Ermənistana qaçan Naxçıvan sakinindən 55 saatdır ki, xəbər yoxdur: – Ailəsi isə ölkə rəhbərliyinə müraciət etməkdən çəkinir
Artıq 54 saatdır ki, Naxçıvandan Ermənistana qaçdığı güman edilən Ordubad rayonu, Gilançay kənd sakini Vəli Əliyevi (ad şərtidir) tapmaq mümkün olmayıb. Zirveyolu.info xəbər verir ki, ovqat.com-a bu barədə məlumatı Naxçıvan MR DİN-dəki etibarlı mənbələr verib.
Mənbənin bildirdiyinə görə, “xan” rejiminin zülmündən Ermənistan tərəfə qaçmağa məcbur olan Vəli Əliyevin ailəsi yaxınlarının taleyindən nigarandırlar. Çünki 54-55 saat Naxçıvanın və ya Ermənistanın soyuq dağlarında ac-susuz qalmaq mümkün deyil. Ailə Vəlinin qurda-quşa yem ola biləcəyindən ehtiyatlanır. Onları ən çox qorxudan isə Vəlinin ermənilərin əlinə düşmə ehtimalıdır.
Yaxınlarının başına hansı müsibətlərin gəldiyini bilməyən ailə Azərbaycan rəhbərliyinə də müraciət etməkdən çəkinir. Nədən ki, Naxçıvan “xanlığının” yazılmamış qanunlarına görə, bu, ən böyük cinayətdir və onlar “vətənə xəyanət”lə suçlana bilərlər. Ümidləri hər yerdən kəsilən ailə gözlərini silsilə-silsilə uzanan soyuq dağlara dikib, Vəlinin nə zaman evə qayıdacağını gözləyir.
Acınacaqlıdır ki, Naxçıvan DİN-də Vəlinin itkin düşməsi aktlaşdırılmayıb və rəsmi axtarış elan olunmayıb. Bu da polis orqanlarının faktı ört-basdır etmək niyyəti ilə əlaqələndirilir. “Bəs sözügedən şəxs ölsə və ya Ermənistana tərəfə keçsə buna kim cavab verəcək?”, – deyə mənbəmiz bildirir ki, bu, ciddi peşə cinayətidir.
Mənbəmizin fikrincə, Vəlinin Naxçıvan şəhər 1 saylı Polis İdarəsi tərəfindən saxlanılması da heç bir qanuna uyğun deyil və nə yazıq ki, Muxtar Respublika polisi qanunlarla deyil, illərlə formalaşmış özünəməxsus qaydalarla idarə olunur. Belə ki, Gilançay kəndi Ordubad rayonunun yurisdiksiyasına daxildir və polis haqqında qanunvericiliyə əsasən, bu kənddə axtarış əməliyyat tədbirlərini yalnız həmin rayonun polis orqanları apara bilərlər. Vəli Əliyevin evində axtarışı isə Naxçıvan şəhər polisi aparıb və bu barədə Ordubaddakı həmkarlarını məlumatlandırmağa belə ehtiyac duymayıb. Nəticədə həmin xoşagəlməz hadisələr baş verib. Bunu növbəti qanunsuzluq hesab edən mənbəmizin fikrincə, Naxçıvanın polis orqanlarında adi hala çevrilən bu ənənə “məlumat oğurluğuna” gətirib çıxarır, polis orqanlarının işini pozur.
Vəli Əliyev hadisəsində Naxçıvan DİN-nin yol verdiyi digər qanunsuzluq sözügedən şəxsin evində axtarış aparmaq üçün heç bir rəsmi orderin olmamasıdır. Halbuki, ən ibtidai rejimlərdə belə, ya məhkəmənin, ya da prokurorluq orqanlarının razılığı olmadan bu cür axtarış əməliyyatları aparıla bilməz. Azərbaycan qanunvericiliyinə görə, bu razılığı məhkəmə orqanları verməlidir.
Bəs Naxçıvansayağı polis qaydaları hansı zərurətdən doğub? Niyə Muxtar Respublikada ən adi prosedur qaydalarına əməl olunmur?
