Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin əhalinin istilik tariflərinin artırılmasına razı olmasına dair səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Birmənalı qarşılanmayan fikirlərində qurum rəsmisi bildirib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub.
Onun sözlərinə görə, xarici ekspertlər də tariflərin artırılmasını təklif etsə də, qurum başqa yol seçib: “Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik”.
Qafqazinfo.az qurumun keçirdiyi sorğunun detalları, onun nə vaxt və kimlər arasında keçirilməsi ilə bağlı ASC-yə müraciət edib. “Azəristiliktəchizat”dan İlham Mirzəliyevin bəhs etdiyi monitorinqlərlə bağlı açıqlama verilməsə də, bu çıxışın düzgün təqdim edilmədiyi deyilib:
Həmçinin oxuyun: “Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali razıdır”
“Bildiririk ki, istilik tarifləri “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxildir və onun dəyişdirilməsi Tatif (qiymət) Şurasının səlahiyyətlərinə aiddir.
15 aprel 2022-ci ildə “Azəristiliktəchizat” ASC-də 2021-2022-ci illər payız qış mövsümünün sona çatması ilə bağlı keçirilən mətbuat konfransında istilik tariflərinin maya dəyərindən bir neçə dəfə aşağı olmasına baxmayaraq, onun sosial yönümlüyü nəzərə alınaraq artırılmasının gündəmdə olmadığı və bununla bağlı heç bir müraciətin edilmədiyi birmənalı olaraq bildirilib və bütün KİV-də aydın şəkildə açıqlanıb.
“Azəristiliktəchizat” ASC tərəfindən istifadə edilən təbii qazın dəyərinin tam ödənilməsinin təmin edilməsi üçün təbii olaraq müxtəlif rəy və təkliflər müzakirə edilir, təhlillər aparılır. Lakin son nəticədə bu məqsədlə ilk növbədə xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması, həmçinin enerjisəmərəliliyi və izafi istilik itkilərinə yol verilməməsi əsas prioritet kimi müəyyən edilib”.
Məlumat üçün bildiririk, hazırda “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.