“Nevroz, radukulit, qıcolmalar, ürək xəstəliyi… Sadaladığım bu bir neçə xəstəlikdən əziyyət çəkirəm. Əlilliyimi ləğv ediblər, aylıq gəlirim 283 manat, dərmanlarıma görə aylıq xərcim ondan çoxdur. Nə müayinələrə, nə müalicələrə pul tapıram. İllərdir ki, dərmanlarımı borc-xərclə alıram. Borcun içində üzürəm”. Zirveyolu.info xəbər verir ki, bunu Meydan TV-yə Lerikin Bradi kənd sakini Qədir Qurbanov deyir.
Qədir Qurbanova bir çox xəstəliyinə görə 10 il əvvəl 3-cü qrup əlillik təyin olunub. Keçən ilin fevralında əlilliyi ləğv edilib, o, bununla 110 manat əlillik pensiyasından da məhrum olub.
“Dərmanlara görə 5 min manatadək borclanmışam”
Qədir Qurbanov deyir, 3 il əvvəl sosial işlə təmin olunduğundan hazırda 283 manat maaş alır. Ancaq bu maaş nə dərmanlarına, nə dolanışığına, nə də qəzalı vəziyyətdə olan evini bərpa etməyə yetir:
“Ailədə beş nəfərik, üç azyaşlı balam var, elə gün olur onlara çörək də tapa bilmirəm. Acınacaqlı vəziyyətdə yaşayırıq. Ac-susuz, xəstələnəndə dərmanlarını ala bilmədiyim, onun-bunun uşağının yamaqlı, nimdaş geyimində böyüyən uşaqlarımdan ikisi gələcəyin əsgəridir. Özüm illərdir ki, xəstəliklərdən əziyyət çəkirəm. Dərmanlara, müalicələrə görə illərdir ki, borc-xərc edirəm, 5 min manatadək borcun içindəyəm. Dərmanların aylıq xərci azı 150 manat tutur, hələ mən ciddi müayinələrə, müalicələrə baş qoşmuram, bir kurs müalicəyə azı 600-700 manat tələb olunur. 283 manatı dərmana verim, uşağın çörəyinə verim, kommunala, başqa ehtiyaclara ödəyim – hansını edim, bilmirəm…”
Qəzalı evə iki dəfə baxış keçirilsə də…
Qədir Qurbanovun evi 10 ildir ki, qəzalı vəziyyətdədir. O, ötən illər ərzində dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini, ancaq müraciətlərinin nəticəsiz qaldığını deyir:
“Nazirliyin regional idarəsindən iki dəfə gəlib evə baxış keçirdilər, şəkillər çəkdilər, dedilər ki, kömək olunacaq, ancaq olunmadı. İcra hakimiyyəti bir az material verdi, ancaq bu evin təmir-bərpası üçün yetərli olmadı. Aldığım maaş dediyim kimi, nə yeməyə çatır, nə dərmanlarıma… Yayda qurbağaların, ilanların qorxusu canımıza hopur. Su yox, yanacaq yox… Üç azyaşlı balam yağış başlarına yağa-yağa böyüyür. Nəmişlikdən, şəraitsizlikdən hər cür xəstəlik keçiriblər”.
Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumdan Qədir Qurbanova həm dolanışığı, həm də evinin təmiri üçün dəfələrlə yardım olunub.
“Əlillik təyin etmək üçün adamı soyub talayırlar”
Lerik Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Tibbi-Sosial Ekspertiza Komissiyası əlavə müalicəyə ehtiyacı olması səbəbindən Qədir Qurbanova əlillik təyin etməyib:
“Qədir Qurbanov ötən 5 il ərzində stasionar müalicələr almayıb, prosedurları keçməyib, bu səbəbdən də Komissiya imtina cavabı verib”.
Qədir Qurbanovsa deyir, ötən beş il ərzində Azərbaycanda dəfələrlə ambulator müalicələrdə, İranın Ərdəbil şəhərində isə stasionar müalicədə olub:
“Hər üç aydan bir müalicədəyəm. Bəs bu qədər borcu o müalicələrə görə yığmamışammı başıma? Bir aylıq iynə-dərmana azı 150-200 manat xərcləyirəm. Bir müalicənin kursu 500-600 manata başa gəlir, adını icbari tibbi sığorta qoyublar, yaxınlaşırsan, deyirlər, o paketə daxil deyil, bu paketə daxil deyil… Hər şeyi öz cibindən etməli olursan. Bunlar bir əlillik təyin etmək üçün xəstəni müalicə adıyla xəstəxana qapılarında süründürürlər, soyub-talayırlar, sonra da telefonuna “əlillik təyin olunmasından imtina edildi” kimi bir cümləlik ismarıc yazıb göndərirlər”.