Cəmiyyət

Zaur Mikayılovun Goranboydakı kadrı da QANUNLARI TANIMIR… – ÖZBAŞINALIQ!

Goranboy rayon Suvarma Sistemləri İdarəsinin hazırki rəisi İlqar Məhərrəmov daha bir neçə özbaşınalığa qorxmadan imza atıb.

Zirveyolu.info xəbər verir ki, Demokratik.Az-ın əldə etdiyi məlumata görə, torpaqların əkib-becərilməsi üçün Göygölün baş cuvarlığından Goranboya atılan dımbılıboy su məmuru əvvəlki iş yerində kifayət qədər korrupsiyaya, lilə-palçığa batdığı bəs deyilmiş kimi, indi də Goranboydakı kreslosunda oturub öz katibəsinə qanunsuz maaş yazır.

Belə ki, hazırda ADAU-nun I kurs tələbəsi olan Əliyeva Günel Süleyman qızı əyani təhsil ala-ala adı Goranboy SSİ-də katibə ştatında saxlanılır. Hər il katibəsinə təmtəraqlı ad günləri təşkil edən İlqar Məhərrəmovun bu özbaşınalığı bilə-bilə etməsi, əmək qanunvericiliyinin tələblərinə tüpürməsi yalnız ikrah doğurur.

Demokratik.Az-a verilən məlumatda o da bildirilir ki, İlqar Məhərrəmov cari ilin yanvarında Göygöl rayon Çaylı kənd icra nümayəndəliyindən işdən öz ərizəsilə qovulan Səmədov Müşviq Qara oğluna da öz yanında sahə rəisi vəzifəsi verib. Məlumata görə, M.Səmədovun daşıdığı ali təhsil diplomu saxtadır və dövlət qulluğu vəzifəsindən də məhz bu səbəbə uzaqlaşdırılıb. Lakin, o nədənsə müvafiq cinayət işinə cəlb edilməyib, hazırda Göygöl İHB başçısı vəzifəsini icra edən Turani Əliyev icra nümayəndəsini “öz ərizəsilə” işdən uzaqlaşdırmaqla yetinib.
Demokratik.az olaraq xatırladaq ki, İlqar Məhərrəmov ötən illərdə meliorativ tədbir adı altında küllü miqdar dövlət vəsaitini Çaylı kəndində adı olub funksiyası olmayan yararsız nasos stansiyasının mövcudluğunu rəsmiləşdirməklə dağıtmışdı.
Eləcə də Dozular və Pənahlılar kəndlərinə aid pay torpaqlarını qazaraq vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla Çaylı kəndinə yeraltı borularla su çəkərək maxinasiyalar etmişdi. Mənbə bildirir ki, həmin maxinasiyanı da Çaylının sabiq icra nümayəndəsi “gizlətdiyi” üçün indi də İlqar Məhərrəmov Müşviq Səmədova jest edib.
İnanırıq ki, adı kifayət qədər qalmaqallarda və korrupsiya əməllərində hallanan Göranboy SSİ-nin rəisi İlqar Məhərrəmov barədə aidiyyatı hüquq mühafizə orqanları və ölkənin baş melioratoru ciddi tədbirlər görməyi düşünəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir