Naxçıvanda DYPİ sürücüləri tələyə salıb, cərimələmək üçün yeni üsuldan istifadə edir. Bir çox yerdə avtomobillərin hərəkətini tənzimləyən nişanlar yol kənarı lövhələrə yox, asfaltın üzərinə çəkilir. Bu isə, xüsusilə qış aylarında sürücülərin işini çətinləşdirir. Qar, yağış və palçığın yerdəki işarələrin üzərini örtməsi, sürücülərin bilmədən qaydaları pozmasına səbəb olur. Bu işarələrin yaxınlığında quraşdırılan təhlükəsizlik kameraları isə pozuntuları qeydə alır, daha sonra sürücülər yüksək məbləğdə cərimələnir. Zirveyolu.info xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a sürücülərin özləri məlumat verib.
15 illik sürücülük təcrübəsi olan Naxçıvan şəhər sakini Cavid Heydərov deyir ki, eyni səbəbdən bu yaxınlarda o da cərimə olunub:
“Dünyanın heç bir yerində bu cür hala rast gəlmək mümkün deyil. Hər yerdə nişanlar yol kənarında quraşdırılmış dirəklərdəki lövhələrə yazılır. Həmin dirəklər də aydın şəkildə görülə biləcək yerlərə vurulur. Naxçıvanda isə DYP əməkdaşları sürücüləri cərimələmək üçün belə bir hiylə icad ediblər. Təsəvvür edin ki, magistral yolda sürətlə hərəkət edirsən. Sürücü istəsə də yerə çəkilən işarəni zamanında görə bilməz. Bu mümkün də deyil. Bu halda mütləq qayda pozulacaq. Mən yol hərəkəti qaydalarını çox yaxşı bilirəm. Buna baxmayaraq, bir neçə dəfə mən də tələyə düşmüşəm. Ya asfaltdakı nişanın üzərini qar örtür, ya palçıq, ya da sadəcə boya pozulmuş olur. Son dəfə qar yağan gün cərimələnmişəm. Yerdəki nişanın üzəri qarla örtülübsə, mən onu necə görə bilərəm. Bunu polislərə sübut edə bilmədim. Əsassız yerə 90 manat cərimə elədilər”.
Başqa bir şikayətçi İlyas Abdullayev deyir ki, yerə çəkilən yol nişanları sürücülərin diqqətini də yayındırır:
“Məcbursan ki, cərimələnməmək üçün bütün diqqətini yönəldəsən yerə çəkilən yol nişanlarına. Bu isə sürücünün ətraf aləmdən diqqətini yayındırır. Nəticədə daha çox qəza vəziyyətinin yaranmasına və ya qəzaların baş verməsinə səbəb olur. Başqa ölkələrdə də yerə işarələr çəkilir. Ancaq, bu əsas yox, köməkçi işarələrdir. Əsas işarə isə yol kənarındakı lövhələrə vurulur. Naxçıvanda bu üsuldan istifadə etməklə həm sürücüləri daha çox cərimələyir, həm də bu nişanları çəkmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait talayırlar. Keyfiyyətsiz rəngləri, işçi qüvvəsini baha qiymətə sənədləşdirib mənimsəyirlər. Asfalta keyfiyyətsiz rənglə çəkilən yol nişanları sıradan tez çıxır. Demək olar ki, ildə bir neçə dəfə yol nişanını təzələmək üçün büdcədən vəsait silinir”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYPİ-nin müavini Musa Quliyevlə əlaqə saxladıq. O, bu haqda danışmaqdan imtina edərək, telefonunu söndürdü.