Kriminal

“Şokda olub güllə atmışam” – Arvadını bölmədə öldürən polis

Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə
qətldə təqsirləndirilən İsmayıl Məmmədovun vəkili vəsatət qaldırıb. Bildirib ki, İsmayıl Məmmədovun istifadəsində olmuş telefon nömrəsindən gedən zənglər, SMS-lər çıxarılsın və məhkəməyə təqdim edilsin.
“Bu proses həyata keçirilərsə, qətlin hansı şəraitdə törədildiyi məlum olacaq. Həmin zəng və SMS-lər sübut edəcək ki, İsmayıl yoldaşını yox, özünü öldürmək istəyib”, – deyə vəkil bildirib.
Prokuror vəkilin vəsatətinə etiraz edib. Dövlət ittihamçısı bildirib ki, faktiki, ortada qətl hadisəsi var. Bunun üçün hansısa zəngin çıxarılmasına ehtiyac yoxdur. Dövlət ittihamçısı vəsatətin rədd edilməsini istəyib.
Prosesdə çıxış edən zərərçəkmiş tərəfin vəkili də vəsatətin rədd edilməsini istəyib.
“Biz əvvəldən deyirik ki, burada xuliqanlıq niyyətilə qəsdən adamöldürmə halı var. Elə SMS-in yazılmasını istisna etmirik. Amma bu, hadisənin mahiyyətini dəyişmir. Bu, qətlin törədilməsini əsaslandıra bilməz. Niyyətin nə vaxt yaranmasının fərqi yoxdur. Vəsatət təmin edilməsin”, – vəkil bildirib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə sualları cavablandıran təqsirləndirilən şəxs İsmayıl Məmmədov bildirib ki, hadisəni törədəndə özündə olmayıb: “Həmin vaxt mən şok keçirmişəm. Ekspertiza keçirilsə, bu, məlum olar ki, mən hadisəni bilərəkdən törətməmişəm. Şokda olub atmışam”.
Təqsirləndirilən şəxsin vəkili hadisə anı ilə bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı bildirib ki, hadisə anı ilə bağlı keçirilən ekspertizanın 11 səhifəlik rəyində şübhəli heç bir məqam ortaya çıxmayıb. Ona görə də vəsatət rədd edilsin.
Məhkəmə bu vəsatəti də rədd edib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir