Rusiya Ukrayna savaşı səbəbindən Azərbaycanda bir sıra ərzaq məhsullarının qıtlığı və nəticə etibarilə də bahalaşması gözləniləndir. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edilməyə başlayıb. Logistik və maliyyə əməliyyatları ilə bağlı olaraq konvertasiya problemləri yaşanmaqdadır. Bundan başqa Azərbaycanın ticarət dövriyyəsinə görə ilk onluqda yer alan ölkələrdən biri də Ukraynadır. İkraynada isə vəziyyət daha ağırdır. Ölkədə faktiki olaraq istehsal, logistik daşınma sorunları var. Bu səbəbdən də istənilən halda Azərbaycanın ərzaq məhsulları idxal etdiyi ölkələrdən Rusiya və Ukrayna ilə bağlı ciddi problemlər var. Dünən Rəsmi Kreml açıqlama verdi ki, bundan sonra dost olmayan ölkələrə ərzaq satışı həyata keçirilməyəcək. Düzdür Azərbaycanla Rusiya arasında hazırda ciddi nə siyasi, nə də iqtisadi aqressiya mövcud deyil. Lakin qeyd etdiyimiz kimi həm daşınma, həm də maliyyə əməliyyatları ilə bağlı olaraq problemlər qalmaqdadır.
“Huriyyət” olaraq dünəndən ölkədə şəkər tozunun bahalaşması ilə bağlı müzakirələr və məhz bu məhsulun qıtlaşması ilə bağlı araşdırma apardıq. Elə dünən Azərbaycanın ən böyük şəkər istehsalçısı olan “Azərsun” Holdinq açıqlama verdi ki, İmişli Şəkər Zavodunda istehsal edilən şəkər tozu ölkənin daxili təlabatını ödəməyə bəs edir. Hətta yayılan açıqlamada bildirilirdi ki, Azərbaycanda şəkər tozu ilə bağlı olaraq heç bir problem olmayacaq.
Lakin apardığımız araşdırmalar zamanı məlum olur ki, əslində Azərbaycan şəkər toxu və şəkər məmulatlarına olan təlabatı heç də yerli potensial hesabına foprmalaşdırıla bilməz.
İndi əsas məqam odur ki, 2022-ci ilin sonuna qədər Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub. Bu qadağa tətbiq edildiyi gündən etibarən Azərbaycan bazarına da təsir edəcəyi ilə bağlı müzakirələr aparılırdı. Və artıq bazarda şəkərin qiymətində artım müşahidə olunur.
“Hüriyyət” xəbər verir ki, bu ilin yanvar-fevral ayında Azərbaycana 29 milyon 28 min 61 ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığımız hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artıb.
Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,31%-ə bərabər olub. Yəni Azərbaycan xaricə demək olar ki, çox cüzi həcmdə şəkər tozu ixrac edib.
Hesabat dövründə ölkədən 6 min 305 ton şəkər ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 35,3% azdır. İxrac edilən məhsulun dəyəri 4 milyon 137 min 98 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 15,1% azdır.
Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,9%-ə bərabər olub.
Azərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 036 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 059 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 012 ton) payına düşür.
Bu ilin yanvar ayında isə ölkəyə adıçəkilən dövlətlərdən 206,4 ton şəkər gətirilib. Keçən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə Türkiyədən tədarük 90,4 % və ya 944 ton, Rusiyadan – 99,8 % və ya 412 ton, Ukraynadan – 80 % və ya 745 ton azalıb.
Azalma artıq sürətlə davam etməkdədir. Və məlum müharibə səbəbindən hər iki ölkədən şəkər tozu və şəkər məhsullarının idxalı demək olar ki, sıfır səviyyəyə yaxınlaşıb.
Statistik məlumatlara görə Azərbaycanın şəkər toxuna olan istehlak tələbi təxminən 250-300 min tondur.
Bəs Azərbaycanda nə qədər şəkər tozu istehsal eidlir ki, “Azərsun”dan verilən açıqlamada deyildiyi kimi daxili təlabatı ödəmək mümkün olur?
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2021-ci ilin yanvar-may aylarında ölkədə 5,1 min hektar sahədə şəkər çuğunduru əkilib. Ötən ilin 5 ayında isə bu rəqəm 4,9 min hektar olub. Beləliklə, əkin 4 faiz artıb. 2020-ci ildə 5 min hektar sahədə şəkər çuğunduru əkilib, sahələrdən 253,3 min ton (6,9 faiz çox) şəkər çuğunduru yığılıb. 2019-cu ildə isə bu rəqəm 237 min ton olub.
