Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Elvar Əliyevin epizodu üzrə şahid qismində Elman Əhmədov ifadə verib.
O bildirib ki, “Sədərək” bazarında sahibkarlıqla məşğul olub və həbsini Çingiz Ağayev sifariş edib: “Mənim heç bir cinayətim yox idi. Özləri də bunu gözəl bilirdilər. Sadəcə Elvar Əliyevə mal verdiyim üçün Çingiz Ağayevin qəzəbinə tuş gəlmişdim. Elvar Əliyev Çingiz Ağayevlə işləməkdən imtina edəndən sonra o, məndən mal istədi. Mən də Elvara mal verirdim.
Çingiz Ağayev xəbər göndərdi ki, Elvarla işləmə, yoxsa sənin üçün pis olacaq. Mən də dedim ki, mən malımı satıram, kiminsə sifarişini icra eləmirəm. Bundan sonra Çingiz Ağayev Elvarın da, mənim də, Elvara mal verən dostlarımızın da həbsini Mövlam Şıxəliyevə sifariş etdi, bizi həbs etdirdi. Heç bir cinayətim olmadan məni 3 ay MTN-də qanunsuz olaraq saxladılar.
Həmin müddətdə qardaşım oğlu Hünərdən azad edilməyim üçün Mövlam Şıxəliyev qohumu Siracın vasitəsi ilə, hədə-qorxu ilə əvvəlcə 100 min manat, sonradan isə 60 min manat pul aldılar. Mən bu haqda azadlığa çıxandan sonra bildim”.
Elman Əhmədovun sözlərinə görə, təxminən 10 gün sonra müstəntiq Fuad ona zəng edib və yenidən MTN-ə çağırıb: “Xidməti otağında bir nəfər də vardı. Əynindəki geyimindən bildim ki, prokurorluq işçisidir. Onun yanında Fuad mənə azadlığa çıxmağım üçün ödədiyim məbləği açıqlamağımı istədi. Mən də dedim ki, qardaşım oğlu mənim azadlığa çıxmağım üçün 160 min manat verib. Bu söhbətdən belə anladım ki, Baş Prokurorluqla MTN arasında məndən alınan pulun bölgüsünə görə mübahisə yaranıb.
Bunlar da məni çağıraraq prokurorluq işçisinin yanında pulun məbləğini soruşur, özlərini təmizə çıxarırlar. Rəqəmi dəqiqləşdirəndən sonra Fuad dedi ki, gedə bilərsən. Həbsdə ikən mən müstəntiq Fuadın otağında dəfələrlə olmuşdum. Orada Elvarı görmüşdüm. Onun səhhəti çox pis idi. Məni azad edəndən sonra Fuadla danışdım, Elvarın da girovluqdan azad edilməsini istədim. O da dedi ki, bu məsələni Mövlam Şıxəliyevlə razılaşdırmalıdır.
Bir müddət sonra Fuad mənimlə əlaqə saxladı, dedi ki, 80 min manat verin, Elvarı azad etsinlər. Belə də oldu. Pulu verdim, Elvarı azad etdilər”.
Elman Əhmədovun sözlərinə görə, onlarla bərabər dostları – Hacı Seyranı, Natiqi və Etibarı da azad ediblər: “Hacı Seyrandan 100 min manat, Natiqdən 250 min manat, Etibardan 209 min manat alıblar. O vaxt bizi həbs edərkən bazarda fəhlə işləyən Balaşirini də tutmuşdular. Bizim pulumuzu alaraq girovluqdan azad edəndə Balaşirinin pulu olmadı. Buna görə də Balaşirini MTN-də 6 ay heç bir əsas olmadan girov saxladılar. Sonda gördülər ki, fəhlədir, pulu yoxdur, məcbur olub azad etdilər. Məhkəmədə də qaçaqmalçılığı ölkəyə yararsız mal gətirilmə maddəsinə tövsif edib, bizi saxta hökmlə cərimələdilər”.
Şahidə dövlət ittihamçısı və hakim müstəntiq Fuad Alməmmədovun otağında prokurorluq işçisi ilə dialoq haqda dəqiqləşdirici suallar veriblər.
Dövlət ittihamçısı əli ilə öz mundirini göstərərək şahidə “həmin şəxsin geyimi belə idi” sualını verib. Elman Əhmədov geyimlərin eyni olduğunu təsdiqləyib. Hakim isə şahiddən bir neçə dəfə ifadəsinin dogrulugunu soruşub.
Elman Əhmədov isə bildirib ki, MTN-də, müstəntiq Fuad Alməmmədovun kabinetində baş verənləri olduğu kimi deyib.
Daha sonra zərərçəkmiş şəxs, Mərkəzi Univermaqda zərgərliklə məşğul olan Rauf Həsənov ifadə verib. Lakin Rauf Həsənov sərbəst ifadə verməyə imkan tapmayıb.
Təqsirləndirilən Yasin Məmmədov Rauf Həsənova danışmağa imkan verməyib. Tərəflər arasında söz atışması başlayıb. Rauf Həsənov Yasin Məmmədova “sən deyildin məndən pul alandan sonra zəng edərək deyən ki, bəs pulun üstündən 200 dollar çatmır? İndi niyə meymunluq edirsən?”, deyə bildirib.
Bu zaman məhkəmədə mübahisə daha da qızışıb. Hakim zərərçəkən Rauf Həsənovu məhkəmə zalından çıxmasını istəyib. Belə olan halda zərərçəkən dindirilmədən, ifadəsi elan edilmədən yola salınıb.
Bundan sonra digər zərərçəkən Qulam Bağırov sərbəst ifadə verib. O, bildirib ki, 2008-ci ildə tanışı Günay adlı xanıma Nigeriya vətəndaşları saxta səyahət çekləri veriblər: “Bununla əlaqədar MTN-in İlqar adlı əməkdaşı mənə zəng edərək görüşdü. Həmin görüşdə İlqar çeklərlə bağlı suallar verdi, bütün çekləri təhvil aldı. Bir müddət sonra MTN-in Səbail rayon şöbəsində məndən izahat alındı. Daha sonra isə həmin material MTN-dən Səbail rayon Polis İdarəsinə göndərildi. Orada əvvəlcə cinayət işi başlansa da, 26 fevral 2009-cu ildə xitam olundu”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin ilin oktyabrında mobil telefonuna zəng edən şəxs özünü MTN-in mühüm işlər üzrə baş müstəntiqi Sahib Ələkbərov kimi təqdim edib: “Mənim həftənin bazar ertəsi saat 11.00-da nazirliyə gəlməyini tapşırdı. Lakin çağırılma səbəbi barədə məlumat vermədi. Deyilən vaxt ora getdim. Sahib Ələkbərovun otağına aparıldım. Otağa daxil olan kimi Sahib Ələkbərov mənə çalışdığım “Azərtunel tikinti” ASC-nin maliyyə dövriyyəsi ilə bağlı suallar verdi. Mən isə suallara heç bir cavab vermədim.
Sahib Ələkbərov hədə-qorxu gələrək Səbail rayon Polis İdarəsində xitam verilmiş qərarın ləğv olunacağını, mənim həbs edəcəyimi bildirdi. Məndən 200 min manat tələb etdi. Sahibə dedim ki, evimdə 5 min manat var, təklif elədim ki, o pulu verim. Sahib əsəbiləşərək “bura polis bölməsi deyil, bunu mənə təklif edirsən” dedi.
Bundan sonra Sahib yenidən məni öz iş otağına çağıraraq “sən bizim nəzarətimizdəsən, gördüyün bütün işlərdən xəbərimiz var, səni həbs etməməyim üçün deyilən pulu gətir çatdır” dedi. Sahibə heç bir qanunsuzluq etmədiyimi və hərəkətlərimə MTN tərəfindən nəzarət olunmasına inanmadığımı dedim. Sahib Ələkbərov otağında olan şkafdan üzərində adım yazılmış CD formatlı diski çıxardı, kompüterə daxil etdi. Telefonla apardığım danışıqlara dair səs yazılarımı dinlətdi. Başa düşdüm ki, həqiqətən də MTN tərəfindən nəzarətdəyəm”.
Ətraflı
Ads by
2
Reklamınızı SmartBee ilə effektiv edin.
Qulam Bağırovun sözlərinə görə, bundan sonra yenə Sahib Ələkbərov onu MTN-ə çağırıb: “Mənə dedi ki, sənə 1 həftə vaxt verirəm, get 200 min manat pulu gətir, yoxsa həbs olunacaqsan. Pulum olmadığını dedim. Sahib bildirdi ki, yalan danışma, “Azərtunel tikinti” ASC-nin müdir müavini işləyirsən, sənin külli miqdarda pulun var, gətir, bizə 200 min manat pul ver. Lakin Sahibə birmənalı surətdə həmin məbləğdə pulu verə bilməyəcəyimi bəyan etdim”.
Zərərçəkən bildirib ki, o zaman “Azərtunel tikinti” ASC-nin İran İslam Respublikası üzrə filial müdiri olub: “İranda həyata keçiriləcək layihə ilə bağlı 14 noyabr 2009-cu ildə, səhər 11 radələrində Astara şəhərinə yola düşdüm. Orada məni MTN əməkdaşları saxladı, Bakıya, MTN-ə gətirdilər. Həmin gün MTN-in İstintaq İdarəsinin rəis müavini Sahib Ələkbərov tərəfindən şübhəli şəxs qismində tutuldum.
16 noyabr 2009-cu ildə Səbail rayon Məhkəməsi tərəfindən barəmdə həbs qəti-imkan tədbiri seçildi. Tutulduğum zaman Sahib Ələkbərov bir daha mənə “gətirə bilirsənsə, şərait yaradım, telefonla zəng et, evindən 200 min manat pul gətirsinlər, səni buraxım” dedi. Sahibə bir daha həmin məbləğdə pulumun olmadığını söylədim.
Sahib Ələkbərov məndən qardaşım Sərdar Bağırovun telefon nömrəsini aldı, əlaqə saxladı. Həbsdə olduğum müddətdə bir neçə dəfə məni otağına gətizdirdi, “qardaşınla mütəmadi görüşürəm, pulun böyük bir hissəsi düzəlib, sənin yanına həkim göndərəcəm, ona deyərsən ki, mütəmadi başın ağrıyır, gözlərin qaralır, ürəyin gedir” dedi. Sahib Ələkbərov qardaşımın hansı məbləğdə pul hazırladığını bildirmədi.
Həbsdən çıxmamışdan təxminən 1 gün əvvəl saxlanıldığım kameraya bir nəfər həkim gəldi, mənə səhhətimlə bağlı suallar verdi. Həkimə Sahib Ələkbərovun dediyi kimi başımın ağrıdığını, gözlərimin qaraldığını və ürək getmələrimin olduğunu bildirdim. Əslində isə heç bir xəstəlikdən əziyyət çəkmirdim. Ertəsi gün Sahib məni öz otağına gətizdirdi, məhkəmə-tibbi ekspertizasının rəyini aldığını və axşam məni həbsdən azad ediləcəyini bildirdi. Bəzi sənədləri imzalatdırdı, barəmdə seçilmiş həbs qətimkan tədbirini dəyişdirdi, başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçdi. Həmin gün axşam həbsdən azad olundum”.
Qulam Bağırovun sözlərinə görə, bundan sonra həbsdə olduğu vaxt Sahib Ələkbərov qardaşım Sərdarla əlaqə saxlayıb və həbsdən azad edilməyi üçün 200 min manat pul tələb etdiyini öyrənib. Qeyd edib ki, Sərdar həmin məbləğdə pulun olmadığını deyib, Sahib Ələkbərov məbləği 135 min dollara endirib. Sərdar onun azad edilməyi üçün 135 min dolları Sahib Ələkbərovun özünə verib:
“Sahib Ələkbərov Sərdara barəmdə olan cinayət işinə xitam verəcəyini vəd vermişdi. Həbsdən çıxandan sonra bildim ki, ailəm borca düşüb, maşınım, evim, ailəmin qızılları satılıb. Faizə pullar götürülüb. Faizə alınan pulları qaytara bilmədiyimizə görə qardaşım Sərdar sonradan həbsə alındı, 3 il 8 ay həbsdə qaldı. Anam dünyasını dəyişdi. Mən həbsdən azad edildikdən sonra MTN-ə getdim, Sahib Ələkbərovla görüşdüm. Ondan barəmdəki qondarma cinayət işinə xitam verilməsini tələb etdim. Səs-küy düşdü. Sahib də dedi ki, verilən məbləğ azdır, həmin məbləğə cinayət işinə xitam vermək olmaz. Dedim ki, pulu qaytar, məni həbs elə. Sahib Ələkbərov da and içdi ki, bəs səndən aldığım pulun “loşadiniy dozasını” – 80 min dolları rəhbərliyə, yəni idarə rəisi Mövlama vermişəm. 20 min dolları mənim əziyyət pulumdur, 10 min dolları ekspertə vermişəm, narahat olma məhkəmə bizlikdir, sənə şərti cəza veriləcək.
Sahib dedi ki, buna görə də pulun qaytarılması mümkün deyil. Bizim səsimizə Təhsin Ağayev gəldi. Məni çölə çıxartmaqla sakitləşdirməyə çalışdı. Dedi ki, camaat bura 1 milyon dollar verir, səsi çıxmır. 100 min pul vermisən, səsin buraları götürüb. İki əsgər çağırıb məni MTN binasından çölə çıxardı. Bir müddət sonra barəmdə olan qondarma cinayət işini başqa bir işə qoşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada da hakim dedi ki, məhkəməyə gəlmə, çünki əsas iş 1 il davam edəcək. Sənin bu işə aidiyyətin yoxdur. Hökm oxunanda səni çağıracağıq.
Belə də oldu. Zəng eləyib çağırdılar. Məhkəməyə getdim. Hakim mənə bir hökm verdi, dedi ki, mənə 8 il şərti cəza təyin olunub. Məhkəmədə iştirak etmədən barəmdə belə bir qondarma hökm çıxarılıb”.
Qulam Bağırov ifadəsini bitirəndən sonra qardaşı Sərdar Bağırov şahid qismində ifadə verib.
Növbəti proses mayın 10-da davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var. //teleqraf.com//