Azərbaycanda göbələk kimi artan Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən dələduzluğa məruz qalan vətəndaşlarımızın sayı get-gedə artır. Redaksiyamıza özünə qarşı həmin şirkətlər tərəfindən dələduzluq edilən çox sayda sakinlər müraciət edir. Onlar öz şikayətlərini aidiyyatı orqanlara çatdırmaq istəyirlər. Bir çox hallarda özlərini həmin şirkətlərin rəhbəri kimi qələmə verən dələduz şəxslər və onların əlbir olduqları “ortaqları” cəzasız qalır.
Məsələn, keçən yazılarımızdan birində “Proqress 2016” MTK-nın bir vətəndaşa 53 min manat dəyərində ev satdığı, daha sonra həmin evi həm də bir neçə nəfərə satıb, özünü məsuliyyətdən yayındırmağa çalışması barədə redaksiyamıza müraciət daxil olmuşdu. Vətəndaş özünə qarşı edilmiş bu dələduzluğa qarşı aidiyyatı orqanlara, o cümlədən, Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etsə də, ona hər hansı bir cavab verilməmişdi. Elə vətəndaşla birlikdə bizim də suallarımızdan yayınan, sorğumuza cavab verməyən Baş Prokurorluğun mətbuat xidməti bir daha bu davranışı ilə elə bir təəssürat formalaşdırdı ki, vətəndaşlara qarşı belə böyük dələduzluq cinayətləri, sakinlərin şikayətləri sanki onları maraqlandırmır. Bütün bunlara baxmayaraq, biz yenə də öz üzərimizə düşən vəzifəni icra edib, vətəndaşlarımızın ünvanladıqları müraciətləri dərc etməyə, onu işıqlandırmağa çalışırıq. Bundan sonrası isə aidiyyatı qurumların üzərinə düşür.
Bu yaxınlarda növbəti mütəşəkkil dələduzluq faktı ilə əlaqədar aidiyyatı orqanlara müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşı, birinci Qarabağ müharibəsinin qazisi Nuriyev Əli Şaban oğlu redaksiyamıza müraciət edib. Qarabağ qazisi, ona qarşı edilən cinayət əməlini mətbuatda işıqlandırmağı və aidiyyatı orqanların da bu məsələyə daha ciddi yanaşmasını xahiş edib. Həmin müraciət mətnini oxucularımıza təqdim edir, məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən ən qısa və operativ şəkildə bu problem nəzarətə götürmələrini xahiş edirik. Çünki hər gün artmaqda olan MTK şirkətlərinin bəziləri, vətəndaşları aldadıb cibinə girdikdən sonra onlara mane olunmadığını və məsuliyyətə cəlb edilmədiklərini görüb, daha da ruhlanırlar:
“Mən Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi, 1 mənzil 26 ünvanında yerləşən mənzili əsaslı təmir etdirmək üçün 11.06.2021-ci il tarixdə özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə 05/27 saylı müqavilə bağlamışam. Müqaviləyə görə, icraçı – “AZ İNTEKST” MMC 11.06.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək mənzili əsaslı təmir etməli, müqavilənin 10-cu bəndində qeyd edilmiş işləri görməli və materiallardan istifadə etməli idi. Sifarişçi olaraq mən isə xidmət haqqı kimi ümumilikdə 32000 manat pul ödəməli idim. Həmin şəxslə məni əvvəllər tanıdığım Məmməd Nağıyev tanış etdirmiş və onların işlərini keyfiyyətli və vaxtında gördüyünü bildirmişdir.
13.06.2021-ci il tarixdən mən razılaşdırmış olduğumuz məbləği hissə-hissə Cabbarov Ruhəddin Rasim oğluna təqdim etməyə başladım və həmin ödənişlər məbləği və edildiyi tarix müqavilənin sonunda qeyd edilmiş və alınmasını R.Cabbarov imzası ilə təsdiq etmişdir. Bundan başqa ödənişlərin bir qismi də Ruhəddin Cabbarovun göstərişinə əsasən onun həyat yoldaşı Cabbarova Gülnar Rüfəddin qızının adına olan bank kartına ödənilmişdir.
