Cəmiyyət

“4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır” – GİLEY

“Ötən il dekabrın 25-də Xətai rayonu, Bakıxanov qəsəbəsi Aşıq Alı, 9 ünvanında yerləşən mənzilimin təmiri üçün “Bakhtiyarov Group İnşaat” MMC-yə 13 min 700 manat ödəniş etmişəm. Ödəniş müqavilə əsasında edilib və mənə qəbz də veriblər. Lakin 4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır”. DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Züleyxa Muradova müraciət edib.

Onun sözlərinə görə, 52.56 kv metrlik mənzilinin dizayn, təmir-tikinti və mebellə təminatı üçün 15 min manat ödəniş razılaşdırılıb. Evin dekorativ boya ilə boyanması isə müştəriyə hədiyyə olunub: “Müqavilədən 1-1,5 ay keçmişdi, gördüm mənzildə iş getmir. Necə boş divarlar idisə, elə də qalıb. Şirkətə bu barədə bildirəndə mənə məsləhət gördülər ki, mənzilə getməyim, təmir bitəndən sonra özləri xəbər edəcəklər. Mən başladım onlara zəng etməyə, onlar isə artıq telefonlarıma cavab vermirdilər. İki ay keçmişdi, belə olanda bildirdim ki, ya təmiri bitirsinlər, ya da pulumuzu qaytarsnlar. Lakin nə pul qayıtdı, nə də təmir olundu. 3 ay yarımdan sonra gedib mənzilin videogörüntüsünü çəkdim və həmin video əsasında Xətai Rayon Prokurorluğuna müraciət etdim. Ödədiyimiz 7500 manat təmir haqqının 50 faizi, digər 7 min isə mebelin qiyməti idi. Mebeldən imtina olundu və onlar o pulu da təmirə keçirdilər. Nəticədə biz şirkətə 1300 manat borclu qalacaqdıq. Lakin zəng edirik, bu gün-sabah pulu qaytaracaqlarını bildirirlər”.

Şirkətlə bağlı daha bir şikayətçi Vüqar Cəfərovdur. O da 5 aydır ki, mənzilinin təmir olunmadığını deyir. Şikayətçinin sözlərinə görə, 157 kv metrlik mənzilin təmiri üçün sözügedən şirkətlə müqavilə imzalanıb. Nəticədə 43 960 manat məbləğində sifariş qiymətinin 50 faizini – 22 min manatını ödəyiblər. Şikayətçi iddia edir ki, müqavilə 2021-ci ilin noyabr ayında imzalanıb və bu ilin fevralın 15-dək mənzil təmir olunaraq təhvil verilməli olsa da, şirkət nə mənzili təmir edir, nə də pulu qaytarır.

Problemlə bağlı “Bakhtiyarov Group İnşaat” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru Həsən Bəxtiyarov “Qafqazinfo”ya hər iki şikayətçi ilə bağlı problem yarandığını təsdiqlədi. Onun sözlərinə görə, müştəri Z. Muradova ilə problem onun iş gedən prosesdə təmir işini saxlatmaq istəməsi ilə bağlı yaranıb: “Biz gedib santexnika materialları aldıq, 4000 manat ödəniş elədilər. Amma 2 gündən sonra “Sədərəy”ə gedib hansısa materialı 3-5 manat aşağı qiymətə görüblər. Ondan sonra həmin materialları qaytarmaq istədiklərini dedilər. Problem yaşamamaq üçün pulu geri qaytardılar. Bizə tam pul ödəməyiblər, sırf təmir üçün 7500 manat pul veriblər. Təxminən 40-50 faiz üstündən gedib. Ödənən pulun 6000 AZN-i isə mebelə görə ödədikləridir. Biz mebel sifariş verdik, mebel hazırlandı, ay yarım keçəndən sonra bildirdilər ki, mebeli geri qaytarmaq istəyirlər, başqa yerdən mebel sifariş eləyiblər və bu ödənişi təmirin üzərinə yazaq. Sonra isə dedilər ki, biz təmiri də istəmirik, işi saxlayın. Yerdə qalan materialları da qaytardıq. Mebellə bağlı elədiyimiz sifarişin pulunu bizə qaytarsınlar, biz də onlara qaytaracağıq. Bunu polisdə izahat yazaraq da bildirmişəm. Yəni evdə işi özləri dayandırıblar”.

Vüqar Cəfərovun şikayətinə gəlincə isə H. Bəxtiyarov bildirib ki, onun mənzilinə ödəniş alınandan sonra 8000 AZN-lik material verilib: “İş gedən zaman sifarişçi dedi ki, elektrik materialları səhv gəlib, onları dəyişsinlər. Özü də dedi ki, tələsmir, nə vaxt olsa, material gələndə dəyişərsiz. Lakin bir müddətdən sonra V. Cəfərov bildirdi ki, o, təmiri istəmir. Şirkətin büdcəsində bir az maddi sıxıntı yaranmışdı, biz ona bunu izah elədik, dedik ki, 5-10 gün səbirli olsun, iş başlayacaq. Lakin razı olmadı”.

H. Bəxtiyarov bildirib ki, şikayətçilərin hər birinin ödənişi yaxın zamanda geri qayıdacaq: “Biz bu iki şikayətçinin ödənişini geri qaytarıb şirkəti bağlamağa qərar verdik. Hazırda şirkətin müflis olunması ilə bağlı müraciət olunub və iş gedir. Yaxın vaxtda hər ikisinin ödənişi geri qayıdacaq”.

"4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır"
"4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır"
"4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır"
"4 aydır ki, nə mənzilim təmir olunur, nə də şirkət pulumu qaytarır"

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir