Cəmiyyət

Elmlər Akademiyasının Dendrologiya İnstitutunda özbaşınalıq deyil, dərəbəylikdi – BU DA FAKT!!!

Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunda təkcə müxtəlif növ ağacların, gül kollarının və digər bir çox bitkilərin adından da göründüyü kimi elmi tədqiqatı aparılmır, pöhrələri yetişdirilmir. Burada həm də dövlət tərəfindən bir çox məqsədlər üçün ayrılan vəsaitlər sözün əsl mənasında müxtəlif yollarla talan edilir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda da Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyi açıq-aydın görsənməkdədir. Belə ki, İnstitutun Tender Komissiyası dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl etməyərək elan olunmuş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr haqqında məlumatları müvafiq qurumun rəsmi internet səhifəsində yerləşdirməyib. Bu isə prosedurlarda saxtakarlıq hallarına yol verilməsindən, habelə satın alınan malların (xidmətlərin), qiymətlərinin şişirdilməsindən və bu səbəbdən də gizlədilməsindən başqa bir şey deyil.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə maşın və avadanlıqlar, abadlaşdırma xidmətləri, istehlakyönlü müxtəlif xidmətləri, elmi tədqiqat xidmətləri, mühafizə xidməti, tikinti və avadanlıqların cari təmiri, dəftərxana və təsərrüfat, mətbəə məhsulları üzrə xərclər, suyun alınması, digər kommunal xidmətlər üzrə elan olunmuş 10 kotirovka sorğusunun nəticəsi barədə heç bir məlumat verilməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender və yaxud kotirovka sorğusu haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilməli və rəsmi internet saytında yerləşdirilməlidir. Həmçinin satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri, tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır.

Amma Dendrologiya İnstitutunun Tender Komissiyası qanun bütün bu kimi tələblərini gözardı edərək Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. Bu isə müqavilələrin bağlanması, ayrılan vəsaitlər barədə məlumatların bilərəkdən gizlədilməsindən başqa bir şey deyildir.

Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən satınalmalarda yol verilən saxtakarlıqları bu günlərdə keçirilmiş bir kotirovka sorğusu da tam təsdiqləyir. Belə ki, Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.

Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Satınalma prosedurunun başlanmasından 3 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bir şirkətlə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi İnstitut tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Denderologiya İnstitutunun Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş tender və kotirovka sorğularında ciddi qanun pozuntularına yol verilmiş, elan olunmuş kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bununla bağlı hələ 06.09.2021-ci il tarixdə Denderologiya İnstitutunun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qalmışdır. Qeyd etdiyimiz bu qanun pozuntularına da açıqlama gözləmirik. Çünki, satınalmalarda yol verilən saysız qanun pozuntuları onu göstərir ki, Milli Elmlər Akademiyasının Denderologiya İnstitutunda nəinki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu, hətta digər qanunlar belə işləmir. Yəni burada özbaşınalıq deyil, dərəbəylik hökm sürür.

Bütün bu kimi qanunsuzluqlara, bu kimi dərəbəyliyə İnstitutda kimlər rəvac verib və yaxud verir? Qeyd edək ki, İnstituta uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Məmmədov rəhbərlik edir. Milli Elmlər Akademiyasının İnstitutu adını daşımasına baxmayaraq professor Tofiq Məmmədov əslində buranı əsl şitil bazasına çevirib. İnstitutun Mərdəkan qəsəbəsində yerləşən dendroloji parkından il ərzində Abşeron yaradımasına və respublikanın ayrı-ayrı bölgələrinə müxtəlif növ qiymətli ağacların, gül kollarının yüz minlərlə pöhrələri satılır. Təbii ki, bunun qeydiyyatı necə aparılır, bu satışlardan əldə olan gəlirlər rəsmiləşdirilirmi və haralara sərf olunur heç kimə bəlli deyil. Əldə etdiyimiz məlumatlara görə professor Tofiq Məmmədov çox vaxt işə gəlmir, xarici səyahətlərdə olur. Onun bütün gizlin işlərinin başında isə İnstitutun ümumi işlər üzrə direktor müavini Rauf Əliyevin dayandığı bildirilir. Məlumatlara görə Rauf Əliyevin təkcə Mərdəkan, Şağan qəsəbələrində onlarla ting, pohrə satış məntəqələri mövcuddur. Başqa yerlərdəki satış məntəqələrinə də pöhrələr Rauf Əliyevin əli ilə çıxarılır. İnstitutun Baş direktoru Tofiq Məmmədov da təbii ki, bütün bunlara seyrçi qalmır, əksinə pay sahibi olduğu bildirilir.
Aktualinfo,org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir