Xəbər verdiyimiz kimi, Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb:
“Buna baxmayaraq, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb”.
Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparılıb:
“Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısında bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır. Ötən illərdə tərəfimizdən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb, avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə bilmişik. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməyimiz hazırki tariflərlə mümkün deyildir. Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub”.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə ötən il yanvarın 5-dən ölkəmizdə dizel yanacağının pərakəndə satış qiymətinin 33 faiz bahalaşaraq 1 litr üçün 60 qəpikdən 80 qəpiyə yüksəlməsi səbəbi ilə bir qrup sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şirkət rəhbərləri iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət etmişdi. Müraciətdə qeyd olunub ki, qiymət artımı xüsusilə ictimai nəqliyyat üzrə daşıyıcı şirkətləri ağır yük altında qoyub.
Bildirilib ki, qiymət artımı ilə bağlı qərar elan edilərkən ictimai nəqliyyatın vəziyyətinin ağırlaşmaması üçün dövlət tərəfindən kompensasiya mexanizminin hazırlanaraq tətbiq ediləcəyi bildirilsə də, geridə qalan 9 ay müddətində heç bir addım atılmayıb və daşıyıcı şirkətlərə dəstək verilməyib. Bundan başqa, pandemiya şəraitində şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi, həmçinin Bakı şəhərində ictimai nəqliyyatın 70 faizə qədərini təşkil edən bu şirkətlərin yanacağın bahalaşması səbəbindən daha da çətin vəziyyətlə üzləşdiyi bildirilib.
Qeyd edək ki, hökumət qiymət artımına görə həm nəqliyyat, həm də kənd təsərrüfatı sahəsi üzrə dəstək paketinin miqdarının artırılmasının planlaşdırılması ilə bağlı məlumat yaymışdı. Yəni bu sahələrdə qiymət artımının təsirinin neytrallaşması üçün kompensasiya ödənişi nəzərdə tutulmuşdu. Lakin sentyabr ayında nazirliyə müraciət edən sahibkarlar aradan keçən müddət ərzində hansısa rəsmi məlumatın açıqlanmadığını bildirmişdilər. Bir müddət sonra hökumət sahibkarlara dəstək göstərsə də, bu dəstəkdən bütün daşıyıcı şirkətlər yararlana bilməyib. Bu da daşıyıcı şirkətlərin işini bir az da çətinləşdirib. Nəticədə onlar çıxış yolunu gediş haqlarının artırılmasında görərək, hökumətə bununla bağlı müraciət ediblər.
Kompensasiya hansı şirkətlərə hansı şərtlərlə verilib?İndiki halda gediş haqlarının artması sahibkarları zərərdən xilas edə bilər, bəs əhali? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bütün daşıyıcı şirkətlər kompensasiyanın verilməsi üçün şərtləri ödəməyib:
“Kompensasiyanın verilməsi üçün müəyyən şərtlər vardı. Sistemdə onların gəliri, sürücülər barədə və digər məlumatlar hamısı göstərilməlidir. Bu qaydalara əməl edən az şirkət var. Bəziləri əmək müqaviləsi bağlamır, bir avtobusu bir gündə üç nəfər idarə edir, heç birinin bəzən sənədi, etibarnaməsi olmur. Şirkətlər həmin sənədləri təhvil verə bilmədikləri üçün dövlət tərəfindən maliyyə almayıblar. Bəzi şirkətlər tələbləri ödəyən sənədləri təqdim edib və alıb. Bakı şəhərində bu dəqiqə maksimum 4 nümunəvi daşıyıcı şirkət var. Bir hissəsi qismən normaldır. Əksəriyyəti isə köhnə avtobuslardır ki, onlara 20 qəpik də vermək olmur. Çünki 15 minlik tör-töküntü avtobusla işləmək hara, 150 minlik avroya,400 min manata başa gələn sıxılmış qazla işləyən avtobus hara. Təbii ki, baha qiymətə avtobus alan komfortlu xidmət göstərməyə maraqlıdır. Sürücülərin geyimi, rəsmi müqaviləsi, müayinədən keçməsi, qarajın olması və digər məsələlər vəsait tələb edir. Bu baxımdan sahibkarları qınamıram. Onların işinə bələdəm. Desəm ki, onlar yalan deyir, bu, ayıb olar. Sürücü kimi bilirəm ki, əvvəl servisdə yağ dəyişmə bir qiymət, indi digər qiymətədir, əvvəl təkəri bir qiymətə, indi başqa qiymətə alırıq. İctimai nəqliyyatda da vəziyyət eynidir”.
Ekspert gediş haqlarının artırılmasının əhalinin durumuna təsir göstərəcəyini bildirib: “Ona görə də dövlət tərəfndən hələ bu istiqamətdə addım atılmır. Yəqin ki, dövlətimiz sahibkarlarla ortaq məxrəcə gələcək. İstəməzdim əhaliyə, həmçinin sahibkarlara zərər dəysin”.