Şəkər çuğunduru kökümeyvələrinin tərkibində orta hesabla 16-20%-ə qədər şəkər olur. Deməli Azərbaycanda tədarük edilən yerli istehsaldakı 240 min tona yaxın şəkər çuğundurundan ən yaxşı halda 48 min ton şəkər əldə etmək mümkündür. Dövlət Statistika Komitəsinin verdiyi açıqlamadan da göründüyü ki, tədarük edilən şəkər çuğundurunun həcmi və əldə edilməsi mümkün olan şəkər tozunun həcmi ən yaxşı halda 50 min tona yaxınlaşmır. Bununla belə İmişli Şəkər Zavodundan verilən açıqlamada deylir ki, zavodun gündəlik şəkər istehsal gücü 200 tondur. Bu isə ay ərzində 6 min, il ərzində isə 72 min ton şəkər istehsalı deməkdir. O zaman sual olunur – “Azərsun” Holdinq xaricdən şəkər çuğunduru idxal edirmi? Əlbəttə bu istiqamətdə apardığımız araşdırmalar zamanı Dövlət Gömrük Komitəsinin idxalla bağlı hesabatlarında ölkəyə şəkər çuğunduru idxalına dair heç bir statistik məlumata rast gəlmədik.
Bundan başqa hətta iddia edildiyi kimi daxildə 72 min ton şəkər istehsal olunursa o zaman yerdə qalan istehlak tələbi nəyin hesabına formalaşdırılır? Dövlət gömrük komitəsindən verilən məlumatlara diqqət etdikdə biz Latın Amerikası ölkələrindən də hazır şəkər tozunun idxal edildiyinin şahidi oluruq. Braziliya, Argentina, Meksika kimi ölkələrdə şəkər qamışından istifadə edilməklə əldə olunan şəkər tozu idxal eidlir.
Deməli yerli istehsal hesabına daxili təlabatın ödənildiyinə dair iddialar yalandır. 250 min ton şəkər istehlak tələbinin hətta 72 min tonu yerli imkanlar hesabına qarşılanırsa belə, 178 min ton şəkər tozu məhz idxal hesabına ödənilir deməkdir. Bu isə 60 faizə qədər idxaldan asılılıq deməkdir.
İndi bütün dünyada ərzaq qiymətlərinin artacağına dair narahatlıqlar ifadə olunsa da Azərbaycanda faktiki olaraq pərakəndə satış nöqtələrində bahalaşmanı süni ajiotaj kimi təqdim edirlər. Məsələn BMT qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.
Dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon ton şəkər qamışının, 36-38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Deməli Azərbaycan Rusiya, Ukrayna ilə yanaşı Avropadakı şəkər istehsalçılarından belə idxal anlaşması əldə etsə yenə də bahalaşma qaçılmazdır.
Azərbaycanın ən çox şəkər çuğunduru aldığı Türkiyədə isə rəsmi olaraq şəkər tozunun qiyməti artırılıb. Türkiyə Şəkər Fabrikləri Birliyi – “Türkşəkər” martın 30-da şəkərin qiymətini 31 faiz yüksəltdiyini bəyan etdi. Türkşəkər ƏDV də daxil olmaqla 1 kiloqramı 5.96 lirədən satılan şəkərin qiymətini 7.80 lirəyə qədər artırdı. Hazırda 5 kiloqramlıq şəkər tozu rəsmi olaraq 45 lirədən 55 lirəyə qədər bahalaşıb.
“Hürriyyət” rəsmi statistikaya istinadən xəbər verir ki, Azərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 036 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 059 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 012 ton) payına düşür.
Əgər Rusiya buğda və şəkər tozunun ixracına qadağa qoyduğunu, eyni zamanda Türkiyədə rəsmi olaraq şəkərin bahalaşması qərarını da əlavə etsək o zaman Azərbaycanda şəkər tozunun bahalaşmasının davam edəcəyini indidən proqnozlaşdırmaq olar.
Faktiki Azərbaycanın şəkər tozu və şəkər məhsulları idxal etdiyi ölkələrdə problemlər var və qiymətlər yüksəlib. Eyni zamanda Latın Amerikası ölkələrində də, Avropa da gözlənilən ərzaq qıtlığı səbəbindən ixracatla bağlı qiymətlər yüksəlir və ya satışlar ertələnir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda da ərzaq məhsulları, o cümlədən söz etdiyimiz şəkər tozu və şəkər məhsullarının qiymətində artım gözləniləndir.
Hurriyyet.az