Səbail rayonu Əhməd Cavad küçəsi 15 ünvanında yerləşən “Nanny.az” dayə şirkəti vətəndaşları aldadıb pulunu mənimsəyərək dələduzluq edir.
Zirveyolu.info xəbər verir ki, bu barədə Axar.az-a Bakı sakini Azad Əfəndiyevin şikayətində bildirilib.
Vətəndaş deyib ki, həyat yoldaşı aprelin 19-da 1 yaş 9 aylıq körpələrinə dayə axtarmaq məqsədilə sözügedən şirkətə müraciət edib:
“Müraciətimiz telefon vasitəsilə baş tutdu. Özünü şirkətin rəhbəri kimi təqdim edən Xana adlı şəxslə danışdıq. Təcili şəkildə tələbimizə uyğun dayə axtardığımızı dedik. Bizə bildirildi ki, müqavilədən əvvəl 400 manat xidmət haqqı ödəməliyik. Ödənişdən sonra e-mail ünvanımıza müqavilə göndəriləcəyi, bundan sonra dayə axtarışlarına başlanılacağı deyildi. Şirkətin rəhbəri ilə danışdığım zaman ona axtardığımız dayə ilə bağlı şərtlərimizi söyləmişdik. Tələb etdikləri qaydada proses baş tutdu. Müqavilə ilə tanış olduqdan sonra birtərəfli və ədalətsiz tərtib olunduğunu gördük. Bizsə artıq pulu ödəmişdik. Şirkət bunu bilərəkdən etmişdi. Günün sonuna doğru namizəd olaraq 3 dayənin CV-sini göndərdilər. Heç biri tələblərimizə uyğun deyildi. Növbəti gün də eyni hal yaşandı. Şirkət hələ də bizə uyğun namizədi təqdim etməmişdi”.
A.Əfəndiyevin sözlərinə görə, növbəti günlərdə əlaqə saxladıqları dayələr yüksək əmək haqqı tələb ediblər:
“Artıq başa düşdük ki, bu şirkət istənilən müraciət edən adamı dayə adı altında qeydiyyata alır və məsuliyyətdən boyun qaçırır. Şirkət ilk ödənişi mənimsəmək üçün bu oyunları çıxarır. Dayə xidməti üçün müraciət edənlərin hansı şəkildə psixoloji testdən keçirilməsi bela sual altındadır. 23 apreldə son “təcrübəli dayə“ CV-si mənə göndərildi. Xanımla əlaqə saxladıqda heç vaxt dayə işləmədiyi və “Nanny.az”da ev təmizliyi üçün qeydiyyatdan keçdiyi məlum oldu. Şirkətə iradlarımızı bildirdikdə isə e-mail vasitəsilə göndərilən cavab belə oldu: “Biz dayələrin şəxsi keyfiyyətləri haqqında məsuliyyət daşımırıq, axtarışların nəticəsinin müsbət və ya mənfi olmasından asılı olmayaraq ödədiyiniz məbləğ geri qaytarılmayacaq“. Şirkət birmənalı şəkildə dələduzluqla məşğuldur, istehlakçıların haqlarını kobud şəkildə pozur”.
“Nanny.az”ın nümayəndəsi Arifə Səlimova isə saytımıza bildirib ki, vətəndaşlardan alınan 400 manat dayə axtarışında göstərilən ilkin xidmətə görədir:
“Bu səbəbdən ödənişi geri qaytara bilmirik. Lakin bunun müqabilində müqavilə ilə bağlı alternativ təkliflər veririk. Şirkətin öz prinsip və qaydaları var. Bunlar barəsində vətəndaşa göndərilən müqavilədə də qeyd olunur. Vətəndaş razı deyildisə, müqaviləni təsdiqləməyə bilərdi. Bazamızda 45 min dayə var. Onların psixoloji vəziyyəti barədə məlumatlı olmamağımız da normaldır. Valideynlə dayə arasında razılıq əldə olunduqdan sonra dayənin kliniki müayinəsini edib bu barədə məlumatı valideynə göndəririk. Sözügedən vətəndaşa 1 həftə ərzində dayə lazım idi. Operativ olaraq müqavilədəki şərtlərdən daha artıq xidmət göstərməyə çalışmışıq”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Nanny.az”la bağlı quruma çoxsaylı şikayətlər daxil olduğunu deyib:
“Məlum olub ki, şirkətin tələsi əvvəlcədən vətəndaşlardan pul almaqdır. Dayənin xidmətə gedib-getməməsi onlar üçün maraqlı deyil. Vətəndaşın şikayətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişik. Bu, xidmət sahəsində istehlakçı hüququnun pozulmasıdır. Məsələ aidiyyəti üzrə öz həllini tapmalıdır”.