Cəmiyyət

Təhsil haqları ən azı 50 faiz azaldılmalıdır – ÇAĞIRIŞ

Ombudsman Azərbaycan Respublikası vətəndaşları üçün təhsil müəssisələrində təhsil haqqının endirilməsini təklif edib.
Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınması, dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması təklif edilir.
Eyni zamanda kənd rayonlarında əhalinin sayı az olan yaşayış məntəqələrində yeni məktəblərin, o cümlədən modul tipli məktəblərin tikilib istifadəyə verilməsi və ya mümkün olmadıqda həmin məntəqələrdə yaşayan məktəbli uşaqların yaxınlıqdakı qəsəbə və kənd məktəblərinə dövlət hesabına daşınmasının təşkili, respublikanın müxtəlif regionlarında, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması tövsiyə edilib.

Zirveyolu.info xəbər verir ki, ombudsmanın təhsil ödənişləri ilə bağlı təklifini “Şərq”ə dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, hazırda ali təhsil müəssisələrinin qəbul planı yerinin 50 faizi ödənişsiz ixtisaslardır.
“Ali və orta ixtisas təhsil müəssisələrində ümumilikdə 110 min nəfər ödənişli əsaslarla təhsil alır. Son 5 ildə 7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən imtina edib. Bu, ciddi rəqəmdir. Nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin cəmi 17 faizi ali təhsillidir. Biz əmək bazarında rəqabət yaratmaq və ixtisaslı kadrların sayını çoxaltmaq üçün savadlı insanların sayını artırmalıyıq. Bütün bunların fonunda bu addıma ehtiyac var.
Azərbaycanda təhsil haqqı kifayət qədər yüksəkdir. Keyfiyyət baxımından yanaşsaq, pulsuz təhsil də bahadır. Bizim ali təhsilimiz o qədər aşağı səviyyəlidir ki, ona pul vermək lazım deyil. Onsuz da orta ixtisas və ya ali təhsili başa vurandan sonra iş tapmaq üçün mütləq əlavə pul verməlidirlər. Bu qədər pula ehtiyac yoxdur. Biz ali təhsil müəssisələrinin təhsil haqlarını ən azı 50 faiz azaltmalıyıq. Bu, ali təhsilin əlçatanlığının, əhatə dairəsinin genişlənməsinə imkan verəcək. Bütün sosial təbəqələrdən olan insanlar bu imkandan faydalana biləcəklər. Əlavə olaraq keyfiyyət də artmalıdır”.
Ekspert əhalinin sayının az olduğu yerlərdə yaşanan məktəb problemindən də danışıb. O bildirib ki, dağlıq və dağətəyi ərazilərdə, Masallıda, Lerikdə, Daşkəsəndə, Qubada və s. məktəblər uzaq məsafədə yerləşir:
“İnsanlar uzaq yol getməli olurlar. Həmin ərazilərdə modul tipli məktəblərin tikilməsi çox yaxşı olardı. Çünki vaxt itkisi və yol təhlükəsi problemləri aradan qalxacaq. Bu səbəbdən, ombudsmanın təklifi kifayət qədər müsbət təklifdir və orta ümumtəhsil məktəblərinin keyfiyyətinin artırılması üçün vacib məqamdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir