Cəmiyyət

Tarix olan Minsk Qrupu və ya ATƏT-dən “xalq diplomatiyası”na yardım gözləntisi – İNCƏLƏMƏ…

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ATƏT-in Minsk Qrupunun taleyindən danışarkən bildirib ki, artıq həmsədrlik institutu faktiki olaraq mövcud deyil. Prezident xatırladıb ki, həmsədrlər İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakıya gəliblər: “Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur”.

“Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk Qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində – son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz həmsədrlərlə müxtəlif beynəlxalq tədbirlərdə görüşüb və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”, İ.Əliyev Bakının Minsk Qrupu ilə bağlı mövqeyini yeniləyib.

Bununla yanaşı, Azərbaycan lideri hesab edir ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər: “Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”.

Beləliklə, rəsmi Bakı ATƏT-ə “xalq diplomatiyası” ilə məşğul olmaq çağırışı etmiş oldu. Yəni ki, ATƏT Minsk Qrupu formatında siyasi deyil, bir beynəlxalq təşkilat olaraq bundan sonrakı sülh prosesində humanitar məsələlərdə yardımçı ola bilər. Azərbaycanın tanınmış ictimai şərxləri də hesab edirlər ki, hazırkı mərhələdə Azərbaycan və erməni vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərinin təşkili, təmasları sülhə töhfə verə bilər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin və “Press Klub”un rəhbəri Arif Əliyev AYNA-ya deyib ki, Minsk Qrupunun əvvəllər öhdəsində olan funksiyanı yerinə yetirə bilməməsi, bundan sonra da hansısa formada fəaliyyət göstərməsinin mümkün olmayacağı hər kəsə aydındır və həmsədrlik institutu demək olar ki, yoxdur.

Onun sözlərinə görə, hətta Rusiya da XİN başçısı səviyyəsində bildirib ki, həmsədrlərdən ikisi – ABŞ və Fransa Moskva ilə birlikdə işləməyə razı deyil: “Məsələ belədir ki, Azərbaycan razı olsa da, həmsədrləri bir yerə yığmaq mümkün deyil. Onların birlikdə nəsə etməsinə ehtiyac da qalmayıb. ATƏT-in özünün isə sülhyaratma missiyasında iştirakı məncə, istənilən halda qaçılmazdır. ATƏT olmasın Avropa İttifaqı olsun, Avropa İttifaqı olmasın Avropa Şurası olsun, bu beynəlxalq təşkilatlar sülhyaratma prosesində iştirak etməlidirlər və edəcəklər. Onların başlıca məqsədi sülhün yaranmasına yardım etmək, bunu sürətləndirmək, müxtəlif təbəqələr arasında əlaqələrin qurulmasına, informasiya mübadiləsinin bərpasına töhfə vermək olmalıdır. Bu baxımdan, Prezident Əliyevin qeydini təbii qəbul edirəm”.

“Hansı konfliktə baxsanız görərsiniz ki, hamısında hərbi faza bitəndən sonra danışıqların getdiyi, sülh müqaviləsinin hazırlanması mərhələlərində bu təşkilatların rolu böyük olub. Amma bir məsələni nəzərə almaq lazımdır ki, təşkilatlar sadəcə yardımçı rolunu oynayacaqlar. Prosesi bütövlükdə özümüz – Azərbaycan və Ermənistanın dövlət orqanları, vətəndaş cəmiyyətlərinin təmasları ilə irəli aparmalıyıq”, – deyə A.Əliyev vurğulayıb.

“Yəni ki, sülhyaratma mərhələsində də öncüllüyü beynəlxalq təşkilatlara həvalə edib kənara çəkilmək olmaz. Çünki onlar bizim özümüz qədər yerli spesifikamızı bilmirlər. Eyni zamanda, beynəlxalq təşkilatların özlərinin az da olsa, öz maraqları olur. Bu amillər əlbəttə, prosesə maneə yaradan hallardır. Biz bunu əvvəlki mərhələlərdə görmüşük”, – “Press Klub” rəhbəri əlavə edib.

A.Əliyev belə bir prosesdə şəxsən iştirak etməyə hazıdır: “Düşünürəm ki, bu prosesdə mənim də xeyli köməyim dəyə bilər. Çünki bu istiqamətdə uzun illik fəaliyyətim və təcrübəm var. Xüsusilə də, Azərbaycan və Ermənistan media orqanları arasında əlaqələrin yaradılması, real informasiya mübadiləsinin təmin olunması sahəsində. Əlbəttə, belə bir mərhələdə hansısa proqram, partnyorlar maraqlı olarsa, biz bu sahədə öz töhfəmizi verməyə hazır olacağıq”.

Müsahibimiz onu da qeyd edib ki, hazırda nə biz ermənilərə inanırıq, nə də onlar bizə inanırlar: “Arada 30 illik qan-qada var. Arada o qədər aldatmalar, şübhələr var ki, bu, qarşılıqlı inamsızlığı formalaşdırıb. Amma inam, zəmanət öz-özünə yaranmır, yaradılır. Bunun üçün əmək sərf edilməlidir, təcrübələr üzərində işlənilməlidir. Əlbəttə, bunu əvvəl-axır yaratmalı olacağıq. Əgər sülhün əldə olunmasını istəyiriksə, bizim yolumuz gec-tez buradan keçəcək”.

“Bu, uzun və ağrılı proses olacaq. Cəmiyyətlər arasında inamı yaratmaq bir ilin, beş ilin məsələsi deyil. Həmişə hansısa problemlər qalacaq. Amma biz bu təcrübə nəticəsində problemləri dinc, ağıllı yolla, təmiz vicdanla bir-bir həll edəcəyik, bir-birimizə güllə atmaqla yox”, – A.Əliyev fikrini tamamlayıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə özünün də iştirakı ilə belə bir prosesin başladığını qeyd edib.

Agentlik direktoru bildirib ki, erməni vətəndaş cəmiyyətinin nümayəndələri ilə iki görüşdə iştirak edib: “Görüşlər Avropa Birliyinin dəstəyi ilə “LINKS Europe” tərəfindən təşkil edilir. “LINKS Europe” 25 ildir ki, belə tədbirlərlə məşğuldur, böyük təcrübələri var. İkinci Qarabağ müharibəsindən sonra təşkilat belə bir təşəbbüslə çıxış etdi. Biz tərəfdən də, erməni tərəfdən də bu, qəbul olundu – rəsmi və qeyri-rəsmi səviyyədə. Birinci görüş ötən il sentyabrın axırlarında Gürcüstanda, ikinci görüş isə bu yaxınlarda Brüsseldə baş tutdu. Hansı ki, həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşdülər. Belə görüşlərin davamı olacaq. Əslində belə təmaslara ehtiyac var. Hesab edirəm ki, bu prosesə, yəni ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoquna dövlətlər də dəstək verməlidir”.

“Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sülh prosesinə töhfə verəcək. İndiki vəziyyət də, bunu tələb edir. Vəziyyət bizim xeyirimizədir. Torpaqlar işğaldan azad olunub, sülh sazişinə doğru addımlar atılır. Bizə daha çox sərf edir ki, sülhlə bağlı daha aktiv işləyək”, – Əliyev vurğulayıb.

M.Əliyev qeyd edib ki, bu prosesə hər iki tərəfdən istək və ehtiyac olmalıdır: “Məncə, hər iki amil mövcuddur. Beynəlxalq təşkilatlar maraqlıdırlar ki, rəsmi səviyyədəki danışıqlarla yanaşı, vətəndaş cəmiyyətləri arasında da dialoq olsun. Əlbəttə, ATƏT də buna öz dəstəyini göstərməlidir və yəqin ki, göstərəcək. ATƏT-in bu prosesə qoşulması qaçılmaz olacaq. Lakin indiki vəziyyətdə ictimai sülhyaratma missiyasına dəstək verməsi sual altındadır. çünki Rusiya-Ukrayna müharibəsi gedir, qarışıqlıq var. Geopolitik vəziyyətə uyğun addım atacaqlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir