hansı rəyi verib?

İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) davamlı olaraq Azərbaycan cəzaçəkmə müəssisələrinə baş çəkir.

CPT sonuncu dəfə 2020-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olub. Komitə məhbusların saxlanma şəraiti, qidalanması, onların hüquqlarının qorunması ilə bağlı ciddi araşdırma aparıb və ciddi nöqsanlar aşkarlayıb. CPT bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr də verib. Amma təəssüflər olsun ki, ötən bu müddət ərzində beynəlxalq qurumun aşkarladığı nöqsanlar aradan qaldırılmayıb. Əksinə cəzaçəkmə müəssisələrindəki hüquq pozuntuları ən pik həddə çatıb. Məsələn, 4 saylı Qadınsaylı Cəzaçəkmə Müəssisəsindəki ciddi nöqsanlar dəyişməz olaraq qalır. CPT-nin əvvəlki səfərləri zamanı aşkarladığı mənfi hallar növbəti səfər zamanı yenidən üzə çıxır, hər dəfə tövsiyələr verilir, amma nəticə olmur.

Bəs CPT-nin aşkarladığı nöqsanların aradan qaldırılmaması bizə nə vəd edir?

İlk növbədə qeyd etmək lazımdır ki, CPT bu sahə üzrə ixtisaslaşmış qurumdur və digər beynəlxalq təşkilatlar üçün mötəbər istinad mənbəyi rolunu oynayır. Araşdırmalar göstərir ki, beynəxalq məhkəmələr üçün ən etibarlı istinad nöqtələrindən biri məhz CPT-dir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanla əlaqəli hər hansı beynəlxalq məhkəmə qərarı bu qurumun verdiyi rəylər əsasında da formalaşa bilər. Yaxud beynəlxalq qurumlar mötəbər mənbə kimi yanaşdığı CPT-nin hesabatlarından Azərbaycan əleyhinə istifadə edə bilərlər. Ona görə də bu qurumun tövsiyələrinin yerinə yetirilməsi qaçılmazdır. Əks halda ölkənin beynəxlalq imici zərbə altına qoyulur.

Cəzaçəkmə müəssisələrində ölüm və intihar halları artır

Əvvəlki illərlə müqayisədə 2021-ci ildə cəzaçəkmə müəssisələrində ölüm, intihar hallarında artım müşahidə olunur. Məsələn, 2021-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 13 intihar hadisəsi baş verib. Öz-özünə xəsarət halları 242 dəfə qeydə alınıb. Ümumilikdə isə cəzaçəkmə müəssisələrində ölüm faktı 38% artıb.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindəki ənənəvi, həll edilməyən, bu gün daha da acınacaqlı hal alan və bizim də dəfələrlə toxunduğumuz nöqsanlarından bir neçəsini qeyd edirik:

– Məhbusların hüquqları kobud şəkildə pozulur. Cinayətkar həbs edilirsə, onun azadlığı əlindən alınır, ancaq onun bütün hüquqları əlindən alına bilməz.

– Narkotik vasitələrdən istifadə xaotik hal alıb. Cəzaçəkmə müəssisələrində narkotik vasitələrdən təkcə məhbuslar istifadə etmir.

– Gigiyena qaydaları, hamam-tualet şəraiti bərbad durumdadır. Hamam pulludur.

– Məhbuslar rüşvət vermədən tibb, ərzaq və digər təminatlardan yararlana bilmirlər. Məhbusun pulu yoxdursa, müalicə ala bilmir və normal qidalanmadan da məhrum edilir.

– Cəzaçəkmə müəssisələrindəki ərzaq köşkləri soyğunçuluqla məşğuldur, onlar məhbusları borclandırır.

– Həbs edilən məmurlara komfort şərait yaradılır, onlara rüşvət müqabilində xüsusi otaq ayrılır, kondisioneri, mebeli, televizoru və s. öz yerində… Pulsuz məhbuslar isə ağır şərtlər altında cəza çəkirlər.

– Məhbusların islah olunması üçün elementar hərəkət belə yoxdur. Onlar cəza müddətlərini başa vurandan sonra daha aqressiv və potensial cinayətkar kimi həbsxanalardan cəmiyyətə transfer edilirlər və s.

Azərbaycan qanunvericiliyində məhbuslarla bağlı “insani münasibətin sərgilənməsi” ən mühüm amil kimi ifadə olunsa da, Penitensiar Xidmət bunun tam əksini reallaşdırır.

Samir Feyruzov
Demokrat.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir