Cəmiyyət

MTN-də 8 milyon dolları alınan iş adamı generalın məhkəməsinə gəldi – FOTO

Gununsesi.info xəbər verir ki,1 aylıq fasilədən sonra, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonuncu prosesdə iş üzrə zərərçəkən İbrahim Zeynalovun oğlu İlqar Zeynalov ifadə vermişdi. O, atasının xəstə olduğunu, bu səbəbdən onun nümayəndəsitək prosesə qatıldığını açıqlamışdı. Bu gün, aprelin 5-nə təyin edilən prosesə isə İbrahim Zeynalov özü gəlib. İlqar Zeynalov jurnalistlərə bildirib ki, atası 3 ağrıkəsici iynə vurmaqla prosesə qatılmaq qərarı verib.

İbrahim Zeynalov səhhətindəki problemlərdən, xüsusən ayaqlarındakı ağrılardan əziyyət çəkir. O, məhkəmə binasının 2-ci mərtəbəsində yerləşən prosesin keçirildiyi zala bir neçə nəfərin köməkliyi ilə qaldırılıb.

Hazırda proses İbrahim Zeynalovun dindirilməsi ilə davam etdirilir.

Həbsinə qədər İbrahim Zeynalov Azərbaycanda tanınan, adlı-sanlı iş adamlarından olub. Yolu MTN zindanında girovluqdan keçən bir çox iş adamları kimi İbrahim Zeynalovun da həyatı alt-üst olub. Həbsinə qədər zavod, fabrik, sexlərin və bir çox varidatın sahibi olan İbrahim Zeynalov hazırda bəlkə də Allahın da unutduğu, yolu-izi itmiş Neftçalanın Kürkənd kəndində vaqonda yaşayır. Deyir ki, Eldar Mahmudovun bandası ilə üz-üzə gələndən sonra həyatı zəhərə dönüb. Övladlarını, həyat yoldaşını itirib.

İbrahim Zeynalovun “Yeni Müsavat” dediklərindən sitat: “2008-ci ilin 19 dekabrı idi. Evimə gəldilər, məni MTN-ə apardılar. Bir də oradan 7 ay 17 gün sonra çıxdım. Məni MTN-ə aparmazdan ay yarım əvvəl o zaman deputat olan Ziyad Səmədzadə ilə bir söhbətimiz olmuşdu. Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişdik, dostluq eləyirdik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Yadıma düşmüşkən, bunu da deyim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə, Ziyad istəmişdi deyə, o pulu vermişdim.

Bir müddət sonra gəldi, mənə kitabı və kitabın təqdimatına dəvətnaməni verdi. Sözün düzü, işim başımdan aşırdı, kitabın təqdimatına gedə bilmədim. Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim. Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyuna açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!”

İbrahim Zeynalov bildirmişdilər ki, onu MTN-ə aparandan sonra bir qadın üzünə dayanıb: “Həmin qadına dedirtdilər ki, guya mən ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Administrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Mənim bu vəzifəyə heç ehtiyacım yox idi. Oranı mənə sırf ayağa qaldırmaq, təsərrüfatı bərpa etmək üçün vermişdilər. İş adamı idim, zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam. Mövlam Şıxəliyev, Yasin Məmmədov o qadını mənim üzümə dayandırmışdılar. 7 ay 17 gün məni o şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyev məndən 10 milyon dollar pul istəyirdi. Yasin Məmmədov deyirdi ki, pulu verməsən səni “kars”a salacağıq. Heç o zaman “kars”ın nə olduğunu bilmirdim. Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Mən orada olanda Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm. Evimdə axtarış aparanda həmin o kitabı və kitabın təqdimatına dəvətnaməni də götürmüşdülər. Özlərini elə apardılar ki, guya heç bunu bilmirlər. Mən həbsdə olanda uşaqlarım zavodu da, həmin o xalça fabrikini də, sexləri də, evlərini də, maşınlarını da, qızıl-zinət əşyalarını da, bağlarını da, bir sözlə, nə var idisə, hamısını satıb pulunu yığıb Eldar Mahmudovun cinayətkar quldur dəstəsinin tələb etdikləri 10 milyondan 8 milyon dolları verdilər. Bunlar pulu alandan sonra bir həkim çağırdılar, o da yazdı ki, MTN-dən bu gün buraxılmasam, guya öləcəyəm. Beləcə, 2 avqust 2009-cu ildə məni azad etdilər. Amma yenə də əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Yasin torpağı 3 qadının adına keçirdi. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsədlə baxmışıq. Düz deyirdi. Biznesimdən əldə etdiym gəlirlərlə yaxşı maşınlar alıb sürürdüm. Məni MTN-ə aparanda maşınımı da aparmışdlar. Maşından Dubaydan 7 min dollara aldığım təsbehi, 888 nömrə nişanını da oğurlamışdılar. O zaman mənim bağ evim olanda, Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Oğlu da məni o zamandan tanıyırmış. Torpağı Yasinlə ölçüb-biçib öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturub badamdan sındırb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi. Mən həbsdən çıxandan sonra 1 evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram”.

MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Şıxəliyev vaxtilə nazirlikdə tabeliyində çalışmış daha üç nəfərlə – İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Bu işdə 36 nəfər zərərçəkmiş kimi tanınıb.

Hazırda proses davam edir.

Gununsesi.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir