Facebook sosial şəbəkəsinin “Müştəriyəm, şikayətim var” qrupunda daxili bazarda qida təhlükəsizliyinin acınacaqlı vəziyyətini göstərən daha bir şikayət-paylaşma ilə rastlaşdıq. Paylaşmada diqqət çəkən əsas məsələ isə antisanitar və gigiyenik qaydalara əməl etməyən şirkət mənsubunun bunu adi hal kimi qəbul etməsi oldu.
Qeyd edək ki, Elşən Zakirli adlı sosial şəbəkə istifadəçisi marketdən aldığı “2-qat sərfəli” günəbaxan paketinin içindən tullantı çıxıb və vətəndaş bununla bağlı istehsalçı şirkətin nömrəsinə zəng edərək haqlı iradını bildirib. İstehsalçı şirkətdən isə bildiriblər ki, hazırda həmin günəbaxan tumlarının istehsal olunduğu sexdə təmir işləri gedir və buna görə paketin içindən tullantı çıxması normal haldır. Daha sonra şirkətin xanım təmsilçisi öz arqumentini daha da gücləndirmək üçün əlavə edib ki, indiki iş şəraitində onlara məxsus günəbaxan paketinin içindən nə desən çıxa bilər.
Müştəri bu məsələni ictimailəşdirəcəyini bildirən də isə xanım təmsilçi deyib ki, problem yoxdur, vətəndaşın ürəyi nə istəyirsə, onu da edə bilər. Yəni saymazlıq, müştəri məmnuniyyətinə, ölkənin qüvvədə olan müvafiq qanunvericiliyinə hörmətsizlik, bəlkə də harınlıq!
Açığı şirkət mənsubunun tənqidə bu qədər açıq olması adamda “heyranlıq” yaratdığı kimi, saymazyana, sayğısız hərəkəti də adamı heyrətə gətirir və əslində bu heyratamiz, sanitar normalara və istehlakçının hüquqlarına tüpürəcək qədər təhlükəli olan bu şirkətə qarşı deyiləcək bir şey də qalmır. Çünki bütün günah heç də həmin günəbaxan tumlarını istehsal edən şirkətdə deyil, onun istehsalına icazə verərən, bu cür hərəkətlərinə göz yuman dövlət qurumlarındadır. Yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində…
Qeyd edək ki, “2-qat sərfəli” günəbaxan tumları “Vəkiloğlu” MMC tərəfindən Tərtərdə istehsal olunur və şirkətin istehsal etdiyi maldan şikayətlər heç də ilk deyil. Əgər hörmətli oxucu özünə azacıq əziyyət verib Google axtarış sistemində bu şirkəti azacıq araşdırsa, onda görər ki, bu şirkət elə istehsala başladığı gündən “zibilin” içindədir.
Elə bizim də bu yazını yazmaqda əsas məqsədimiz odur ki, dövlət qurumları pandemiya dönəmində bu antisanitar və gigiyenik olmayan məhsulun istehsalına niyə göz yumurlar? Yəni bu qurumlar bütün paketin üstünə “20 qəpik” yapışdırıb adama gəl-gəl deyən bu məhsulu görmürlərmi? Media monitorinqi aparmırlarmı? Görmürlərsə niyə görmürlər, görürlərsə, niyə göz yumurlar? Görəsən, onları bu “görməzliyə” və “susqunluğa” vadar edən nədir?..
Digər tərəfdən, təmir olunan bir sexdə istehsal necə həyata keçirilir? Tərtər rayonunda əhalinin qida təhlükəsizliyindən məsuliyyətli olan dövlət qurumları buna necə imkan verirlər?
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Azərbaycanda bu şəkildə təhlükəli qidalar çox istehsal olunur və onların əksəriyyəti bir neçə dəfə bağlansalar da, yenidən başqa adla fəaliyyətə keçirlər. Və insanlarımız üçün təhlükəli olan bu qidaların ad və markalarını dəyişsələr də, elə eyni məkanlarda istehsal edilirlər ki, bunu da dövlət qurumları görməməzlikdən gəlirlər…
pia.az