Təmir işləri yerinə yetirilmədiyindən 05.09.2021-ci il tarixdə Fətəliyev Telman İsrayıl oğlu və R.Cabbarovun qohumu Quliyev Kənan Cavid oğlu görüşlər keçirilib. Görüş zamanı T.Fətəliyev mənzildəki təmir işlərini özünün və qohumunun da cavabdehlik daşıyaraq üzərinə düşən öhdəlikləri davam etdirəcəyinə və 01.10.2021-ci il tarixinədək bütün təmir işlərini yekunlaşdıraraq mənzili təhvil verəcəyinə söz vermişdir. Bundan sonra 11.06.2021-ci il tarixli 05/27 saylı müqaviləyə 08.09.2021-ci il tarixdə əlavə razılaşma tərtib etdik. Həmin əlavə razılaşmaya görə mənzilin təmiri və görülməli işlər 01.10.2021-ci il tarixədək təhvil verilməli idi. Həmin razılaşmaya əsasən Fətəliyev Telman İsrayıl oğlu da həmin öhdəlikləri öz üzərinə götürmüşdür.
Ruhəddin Cabbarov və Telman Fətəliyev qeyd etmişdilər ki, öhdəlikləri zamanında icra etməsələr Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Mülki Məcəlləsi ilə məsulliyyət daşıyırlar. Baxmayaraq ki, mən Ruhəddin Cabbarov Rasim oğluna, Gülnar Cabbarova Rüfəddin qızına, Telman Fətəliyev İsrayıl oğluna ümumilikdə 22611 manat pul vermişəm və razılaşdırmış olduğumuz təmir işlərinin görülməsinin əksinə mənzil bərbad vəziyyətə düşmüş və qəsdən zədələnmişdir.
Yuxarıda qeyd etdiyim müqavilə Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi, 1 mənzil 26 ünvanında bağlanmış, o cümlədən nağd şəkildə verilən pullar həmin ünvanda verilmişdir. Mən 22611 manatı tələb etməyə başladım. Hər hansı bir nəticə əldə etmədim. R.Cabbarovun bacanağı Quliyev Sənan Cavid oğlu ilə danışığımız olmuş, sonuncu bildirmişdir ki, o, vurulmuş ziyan məsələsini həll edəcək, pulu geri qaytarmaq üçün mənimlə saat 19:00-da görüşəcək. Sonradan onun telefonuna hər hansı bir zəng çatmamışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında R.Cabbarovla məni tanış etdirdiyi Məmməd Nağıyevə zəng vuraraq bildirmişdir ki, mənzildə təmir işlərini görülməsinin əksinə mənə maddi ziyan vurulmuşdur. R.Cabbarovun ilə bizi o tanış etdirdiyindən onunla danışıb, mülkümə vurulmuş ziyanın maddi qarşılığını qaytarmasını təmin etməyi xahiş etmişdik. Lakin M.Nağıyev, bu məsələyə onu qarışdırmamağımızı bildirmiş və telefonu söndürmüşdür.
Məmməd Nağıyev, R.Cabbarovun və T.Fətəliyevin bu cür əməllərindən xəbəri olsa da, özünün sosial şəbəkə səhifəsindən R.Cabbarova məxsus olan sosial şəbəkə səhfəsindəki tanıtım xarakterli məlumatları bəyənməyə davam edir və həmin səhfəni izləyir. Əlavə edim ki, həmin səhifədə qeyd olunan əlaqə nömrəsi R.Cabbarovanın həyat yoldaşı Gülnar Cabbarovanın adına qeydiyyatdan keçmişdir.
Sonradan “AZ İNTEKST” MMC barədə internet resuslarında axtarış apardıq. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi səhfəsindən mənə məlum olmuşdur ki, “AZ İNTEKST” MMC 02.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i 1405193771, hüquqi ünvanı AZ1007 Bakı şəhəri Nəsimi rayonu Ak.Mirəli Qaşqay ev 83-dür və qanuni təmsilçisi-direktoru Musazadə Məhəmməd Əbülfət oğludur. Rəhbəri olduğu “AZ İNTEKST” MMC-nin işlərini niyə görmədiyini, niyə R.Cabbarovun özünü “AZ İNTEKST” MMC-nin rəhbəri kimi təqdim etdiyini, şirkətin adından müqavilələr imzaladığını, şirkətin möhründən istifadə etdiyini və dəymiş ziyanı kimin ödəyəcəyini aydınlaşdırmaq üçün Məhəmməd Musazadə ilə görüşümüz olmuşdur. Görüş zamanı M.Musazadə bildirmişdir ki, əvvəllər R.Cabbarov ilə birlikdə iş görmüşlər, əməkdaşlıq etmişlər, sonradan onunla əməkdaşlığı dayandırmışdır və onunla hazırda heç bir əlaqəsi yoxdur. Rəhbəri olduğu “AZ İNTEKST” MMC-nin möhrünün itməsi barədə polisə məlumat vermiş, qəzetdə elan dərc etdirmiş, bununla da möhrü utilizasiya etdirmişdir. Lakin şirkətin möhrünün R.Cabbarovda olduğunu və onun istifadə edildiyini bilir. Çünki bir neçə ay qabaq başqa şəxslər də “AZ İNTEKST” MMC-nin möhrünün olduğu müqavilələr gətirərək ona göstərmişlər. Bizdən hər hansı bir yerə şikayət etməməsini xahiş etmiş və bir həftə ərzində mənə vurulmuş maddi ziyandan 12000 manatı ödəyəcəyinə söz vermişdir.
Artıq mənə aydın olmuşdur ki, 11.06.2021-ci il tarixli 05/27 saylı müqavilə saxtadır, həmin müqaviləni bağlayan Cabbarov Ruhəddin Rasim oğlunun “AZ İNTEKST” MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Həmçinin möhür də etibarlı olmamışdır. Musazadə Məhəmməd Əbülfət oğlu da ziyanı ödəməmişdir. O, R.Cabbarov ilə əlaqəsinin olmadığını desə də bir neçə dəfə Ruhəddin Cabbarov Rasim oğlunun və Gülnar Cabbarova Rüfəddin qızının yaşadığı ünvana getmiş və onlarla görüşmüşdür. Əlimizdə olan dəlillərə əsasən aralarında olan danışıqdan aydın olur ki, onlar şirkətin mövcud vergi borcunu ödəyib, şirkəti bağlamaq istəyirlər. Bununla da məsuliyyətdən yayınacaqlarını düşünürlər. Lakin şirkətin möhrünü nə edəcəklərini isə hələ qərarlaşdırmayıblar.
Göründüyü kimi Musazadə Məhəmməd Əbülfət oğlu, hazırki şikayətimdə barələrində qanuni tədbirlər görülməsini xahiş etdiyim şəxslərlə birlikdə əlbir olub, vəzifə saxtakarlığı etmiş, vəzifələrindən sui-istifadə etməklə rəhbəri olduğu “AZ İNTEKST” MMC-nin möhrünün itməsi barədə polisə və qəzetə yalan məlumat vermiş, bununla da şirkət üçün yeni möhür çıxartdırmağa nail olmuşdur. Əvvəlki möhrü isə R.Cabbarova vermişdir ki, sonuncu özünü “AZ İNTEKST” MMC-nin direktoru təqdim etdiyi müqavilələri bağlayarkən istifadə etsin və mənim kimi şəxsləri aldatmaqla pul əldə etsinlər.
R.Cabbarovun qaynatası Seyidbalayev Rüfəddin Şahbaba ilə danışığımız olub. R.Cabbarovun və T.Fətəliyevin mənə maddi ziyan vurduğu barədə məlumat vermiş, vurulmuş maddi ziyanın qaytarılmasını xahiş etmişdik. Telefon danışığı zamanı R.Seyidbalayev bildirmişdir ki, o, vurulmuş ziyan məsələsini həll edəcək və pulun geri qaytarılmasını təmin edəcəkdir. Lakin hər hansı bir nəticə olmamışdır.