Mənbəmiz bunu Naxçıvan hakimiyyətinin “0 cinayət” siyasəti ilə əlaqələndirir: “Vasif Talıbovun ağlının məhsulu olan bu siyasətə görə, Naxçıvanda hər hansı cinayət əməlinin qeydə alınması, onun “cahan-şümul” ədalət mücəssiməsi sayılan imicinə kölgə sala bilər. Harda Vasif Talıbovun izi varsa, o yer mütləq müqəddəslik qazanır və bəd əməllərdən qutsanır. Halbuki, peyğəmbərlərin idarə etdikləri dövlətlərdə belə cinayət hüququ vardı və dini qanunları pozanlar ən ağır cəzaya layiq görülürdülər. Görünür, özünü peyğəmbərlərdən də üstün tutan “xan” həzrətləri Naxçıvanda cinayət olma ehtimalını ağlına da gətirmək istəmir”.
Həmsöhbətimiz Vasif Talıbovun “sıfır cinayət” siyasətinin bu məntiqsiz arqumentini bəhanə hesab edir. Onun fikrincə, əsl səbəb cinayətləri gizlədib, qanunları pozanlardan rüşvət almaqdır: “Məhz bu səbəbdən də Naxçıvanda bir çox cinayətlər qeydə alınmır, canilər “xan”ın yazılmamış qanunlarına əsasən cəzalandırılırlar. Muxtar Respublikanın çiçəyi burnunda Daxili İşlər naziri Rəşad İsmayılov isə “xan”ın bu anlamsız tapşırıqlarından maksimum yararlanır. Nazirin vəzifəyə təyin olunmasından cəmi 3 ay keçməmiş Vəli Əliyev insidentinin ortaya çıxması da “sıfır cinayət” siyasətinin nəticəsidir. Məsələ burasındadır ki, ovçuluqla məşğul olan Vəlinin evində ov tüfənginin tapılmasından böyük həngamə çıxarmağa çalışan Rəşad İsmayılov ondan külli miqdarda pul istəmiş, hətta utanıb-qızarmadan öz qurbanına, yeni villa tikdirdiyini və pula ehtiyacı olduğunu bildirmişdi”.
Xatırladaq ki, 2 gün əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları Ordubad rayonu Gilançay kəndinin sakini Vəli Əliyevin evində axtarış aparıb, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 450 ədəd istifadəyə yararlı mərmi, 2 ədəd ov silahı, 2 ədəd kamuflaj geyimi, 3 ədəd ov üçün tələ və 60 kq ov əti (dağ keçisi) aşkar edilərək götürülüb. Bundan sonra vətəndaş Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilib və hadisə ilə bağlı 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev Naxçıvan MR Daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılova məruzə edib. Rəşad İsmayılov isə öz növbəsində şəxsin əməlində cinayət tərkibi olduğunu bildirib və vətəndaşı yalnız bir yolla bağışlana biləcəyini çatdırıb: külli miqdarda əfv pulu.
Vətəndaş Vəli Əliyevin isə nazirin bu pula hərisliyindən faydalanaraq polisləri aldadıb. Onlara evində 2 ədəd istifadəyə yararlı SVD snayperinin və 1 ədəd Kalaşnikov avtomatının olduğunu bildirib və sərbəst buraxılacağı təqdirdə həmin silahları da könüllü təhvil verəcəyini deyib. Məsələ yenidən nazir Rəşad İsmayılova məruzə edilib və Rəşad müəllim də buna razılıq verib.
Beləcə, dünən 05.04.2022 ci il tarixdə polis əməkdaşları Vəli Əliyevlə birlikdə onun evinə tərəf yola düşüblər. Vəli Əliyev yaşadığı kəndin girişinə çatanda yolun kənarındakı atı göstərərək polis əməkdşalarına bir ricada bulunub: “Atım bir neçə gündür orada bağlıdır. İcazə verin, ona su verim gedək”. Polis əməkdaşları isə buna razılıq veriblər. Atın yanına çatan Vəli Əliyev ata minərək Azərbaycan-Ermənistan sərhədinə doğru çapıb. Səhər saatlarından etibarən Naxçıvan Şəhər Polis İdarısinin, Ordubad Rayon Polis Şöbəsinin, Daxili Qoşunları Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əməkdaşları sərhəd boyu Vəli Əliyevi axtarıblar. Hətta axtarış tədbirlərində Naxçıvan MR daxili işlər naiziri Rəşad İsmayılov da iştirak edib. Amma nə atı, nə vətəndaşı gördüm deyən olmayıb.