DİA.AZ xəbər verir ki, Masallı rayonundan Reallıq.Tv – yə şikayət məktubları daxil olub. Vətəndaşların redaksiyamıza ünvanladığı məktublarda qeyd olunur ki, Masallınin icra başçısı Şahin Məmmədov rayonda sahibkarlardan küllü – miqdarda rüşvət almaqla rayonun mərkəzi yerlərini qarış-qarış satmaqdadır. Rayonda yerləşən binaların ətrafındakı torpaq sahələrini də satışa çıxaran icra başçısı, sadə vətəndaşların müraciətinə baxmır və problemlərin həllində laqeyd münasibət göstərir. Şahin Məmmədovun qanunsuz əməlləri ilə bağlı Realliq.TV – yə daxil olan faktların bir neçəsini araşdırdıq.
Xatırladaq ki, Şahin Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
2004-cü ildən bəri icra başçısı vəzifəsini daşıyan Şahin Məmmədovun Ağcəbədi rayonunda formalaşdırdığı narazılıq gündəmdən düşməyib. Rayon sakinləri Şahin Məmmədovun digər rayona – Masallıya icra başçısı təyin olunmasını bayram etmişdilər. Lakin, Masallı rayon sakinləri Şahin Məmmədovun təyinatının acısını indi daha çox yaşamaqdadırlar. Rayonda iş yerləri də Şahin müəllimin qohumları və yaxınları tərəfindən müxtəlif qanunsuz yollarla zəbt olunmaqdadır. DOST Mərkəzi ilə işbirliyi quran icra başçısı rayonun Mənzil Kommunal Təsərrüfat Birliyindəki ştatları “adı olub, özü olmayan” “işçilərlə” doldurub. İcra başçısının tapşırığı əsasında iş ştatına adları salınan şəxslər ayda bir dəfə əmək haqqlarını almaqla işlərini bitmiş hesab edirlər. Bu siyahıya məktəb direktorlarının həyat yoldaşları, icra hakimiyyəti əməkdaşlarının qohumları və s. daxildir.
Təsərrüfat Birliyində çalışan vətəndaş bildirir ki, icra başçısının tapşırığı ilə idarədə işə düzələnlər işə gəlmir və onlar ancaq maaş almaqla kifayətlənirlər: “Biz bütün günü ərazidə soyuqda işimizi görürük. Onlar isə maaş alır”. Məlumatlarda o da qeyd olunur ki, Mənzil Təsərrüfat Birliyində “adı olub, özü olmayan” işçilər Şahin Məmmədovu razı saldıqdan sonra işlə təmin olunur və bu statusu qazanırlar. Reallıq.tv – yə həmin vətəndaşların adları yazılsada, biz dəqiqləşdirdikdən sonra həmin siyahını təqdim edəcəyik.
Hazırda rayonda narazılıq artmaqdadır. İcra başçısı Şahin Məmmədovun özəl qaydaları və qanundankənar fəaliyyəti ölkə başçısının etimadını doğrultmamaqla yanaşı, rayonda etirazlara səbəb olub. Məmur özbaşınalığından qaynaqlanan problemlərin artması təbii ki, Masallıda Prezident Aparatına müraciətlərin çoxalmasını labüd edib. İcra başçısının isə rayon poçt şöbələrinə verdiyi tapşırıq yuxarılara olunan şikayətlərin qarşısını almaqdan ibarətdir. Şahin Məmmədovun Masallıda dillərə düşməkdə olan gizli eşq məcəraları isə qəzəb və ikrah doğurur. Bu barədə növbəti yazıda.
Masallıdan redaksiyamıza daxil olan müraciətlər hazırda araşdırılır. Rayona ezam olunan əməkdaşımız rayonda insanların müraciətlərinə icra başçısı tərəfindən göstərilən laqeyd münasibəti təsdiqləyib. Masallıya gələndən sonra bir neçə kəndə gedib görüşlər keçirən Şahin müəllim özünün təbliğatını qurmağa çalışır. Sosial şəbəkələrdə tez-tez görüşlərdə olduğu görüntüsü formalaşdırmağa çalışan icra başçısının bu saxtakarlığı da ifşa olunmaqdadır.
Araşdırmalarımız davam edir.