Sonra R.Cabbarovun digər bacanağı İbrahimov Elçin Sadıq oğlu ilə telefonla danışığı və 2 saat müddətlik görüş keçirilib. E.İbrahimov da R.Cabbarov ilə danışacağını və bizimlə əlaqə saxlamasına köməkilik edəcəyini bildirmişdir.
E.İbrahimov ilə son dəfə görüşüləndə bildirmişdir ki, o, R.Cabbarovun rayonda qaldığı ünvana gedəcək və ona bizimlə görüşməli olduğunu bildirəcək. Rayona getdikdən sonra bizə zəng vuraraq 10.10.2021-ci il tarixdə R.Cabbarovun onunla görüşəcəyini bildirmişdir. Lakin R.Cabbarov hər hansı bir görüşə gəlməmişdir. 11.10.2021-ci il tarixdə Elçin İbrahimova zəng edərək hansı səbəbdən R.Cabbarovun görüşə gəlmədiyini soruşmuş, E.İbrahimov bildirmişdir ki, R.Cabbarovun əvəzinə zərərçəkənlər ilə sonuncunun qaynı görüşür, o sizinlədə əlaqə saxlayacaqdır və görüşəcəkdir. Lakin hər hansı bir nəticə olmamışdır.
Qeyd edim ki, mənzildə işləmiş 20 nəfərə yaxın ustalara və fəhlələrə əmək haqqları tam ödənilməmişdir. Onlar həmin şəxslərdən aslı olduqlarından, onlarla əmək müqaviləsi də bağlanmamışdır. Hətta tikinti materillarının da dəyəri mağazalara ödənilməmişdir.
Bütün bunlar göstərir ki, Məmməd Nağıyev, Cabbarov Ruhəddin Rasim oğlu, Seyidbalayev Rüfəddin Şahbaba oğlu, Cabbarova Gülnar Rüfəddin qızı, Fətəliyev Telman İsrayıl oğlu, Musazadə Məhəmməd Əbülfət oğlu, Quliyev Kənan Cavid oğlu, İbrahimov Elçin Sadıq oğlu və Quliyev Sənan Cavid oğlu birlikdə əlaqəli şəkildə fəaliyyət göstərirlər, etdikləri əməllərdən hər birinin xəbəri var və birgə fəaliyyət göstərirlər.
Hesab edirəm ki, təkcə mənimlə əlaqədar baş vermiş hadisədə adı çəkilən şəxslər dövlətin və ya cəmiyyətin mənafeyinə toxunan cinayətlərin məcmusunu (əmlakı zədələmə, vəzifə saxtakarlığı, rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, əmək müqaviləsi olmayan işçilərin vasitəsilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eləcə də onlara aid vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, dələduzluq və s.) cinayətlər törətmişlər. Habelə adı çəkilən şəxslər mütəşəkkil cinayətkar dəstə olması da istisna deyil. Məndə olan məlumatlara görə onların tək mənə yox, məndən başqa 20 nəfərə yaxın şəxsədə ziyan vurmuşlar.
Bütün bu işlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti,Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikasının Nərimanov Rayon Prokurorluğuna şikayət ərizələri verilmişdir. Hazırda mahiyyəti üzrə iş Nərimanov Rayon Polis idarəsinin İstintaq Şöbəsinin əməkdaşının icraatındadır və həmin şəxslərin gətirilməsinə göstəriş verilmişdir. Bizdə olan məlumata görə, yuxarıda adı çəkilənlərin bəzilərinə Binəqədi Rayon Polis idarəsində cinayət işi açılmışdır. Amma həmin insanlar sosial şəbəkələr və digər vasitələrlə əməllərini davam etdirməkdədir. Sizdən xahişim, bizlərə köməklik edərək dəymiş ziyanı və ödədiyimiz vəsaiti geri qaytarmağa köməklik göstərəsiniz. Həmin insanlar da qanun qarşısında cavab versinlər.”
P.S. Qeyd edək ki, yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bizimyol.info