Cəmiyyət

“Azərsun”un anbarında baş verən yanğın nələrə səbəb olacaq? – AKTUAL

Xəbər verildiyi kimi, dünən axşam saatlarında “Azərsun Holdinq”in Sumqayıt şəhərində yerləşən ərzaq anbarında güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyi bununla bağlı məlumat yayıb.

Həmin məlumata görə, görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın bu gün səhər saat 08:24-də söndürülüb.

Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək. Çünki əmlak və məhsuallar sığortalı olub. Bunu Modern.az-a açıqlamasında Şirkətin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova bildirib.

Şirkət rəsmisi deyib ki, hazırda dəyən ziyan hesablanır: “Hesablanma yekunlaşdıqdan sonra ödəniş həyata keçiriləcək”.

Qeyd edək ki, sözügedən anbar ölkədə önəmli ərzaq ehtiyatına sahib olan mərkəz kimi xarakterizə olunur. Bəzi iddialara görə, həmin anbarda üç aylıq mal və məhsul ehtiyatı olub. Bundan başqa, “Azərsun”un sözügedən anbarı rayonların zəruri ərzaq məhsullarına olan təlabatının böyük qismini ödəyirmiş.

Ekspertlər qeyd edirlər ki, baş vermiş yanğından sonra ölkədə bəzi ərzaq mallarının qiymətində bahalaşma ilə yanaşı, qıtlığın ola bilmə ehtimalı da var. Belə ki, “Azərsun” ölkədə ərzaq malları üzrə əsas inhisarçılardan biri hesab olunur və mövcud bazarın 50 faizə qədərinə nəzarət etdiyi deyilir. Baş verən yanğında əgər 3 aylıq ehtiyat olması məlumatı təsdiqlənərsə, o zaman durumun ciddi olacağına şübhə qalmır.

Bildirək ki, yanğının konkret olaraq hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Rəsmi qurumlar da dəqiq fikir bildirmirlər. İstintaq isə məsələni araşdırır. Lakin sosial şəbəkələrdə hadisənin təxribat olduğu və bunun Rusiya tərəfindən törədildiyi iddia olunur. Bu fikirdə olanların əsas arqumenti isə budur ki, məhz sözügedən anbardan Ukraynaya humanitar yardım göndərilib. Buna qarşılıq olaraq da, Rusiya Azərbaycanı cəzalandırmaq üçün ölkənin ən iri ərzaq anbarını yandırıb. //jamaz.info//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir