Cəmiyyət Təhsil

Gəray bəyin UNİVERSİTETİ… – İLGİNC İDDİALAR…

Ümumiyyətlə, Azərbaycan Tibb Universitetinin əvvəldən imici yaxşı olmayıb.
Yəqin ki, çoxlarının yaxşı yadında olar, ATU-nun “dollar” ləqəbli rektoru Yaqub Məmmədov var idi.
Əlbəttə, bizim hörmətli Yaqub müəllimlə işimiz yoxdur.
Sadəcə, tarixə xırda bir ekskurs etdik.
Sözümüzün canı odur ki, rektorlar dəyişsə də, ATU-nun imici dəyişmir ki, dəyişmir…
Həqiqətən də əgər ATU savadlı kadrlar hazırlaya bilsəydi, bu gün qarnı ağrıyan imkanlı şəxslərimiz xaricə qaçmazdı.
Bəli, Azərbaycanın imkanlı şəxsləri ABŞ-a, Almaniyaya, az imkanlılar isə İrana, Türkiyəyə həkim dalınca qaçır.
Kasıb təbəqə isə qalır Gəray Gəraybəyli kimilərin ümidinə.
Söhbət ATU-nun rektoru Gəray Gəraybəylidən gedir.
Düzdür, dövlətimiz səhiyyənin inkişafı üçün kifayət qədər maliyyə vəsaiti ayırır, dövlət büdcəsi hesabına təzə xəstəxanalar tikilir, müasir tibbi avadanlıqlar alınır və s amma…
Əmması odur ki, sabiq səhiyyə nazirləri Əli İnsanovun, Oqtay Şirəliyevin dövründə savadlı tibb alimləri, həkimlər vəzifələrindən uzaqlaşdırılıb və üstəlik savadlı kadr korpusu sıradan çıxarılıb.
Yəni səhiyyəmizlə bağlı problem ciddi və təxirəsalınmazdır.
Bütün bu problemləri nəzərə alan cənab Prezidentimiz İlham Əliyev 2006-cı ildə Gəraybəyli Gəray Çingiz oğlunu Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin etdi.
Hamı düşünürdü ki, gənc professor olan Gəray Gəraybəyli qısa müddətdə ATU-da müsbət dönüş yaradacaq. Amma…
Əmması odur ki, təzə rektor olub-qalan təcrübəli alimləri də vəzifədən uzaqlaşdıraraq öz savadsız qohumlarını ATU-ya doldurdu.
Ən dəhşətlisi odur ki, gənc rektoru təhsilin səviyyəsi deyil, konkret qohum-əqrəbanı işlə təmin etmək maraqlandırırdı.
Ona görə də maliyyə, təchizat, mühasibatlıq məsələlərinə baxan şəxsləri vəzifəsindən uzaqlaşdırıb qohumlarını bu vəzifələrə təyin etdi ki, onun qara əməllərindən kənar adamların xəbəri olmasın.
Bəli, Gəraybəyli ilk öncə ATU-da təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə bacısının həyat yoldaşı Elçin Əlizadəni təyin edərək cari və əsaslı təmir adı altında dövlətin ayırdığı vəsaiti mənimsəməyə başladı.
Yəqin ATU-nun korpuslarını görənlər bilir ki, neçə ildir o binaların divarlarını qaşımaq, malalamaq, rəngləmək bitmək bilmir…
Bütün bunlar hamısı yüz minlərlə dövlət vəsaitinin silinməsi, daha doğrusu, mənimsənilməsidir…
Təsəvvür edirsiniz, rektor təyin olunandan 2 gün sonra ATU-nun baş mühasibi işdən çıxarılır və yerinə Gəraybəylinin dostu təyin edilir. Niyə..? Məqsəd nədir..?
Yəni qara mühasibatlıqdan heç kimin xəbəri olmasın.
Sonra ATU-nun nəzdində olan klinikaları özünün şəxsi obyekti kimi işlətməyə başladı.
Belə ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır.
Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun klinikalarında xəstələrə rəsmi mədaxil qəbzi deyil, saxta qəbzlər verilir…
Bütün bunları Hesablama Palatası aşkarlamışdı.
Bəli, Hesablama Palatası müəyyən etmişdi ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit yoxlaması zamanı ortaya ciddi faktlar çıxıb.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Sözün qısası, Hesablama Palatası gəldi-getdi, yazdı-pozdu, Milli Məclisə göndərdi. Amma ortada nəticə olmadı.
Yəni dairə qapandı.
Bizdən yazmaq, qalanı bizlik deyil və xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hörmətli Gəray Gəraybəyli, hansısa jurnalist dostlarına xahiş etməkdənsə redaksiyamızın nömrəsinə zəng vur, öz münasibətini bildir. Biz də dərc edək. //gundelik-baku.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir