Cəmiyyət

MİDA üçün ayrılan 100 milyonlarla büdcə pulunun qaranlıq taleyi – ARAŞDIRMA

2016-cı ilin dekabr ayının 24-də MİDA yaradılıb. Dövlət Başçısının “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1125 nömrəli Fərmanına əsasən yaradılan bu qurumun fəaliyyəti barədə hələ də cəmiyyətdə ciddi şübhələr var. MİDA bu günə qədər Yasamal, Hövsan, Yasamal 2, Gəncə, Sumqayıt, Hövsan-2 yaşayış komplekslərini inşa edib. Hazırda davam edən layihələr də var. Lakin MİDA-nın rəsmi internet saytında ən son hesabat 2020-ci ilə aiddir.

Bu günə qədər MİDA-ya dövlət büdcəsindən nə qədər vəsait ayrılıb? MİDA-nın tikinti tenderlərinin qalibləri kimlərdir? Hansı reytinq göstəricisi alan şirkətlər dövlət sifarişi ilə mənzil inşasına cəlb edilib? Bu suallara ümumi statistikadan kənar konkret cavab əldə etmək mümkün deyil.

İndilikdə hər kəsi düşündürəmn məqam odur ki, MİDA-nın bu gün keçirdiyi mənzil satışı müsabiqəsində 5 saniyəyə 442 mənzil necə satılıb?

“Hurriyyət” xəbər verir ki, müxtəlif haqlı və haqsız görünən iddialar var. Lakin bu günə qədər MİDA-nın mənzil satışı ilə bağlı daha çox haqlı iradlar səsləndirilir. Məsələn iki dəfə MİDA-nın mənzil satışı həyata keçirdiyi internet resursu sıradan çıxdığına görə mənzil alqı satqısı baş tutmadı. Və sonradan bəlli oldu ki, mənzillər satılıb.

Daha sonra İT mütəxəssisləri vasitəsilə maklerlik edənlər barədə iddialar dolaşmağa başladı və bu gün də sosial şəbəkələrdə həmin iddialar yayılb.

Söhbət əgər dövlət büdcəsi hesabına formalaşan bir qurumdan gedirsə, o zaman onun şəfafflığı və vəsaitlərin formalaşması və istifadəsinə də iradların bildirilməsi təbii hal kimi qəbul edilməlidir.

Qeyd edək ki, MİDA-nın vəsaitləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə formalaşır. Bu fərmanın 3.1. bəndində qeyd edilir ki, agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100,0 (yüz) milyon manat təşkil edir.

Bu vəsaitlər 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə artan xətlə davam edib. Maliyyə hesabatlarına dair auditin nəticələri barədə rəsmi xəbərlər isə ən yaxını 2020-ci ilə aiddir. Bu səbəbdən də hələlik hesab edək ki, MİDA hər il 100 milyon manat büdcə pulu ilə aztəminatlı ailələr üçün güzəştli şərtlərlə mənzil inşa etməlidir.

“Huriyyət” verilən rəsmi məlumata əsasən, 2020-ci ilin büdcə istifadəsinə dair Hesablama Palatasının açıqladığı məlumata görə həmin il MİDA üçün ayrılan 70 milyon manatın 50 milyonu istifadəsiz saxlanılıb. Həmin rəydə vəsaitin büdcəyə geri qaytarılmasından söhbət getmir. Sadəcə olaraq vəsaitlər MİDA-nın hesabında saxlanılıb.

Deməli növbəti illər üçün də bu quruma ayrılan vəsaitlər toplanaraq daha da artıb.

İndi isə ayrı-ayrılıqda açıqlanan mənzil satışlarına dair informasiyalara diqqət edək:

– 24/09/2020 – 224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

– 28/01/2021 – 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

– 21/04/2021 – Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı

– 01/07/2021 – Hövsan Yaşayış Kompleksində 307 güzəştli mənzilin seçimi uğurla başa çatdı.

– 18/10/2021 – 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

– 18/11/2021 – 143 ailə Sumqayıt şəhərində güzəştli mənzilə sahib oldu.

– 09/03/2022 – 184 ailə Gəncə Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu.

– 30/03/2022 – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin seçimi uğurla başa çatdı.

Yəni anladığımız o ki, 2020-ci ildən bu günə qədər MİDA vasitəsilə 2479 mənzil satılıb. Bu isə kifayət qədər böyük rəqəmdir. Məntiqlə yanaşsaq o zaman Bakı şəhərində MİDA vasitəsilə satılan güzəştli mənzillər hesabına evsizlik problemində ciddi irəliləyiş əldə etmək olardı. Lakin iddialara görə bu mənzilləri daha çox dəllalar alaraq ya kirayəyə verir, ya da baha qiymətə, lakin sərfəli şərtlərlə başqalarına satırlar. Adətən ikinci mənzil kimi istifadə edildiyindən MİDA-nın fəaliyyəti gənc ailələrin evsizlik probleminin həllində zərrə qədər də rol oynamır.

Bundan başqa vətəndaşların MİDA-nın müsabiqəsində iştirak etməsi üçün də xərci çıxır. Məsələn agentliyin rəsmi internet sistemində qeydiyyatdan keçmək başlıca şərtdir. Güzəştli mənzil əldə etmək istəyən vətəndaşdan xeyli sənəd tələb olunur. Müxtəlif növ elektron və real arayışlar hazırlanmalıdır. Bunlar üçün də faktiki olaraq dövlət rüsumları ödənilməlidir. Agentliyin sistemində mənzil növbəsinə dayanmaq üçün mütləq “Asan imza”nız olmalıdır. Bunun üçün də vətəndaş “Asan imza” almalıdır. Bu imza üçün də mobil opertarun nömrəsinə sahiblənmək tələb olunur. Bütün bunlar da konkret maliyyə vəsaiti tələb edir. Bu vəsaitləri xərcləyən vətəndaş sistemdə özünə kabinet yaradır və gözləyir. Hətta sistemdə kabineti olan vətəndaş belə bilmir ki, ona mənzil müsabiqəsində iştirak hüququ tanınacaq yoxsa yox.

Hansı ki, 100 minlərlə insan qeyd etdiyimiz arayış, imza və sair sənədləşmələrə vəsait xərcləyir. Ən azı güzəştli mənzil arzusunda olan bir orta statistik azərbaycanlı 100 manat vəsaitindən keçməlidir. Bəs o zaman mənzil ala bilməyən və ya bu hüquqdan məhrum qalan vətəndaşın həmin xərclədiyi vəsaitin taleyi necə olur?

Bütün hallarda MİDA-nın mənzil satışı ilə bağlı sisteminə dair ortada kifayət qədər şübhələr var. Və şəffaflıqla bağlı vətəndaşların kütləvi narazılıqlarına dövlətin maraqları naminə son qoymaq lazımdır.

“Hürriyyət”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir