Təhsil sistemində xaos yaşanır. Bunu təhsilin bütün pillələrinə aid etmək olar.
Özbaşınalıq, mənəm-mənəmlik, mütləqi-hakimlik o həddə çatıb ki, haqq və hüququ pozulan müəllim, tələbə Təhsil Nazirliyinə, Prezident Administrasiyasına şikayət edəcəyini bildirdiyi təqdirdə də, buna əhimiyyət verən yoxdur.
Zirveyolu.info faktinfo.az saytına istinadla xəbər verir ki, mənəm-mənəmliyin, mütləqi-hakimliyin baş alıb getdiyi ali məktəblərindən biri də Azərbaycan Texniki Universitetidir (AzTU). Son illər bu universitetdə müəllimlərin hüququnun pozulduğunu və orada “islahat” adı altında yürüdülən siyasəti təhsil naziri Emin Əmurullayev də bilməmiş deyil. Bircə qalmışdı məzunun diplomunu verməmək, onu da gördük.
Belə ki, Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən Davudov Pərviz Rahim oğlu AzTU-dan diplomunu ala bilmir. O, 11.04.2022-ci il tarixinə kimi dəfələrlə AzTU-nun rektoru Vilayət Vəliyevin, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədovun, fakültə dekanının yanında olub, diplomunun nə səbəbə verilməməsi ilə maraqlanıb. Məlum olub ki, zamanla qarşılıqlı razılıq məktubuna əsasən, Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinə köçürülən Pərviz Davudovun adı sonradan Təhsil Nazirliyinə göndərilən tələbələrin siyahısına salınmayıb. Köçürülmə qanunidir, keçmiş təhsil naziri Ceyhun Bayramovun dövrünə təsadüf edib, nazirin də tələbə köçürməsinə dair mövcud məktubda imzası var. Yəni, burada qanunsuz heç nə yoxdur. Sadəcə AzTU-nun o zamankı rektor əvəzi Xalıq Yahudov və Tədris hissə şöbəsi müdirinin məsuliyyətsizliyi ucbatından universitetdən Təhsil Nazirliyinə göndərilən siyahıda Pərviz Davudovun adı və soyadı texniki səhv olaraq, qeyd edilməyib. Son bir il müddətində isə AzTU-nun hazırkı rəhbərliyi bu texniki səhvi aradan qaldıra bilmir. Sual olunar, bu tələbənin günahıdır?!
Məktubu tərtib edən və onu təhsil nazirliyinə təqdim etməli şəxs Pərviz Davudov idi ki, bu günə kimi onun diplomu verilmir?! Axı tələbə köçürməsinin qanuni olduğunu Təhsil Nazirliyi təsdiqləyirsə, məzuna da bitirdiyi universitetə müraciət etməli olduğu məsləhət bilinirsə, niyə rektor Vilayət Vəliyev, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədov məzuna universiteti bitirdiyinə dair arayış vermirlər ki, özünə iş tapan Pərviz Davudov bunu lazım olan yerə təqdim etsin?! Nədir bu ötür-ötür oyunu. Niyə vətəndaş yaşadığı məmləkətdə belə hallara görə narazı salınmalıdır?!
Vilayət Vəliyev necə rektordur ki, bir telefon zənginə bağlı olan məsələ uzanır, Pərviz Davudov təhsil nazirliyi ilə AzTU arasında get-gələ salınır. Yox, Pərviz Davudovun diplomu veriləsi deyildisə, onun adı diplom müdafiəsi edən tələbələrin siyahısına niyə salınırdı?! Hara baxırdı, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədov cənabları?! Eləcə də, Pərviz Davudov diplom müdafiəsini etmişdisə, diplom verilməli məzunların siyahısı 2021-ci ilin yayında Təhsil Nazirliyinə göndəriləndə onun adı yenə orada nədən olmayıb. Təkrarçılıqla bir tələbəyə dair iki dəfə texniki səhvə yol vermək şübhələnməyə əsas vermirmi ki, kimlərsə Pərviz Davudovdan nəsə təmənna edib, o da buna etinasız yanaşıb?
İndi necə qan ağlamasın daş bu gün ki, AzTU-dan Təhsil Nazirliyinə kimi uzanan haqsızlığa rəvac verənləri cəzalandıran yoxdur.
Mövzuya qayıdacağıq.