Cəmiyyət

Səfirliyin məktəb üçün ayırdığı vəsait mənimsənilib – təqsirkar cəzasız qalıb

Yaponiyanın Azərbaycandakı səfirliyi Hacıqabul rayonunun Kürsülü kəndində məktəb binası tikmək istəsə də, yerli işbazların sayəsində niyyəti baş tutmayıb.

“Azadlıq” radiosunun yazdığına görə, həm səfirliyin pulu mənimsənilib, həm də mənimsəmədə ittiham olunan şəxs həbs edilməyib. Məktəbin tikintisi isə yarımçıq qalıb.

Səfirlik bu məqsədlə 1999-cu ildə yaradılmış “Sona” qadınlar təşkilatıyla qrant müqaviləsi bağlayıb.

Razılaşmaya görə, bina bir il ərzində tikilməliymiş. Səfirlik tikintiyə başlamaq üçün təşkilatın bank hesabına əvvəl 59 min 823 dollar, ikinci dəfə isə 25 min 639 dollar köçüb. Hacıqabul rayonu Atbulaq kənd bələdiyyəsi də Kürsülü kəndində orta məktəb binasının tikintisi üçün 0.8 hektar torpaq sahəsi ayırıb.

Araşdırmalar zamanı məlum olub ki, birliyin 62 yaşlı sədri Telli Məmmədova tikintiyə cəmi 25 min dollar xəcləyib.

Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanan Məmmədova vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf etsə də, özünü qismən təqsirli bilib.

Deyib ki, tikinti gedən dövrdə səhhətində problem yaranıb, xəstəxanada müalicə almalı olub. Bu üzdən də işlərə nəzarət edib tikintini başa çatdıra bilməyib.

O, pulun bir hissəsini müalicəsinə xərclədiyini desə də, ittihamda yazılan rəqəm qədər olmadığını bildirib.

Onu da deyib ki, alınmış inşaat materiallarının bir hissəsi oğurlanıb.

59 min 823 dollarlıq birinci köçürmədən sonra Məmmədova səfirliyə hesabat təqdim edib.

Hesabatda göstərilir ki, artıq 48 min 771 dollarlıq iş görülüb. Bundan sonra ikinci köçürmə olub. Amma məhkəmə-tikinti ekspertizası rəy verib ki, Kürsülü kəndində inşası başa çatmamış məktəb binasına təxminən 25 min 500 dollar pul xərclənib.

İnşaat işlərini həyata keçirmiş Vüqar Nəsirov ifadəsində deyib ki, məktəb tikintisində iş icraçısı olub.

Dediyinə görə, Telli Məmmədova ona bir neçə dəfəyə cəmi 25 min dollar pul verib: “O pulları da qəbzlə almışam. Təyinatı üzrə xərcləmişəm – tikintiyə sərf eləmişəm. Məktəbin bünövrəsi və dövrələmə divarının təxminən yarısı tikildi. Bir müddət sonra Telli yoxa çıxdı. Maliyyə çatışmazlığına görə də tikinti yarımçıq dayandırıldı…”.

Nəsirov əlavə edib ki, üstündən bir xeyli keçəndən sonra Məmmədova ilə danışıb.

O, xəstə olduğunu və məktəb tikintisi üçün ayrılan vəsaiti müalicəsinə xərclədiyini deyib.

Yaponiya səfirliyi cinayət işində zərərçəkmiş qismində tanınıb.

Səfirlik tikintinin dayandırıldığını görəndə Məmmədovanı axtarıb, amma onunla əlaqə saxlaya bilməyib. Bundan sonra Nazirlər Kabinetinə müraciət edib.

Əvvəlcə Telli Məmmədovaya CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma məhkəmə ittiham maddəsini dəyişib, çünki Məmmədova həmin dövrün məzənnəsinə uyğun olaraq, 45 min 788 manatlıq mənimsəmədə suçlanırdı.

2017-ci ildə cinayət qanunvericiliyinə dəyişiklik edilməmişdən öncə cinayət işlərində 7 min manatdan yuxarı məbləğlər külli miqdar sayılırdı. Amma dəyişiklikdən sonra artıq 50 min manatdan yuxarı külli miqdar sayılır. Belə olan halda, 48 min 788 manat artıq külli yox, xeyli miqdarda mənimsəmə hesab olunur.

Qanunda isə məbləğdən asılı olaraq, cəzalar da fərqlidir – xeyli miqdarda ziyan vurmaqla törədilən cinayətlərə görə cəza külli miqdarda olduğundan daha yüngüldür.

Təqsirləndirilənin vəziyyətini yüngülləşdirdiyi halda, qanunun geriyə qüvvəsi var.

Bakı Ağır Cinayətlər Məhkəməsi bunu əsas tutaraq ittiham maddəsini 179.3.2-dən 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4-ə (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) tövsif edib. Əvvəlki müddətdən fərqli olaraq, bu, ağır yox, az ağır cinayətlər kateqoriyasına aiddir.

Hakimlər cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirərək Məmmədovaya cəza təyin etməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir